EN

Kahramanmaraşda inşa olunan «Azərbaycan məhəlləsi» türkçülüyün yenilməzlik simvoludur

Prezident İlham Əliyevin dəfələrlə söylədiyi kimi, Azərbaycan-Türkiyə birliyi dünyaya örnək dostluq və qardaşlıq rəmzi, beynəlxalq miqyasda nadir əməkdaşlıq, müttəfiqlik nümunəsidir. Dəfələrlə sınaqdan çıxan bu qardaşlığın sarsılmazlığı tarixən təsdiqlənmiş təkzibedilməz reallıqdır. 1918- ci ildə Bakını erməni –bolşevik birləşməsinin qırğınlarından qurtaran Qafqaz İslam Ordusunun əsgərləri Azərbaycan xalqına qarşı törədilən soyqırımının qarşısını aldılar. Sarıqamış, Çanaqqala savaşlarında türkiyəli əsgərlərə kömək göstərən azərbaycanlılar qardaş harayına səs verdilər. Azərbaycanın müstəqilliyini ilk tanıyan rəsmi Ankara diplomatik əlaqələrin bərpasında və ölkəmizin beynəlxalq arenada tanınmasında mühüm rol oynayıb. 1990-cı illərdə Azərbaycanın müstəqil siyasətinin formalaşması və iqtisadi inkişafının təmin olunması istiqamətində ölkəmizə fəal dəstək göstərib. Bu dövrdən başlayaraq iki ölkə arasında siyasi, iqtisadi və mədəni əməkdaşlıq sürətli inkişaf yolu ilə irəliləyərək strateji müttəfiqlik səviyyəsinə yüksəlib.

İkinci Qarabağ müharibəsində daim Azərbaycanın yanında olduğunu bildirən Türkiyənin göstərdiyi maddi, mənəvi və siyasi dəstək xalqımız tərəfindən qardaş köməyi kimi qiymətləndirilib. Ermənistan üzərində Qələbəmizə həsr olunan Zəfər paradını hər iki ölkənin dövlət başçılarının birgə izləmələri türk-Azərbaycan qardaşlığının həmrəylik rəmzi kimi bütün dünyanı heyrətləndirdi. O günlərdə paytaxtımızda, respublikamızın şəhər və kəndlərinin küçələrində , meydanlarında Azərbaycanla Türkiyənin dövlət bayraqlarının qoşa dalğalanması «qardaş da, dost da dar gündə tanınar» el məsəlinin bariz nümunəsi idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin «Bir millət, iki dövlət»” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu anlayışla Qarabağı otuz il boyunca sinəmizdə yara etdik. Bu gün də bu yaranın sağalmasının sevincini paylaşmaq, bu şanlı zəfəri birlikdə qeyd etmək üçün aranızdayıq» sözləri hər iki xalqın mübarizlik tarixinin simvolu kimi qürur doğurdu.

Əsrlərə söykənən, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan bu dostluq, qarşılıqlı etimad müasir dövrümüzdə daha da güclənir. Ümummilli Lider kimi 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı ilə daha da möhkəmlənən bu qardaşlıq türk dünyasının öndərlərindən olan Heydər Əliyevin vurğuladığı kiim, «Bir millət, iki dövlət» səviyyəsinə yüksəlib. Nəsillərdən miras qalmış ənənələr hazırda Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev tərəfindən çox yüksək , bənzəri olmayan səviyyədə davam etdirilir. Hər iki qardaş ölkənin birgə tərəfdaşlığı ilə reallaşan neft-qaz kəmərləri, enerji, nəqliyyat layihələri bölgədə sabitliyin qorunması, təhlükəsizliyin təminatı baxımından önəmlidir. Əcdadlarımızdan bugünümüzə miras qalan birliyimiz və həmrəyliyimiz xalqlarımız üçün strateji yol xəritəsi, bölgə və dünya üçün mühüm təhlükəsizlik və sabitlik amilidir.

