EN

Bellamili Uels ilk dəfə uduzdu - İCMAL

Domeniko Tedesko qovulandan sonra Rudi Qarsiyanın “sükanı arxasına” keçdiyi Belçika yığması seçmə turnirə heç-heçə ilə başladı.

"Football-plus.az" xəbər verir ki, Şimali Makedoniya ilə səfər oyununda bəxt uzun müddət “qırmızı iblislər”in üzünə güldü.

Birincisi, Lukakunun zərbəsindən sonra müdafiəçidən səkən top De Keyperin ayağına düşdü ki, o da hesabı açdı. İkincisi, Elmasın 2-ci hissədə vurduğu qol zamanı top yolüstü yüngülcə İlievskinin ayağına dəydiyinə görə VAR ofsayd qeydə aldı. Nəhayət, makedoniyalıların liderlərindən biri Alioski Elmasın dirəydən dönən topunu boş qapıya sala bilmədi. Ancaq sona az qalmış Çurlinovun rəqib cərimə meydançasına növbəti ötürməsi zamanı Alioski havada olan topa möhtəşəm zərbə vurdu. Son dəqiqə qolları artıq balkanlıların “tanınma nişanı”na çevrilib. Onlar martda Uelslə oyunda da məğlubiyyətdən məhz belə xilas olmuşdu (1:1).

Elə həmin Uels 3-cü turda Lixtenşteynin müqavimətini uzun müddət qıra bilmədi. Nəhayət, 40-cı dəqiqədə - çoxsaylı künc zərbələrinin birində iki rəqibin əhatəsində olan nəhəng Roden heç tullanmadan topa dəqiq zərbə vurdu. 2-ci hissədə isə Uilsonla Murun qolları aşkar autsayderi təslim olmağa məcbur etdi.

4-cü turun oyunlarına gəlincə, Qazaxıstan ilk yarıda Makedoniyadan üstün idi və hesabı aça bilərdi. Kenjebek, Çesnokov, Samorodov fəallığı ilə seçilirdi. Oyunun belə axarı fonunda Traykovskinin 33-cü dəqiqədə vurduğu qol meydan sahibləri üçün “soyuq duş” təsiri bağışladı. Qrupun favoritləri – Belçika və Uels ilə oyunlarda məğlubiyyətdən qaçan (ikisində də 1:1) Makedoniya imkanlardan maksimum yararlanmaq bacarığını bir daha göstərdi. Əli Əliyevin komandasının 2-ci hissədə, sadəcə, bəxti gətirmədi. Alipin təhlükəli zərbəsinin qarşısını qapıçı aldı, Samorodov tiri, 16 yaşlı Satpayev dirəyi “nişan aldı”. Beləcə Qazaxıstan xalsız qaldı, Makedoniya isə liderliyi ələ keçirdi.

Uelsin zirvəyə dönməsinə Belçika imkan verməfi. Makedoniya ilə oyunda inamsız görünən “qırmızı iblislər” “əjdahalar”a Kreyq Bellami dönəmində ilk məğlubiyyəti yaşatdı. Belçikalılar ilk 27 dəqiqədə üç qol vurandan sonra heç kimin bu oyunun taleyi ilə bağlı şübhəsi qalmadı. Amma ilk yarıya artırılan vaxtda vəziyyət kökündən dəyişdi. Topa çıxan Sels rəqib oyunçunun başına zərbə vurduğuna görə penalti təyin olundu. Penaltini qola çevirən Uilson 2-ci hissənin əvvəlində Toması də zərbə mövqeyinə çıxardı – 3:2. Ruh yüksəkliyi qazanan qonaqlar tezliklə ənənəvi Britaniya üslubunda daha bir qol vurdu, daha dəqiqi, Uilsonla Tomasın qurduğu hücumun sonunda Conson qapıçını əks hərəkətdə tutdu. Hesab 3:3 olandan sonra Lukaku rəqib qapısına yol tapsa da, bu qol sayılmadı. Çünki hücumun əvvəlində top meydanı tərk etmişdi. Bellami boşuna mübahisə etmirdi, hər şey qonaqların ehtiyat oyunçular skamyasının qarşısında baş vermişdi. VAR da baş məşqçini haqlı çıxardı. Ancaq Bellami yığmadakı ilk məğlubiyyətdən qurtula bilmədi. De Bruyne 88-ci dəqiqədə effektli zərbə ilə komandasına qələbə qazandırdı.

J qrupu
3-cü tur

Ş.Makedoniya – Belçika 1:1 (0:1)
Ş.Makedoniya: Dimitrievski, Alioski, Musliu, Zaykov, İlievski (Aşkovski, 80), Atanasov (Elezi, 46), Stoyçevski (Çurlinov, 57), Elmas, Bardi, Kostadinov (Mitrovski, 80), Miovski (Ristovski, 85).
Belçika: Sels, De Keyper (Teat, 78), Fas, Debast, Menye (De Vinter, 56), Vanaken (Tilemans, 56), De Bruyne (Onana, 56), Raskin, Dokyu, Lukaku (Openda, 82), Salemakers.
Qollar: De Keyper, 28 (0:1). Alioski, 87 (1:1).
Vərəqələr: Atanasov, 15. Menye, 45. Musliu, 66. İlievski, 71. Bardi, 76. Mitrovski, 81. Ristovski, 90+4 – sarı.
Hakim: Kristofer Kavana (İngiltərə).
6 iyun. Skopye. 23070 tamaşaçı.

Uels – Lixtenşteyn 3:0 (1:0)
Uels: Darlou, Uilyams (Dasilva, 24), Devis, Rodon, Roberts, Tomas (Bruks, 64), Ampadu (Şihan, 64), Uilson (Ceyms, 74), Kallen, Conson (Kumas, 64), Mur.
Lixtenşteyn: Bühel, Hofer, Vizer, Traber, Heppel, Zele (Sünd, 90), Hasler, Lühinger (Netser, 73), Mayer (Kindl, 46), Lük-Notaro (Malin, 70), Sağlam (Pitsi, 46).
Qollar: Rodon, 40 (1:0). Uilson, 65 (2:0). Mur, 68 (3:0).
Vərəqələr: Kindl, 49. Pitsi, 73. Şihan, 83 – sarı.
Hakim: Anastasios Papapetru (Yunanıstan).
6 iyun. Kardiff. 30646 tamaşaçı.

4-cü tur
Qazaxıstan – Ş.Makedoniya 0:1 (0:1)

Qazaxıstan: Seysen, Voroqovski, Alip, Malıy, Bıstrov (Muhamed, 81),Astanov, Kenjebek (Satpayev, 59), Tagıbergen, Kuat, Çesnokov (Zuyev, 86), Samorodov.
Ş.Makedoniya: Dimitrievski, Musliu, Zaykov, Despotovski, Alioski, Bardi, Kostadinov (Elezi, 53), Elmas (Aşkovski, 67), Çurlinov (Mitrovski, 53), Traykovski (Atanasov, 83), Miovski (Ristovski, 67).
Qol: Traykovski, 33.
Vərəqələr: Malıy, 50. Musliu, 64. Kuat, 79. Despotovski, 81 – sarı.
Hakim: Filip Qlova (Slovakiya).
9 iyun. Astana. 27694 tamaşaçı.

Belçika – Uels 4:3 (3:1)
Belçika: Sels, De Keyper (Teat, 46), Fas, Debast, Menye (De Vinter, 16), Onana, Tilemans, Dokyu, De Bruyne (Salemakers, 89), Trossar (Lukebakio, 46/Raskin, 75), Lukaku.
Uels: Darlou, Devis, Rodon, Ampadu, Mefam, Roberts, Tomas (Matondo, 90+4), Uilson, Ceyms (Kallen, 63), Bruks (Harris, 63), Conson.
Qollar: Lukaku, 15-p. (1:0). Tilemans, 19 (2:0). Dokyu, 27 (3:0). Uilson, 45+7-p. (3:1). Tomas, 51 (3:2). Conson, 70 (3:3). De Bruyne, 88 (4:3).
Vərəqələr: Ampadu, 17. De Keyper, 31. Trossar, 41. Mefam, 79. Uilson, 82. Raskin, 90 – sarı.
Hakim: İrfan Pelto (Bosniya və Hersoqovina).
9 iyun. Brüssel. 33653 tamaşaçı.

1. Ş.Makedoniya 4 2 2 0 6-2 8
2. Uels 4 2 1 1 10-6 7
3. Belçika 2 1 1 5-4 4
4. Qazaxıstan 3 1 0 2 3-4 3
5. Lixtenşteyn 3 0 0 3 0-8 0

4 sentyabr: Qazaxıstan – Uels, Lixtenşteyn – Belçika.

Chosen
16
1
football-plus.az

2Sources