Enerji, nəqliyyat layihələri geosiyasi əhəmiyyətli olmaqla ölkələrarası əməkdaşlğın sarsılmazlıq nümunəsidir

Hər iki dövlətin birgə səyi, qətiyyəti ilə reallaşan enerji, nəqliyyat layihələri, ticarət, mədəniyyət, müdafiə sahələrində qurulan əlaqələr münasibətlərin yeni keyfiyyətlə inkişafı üçün təkan oldu. İki ölkə arasında enerji sahəsində əməkdaşlığın təməl sütunlarına çevrilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaş kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihəs ilə regional əhəmiyyəti daha da artan əlaqələr nəticəsində türk birliyinin beynəlxalq aləmdə mövqeyi möhkəmləndi. Cənub Qaz dəhlizi ilə Avropanı dolaşan, qitənin bir neçə ölkəsinin enerji təchizatına mühüm töhfələr verən bu qardaşlıq Orta Dəhlizə artan maraqla yeni müstəvidə , daha geniş coğrafiyada təsdiqləndi.
Ölkəmiz Cənubi Qafqazın ən böyük enerji ixracatçısı kimi Türkiyə ərazisindən Avropa bazarına enerji tədarükündə mühüm mövqeyə nail olub. Bu layihələr təkcə iqtisadi baxımdan deyil, həm də regional siyasi sabitlik və enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət kəsb edir. Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) isə Azərbaycanın təbii qazını Türkiyə vasitəsilə Avropaya çatdırmaqla Cənubi Qafqazı Avropa enerji bazarına birləşdirən əsas dəhlizə çevrilib. TANAP yalnız iqtisadi tərəfdaşlığı gücləndirməklə kifayətlənmir, həm də Avropanın enerji təhlükəsizliyi siyasətində Azərbaycanın və Türkiyənin rolunu əhəmiyyətli dərəcədə artırır. İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi isə «Ümid» körpüsünün açılışı ilə yola çıxan qardaşlığın yeni səhifəsi oldu. Əminliklə söyləmək olar ki, iki ölkənin birgə səyi ilə həyata keçirilən layihələr təkcə türk dünyası üçün deyil, reallaşan enerji, nəqliyyat layihələrində iştirak edən bütün tərəfdaşlar üçün həyati əhəmiyyətli təşəbbüsdür.

İqtisadi əməkdaşlıq sayəsində daha da möhkəmlənən müdafiə qüdrəti

Gücün söz sahibi olduğu, müharibələrin, münaqişələrin davam etdiyi qlobal dünyamızda möhkəmlənən hərbi əməkdaşlıq sayəsində iki qardaş ölkənin Cənubi Qafqazda sabitliyin qarantı olması artıq təsdiqlənib. Xalqların ortaq iradəsinin və siyasi uzaqgörənliyinin nəticəsi kimi müasir dövrdə yeni məzmun və mahiyyət daşıyan hərbi əməkdaşlığın vacibliyi Azərbaycanın 30 il davam edən işğala son qoyduğu İkinci Qarabağ müharibəsindəki Zəfərimizlə nəticələndi . Türkiyənin göstərdiyi birmənalı siyasi dəstək bu əlaqələrin sarsılmazlığını və qardaşlığın gücünü bütün dünyaya nümayiş etdirdi. «Biz Azərbaycanın yanındayıq. Hadisələrə müdaxilə edənlər öndə bizi görəcəklər!» söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əsl qardaşlıq nümunəsi göstərdi.

Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfəri özlərinin uğuru kimi dəyərləndirən türk xalqı çətin günlərdə qardaşlıq yardımlarını əsirgəmədi. İki ölkə arasındakı müdafiə sənayesi sahəsində razılaşdırılan birgə layihələr, müasir silah sistemlərinin tədarükü və texniki təchizatın təkmilləşdirilməsi istiqamətində atılan addımlar ölkələrimizin müdafiə qabiliyyətinin daha da artırılmasına xidmət edir. Bu əməkdaşlıq Azərbaycanın və Türkiyənin bölgədə təhlükəsizlik məsələlərindəki həmrəyliyini gücləndirməklə, bütövlükdə Cənubi Qafqaz və Orta Asiya regionlarında sülhün, sabitliyin təmin olunmasında mühüm rol oynayır. Təsadüfi deyil ki, türk dünyasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın dərinləşməsində əsas aparıcı qüvvə kimi dəyərləndirilən bu həmrəylik Türk Dövlətləri Təşkilatının (TDT) möhkəmlənməsinə də güclü təsir edir. 2021-ci ilin noyabrında TDT-nin İstanbulda keçirilən VIII Zirvə toplantısında türk dünyasının gələcəyinin ortaq köklər və dəyərlər üzərində qurulduğunu qeyd edən, qarşılıqlı dəstəyin vacibliyini vurğulayan Prezident İlham Əliyev digər Zirvə görüşlərində də Türk dünyasının təhlükəsizlik, iqtisadiyyat və müdafiə sahələrində birləşməsinin, birgə maraqlar əsasında ortaq strategiyalar hazırlanmasının əhəmiyyətini xüsusi qeyd edib. Prezident İlham Əliyevin türk birliyinin sarsılmazlığı ilə bağlı söylədiyi «Bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır» sözləri əsrlərdən üzü bəri boylanan qardaşlığın əbədiyyət rəmzidir. Ölkələrimiz arasındakı münasibətlər təkcə diplomatik və strateji əməkdaşlıqla məhdudlaşmır, həm də xalqların könül birliyi, ortaq tarix və ortaq taleyə söykənən möhkəm qardaşlıq tellərinə əsaslanır. Xüsusilə humanitar fəlakətlər zamanı nümayiş etdirilən həmrəylik, ortaq iqtisadi və enerji layihələri, hərbi və təhlükəsizlik sahələrində strateji əməkdaşlıq, türk dünyasında birliyin möhkəmləndirilməsində aparıcı rol bu münasibətlərin mahiyyətini daha da dərinləşdirib. Azərbaycan ilə Türkiyə bu gün regionda və beynəlxalq müstəvidə bir-birinin ən etibarlı tərəfdaşı kimi çıxış edir. Gələcəkdə də bu strateji ittifaqın daha da güclənəcəyini, ölkələrimizin türk dünyasının və regionun rifahı, sabitliyi və inkişafı naminə mühüm layihələrə imza atacağını əminliklə söyləmək olar.

Şuşa Bəyannaməsi qardaşlığın müttəfiqlik zirvəsidir

«Şuşa Bəyannaməsi ilə müttəfiqlik zirvəsinə ucalmış əlaqələrimizin həyatın bütün sahələrində, istər siyasət, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət, təhsil, hərbi və digər sahələrdə özünü göstərməsi bizi çox sevindirir. Əminəm ki, «Bir millət iki dövlət» şüarını rəhbər tutan ölkələrimiz arasında müttəfiqlik münasibətləri birgə səylərimizlə bundan sonra da yüksələn xətlə və uğurla inkişaf etməyə davam edəcəkdir» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, dövlətlər arasında möhkəmlənən əməkdaşlığı əks etdirən, strateji əhəmiyyətə malik sənəd bütün sahələri əhatə etməklə ölkələrimizin dostluq və qardaşlıq münasibətlərinin təntənəsi oldu. Bəyannamədə yer alan nəqliyyat infrastrukturu ilə bağlı bənddə 1921-ci il tarixli Qars müqaviləsinə, eləcə də Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə istinad olunması türkçülüyün yenilməzlik simoludur. Sənəddə diqqətçəkən məqamlardan biri də hərbi əməkdaşlıq və milli təhlükəsizlik məsələlərinə xüsisi diqqət yetirilməsidir. Şuşa Bəyannaməsi beynəlxalq müstəvidə birgə əməkdaşlığın, siyasi münasibətlərin, iqtisadi-ticari əlaqələrin, hər iki dövlətin mədəniyyət, təhsil, idman, gənclər siyasətinin, enerji təhlükəsizliyi məsələləri ilə bağlı prioritetlərin yol xəritəsidir

Kahramanmaraş: Qardaşlığın, həmrəyliyin əbədiyyət rəmzi

2023-cü ilin fevral ayının 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık, Elbistan rayonlarında baş verən, sonra Malatya, Adana, Hatay və digər şəhərləri də əhatə edən dəhşətli zəlzələlər törətdiyi dəhşətinə görə ilə «əsrin fəlakəti» adlandırıldı. Türkiyədə baş verən 7.7 və 7.6 bal gücündəki dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirdi. 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri aldı. Zəlzələ nəticəsində 38 min 901 bina yararsız hala düşdü. Zəlzələnin baş verdiyi ilk anlardan qardaş köməyinə çatan Azərbaycan xalqı bir nəfər kimi səfərbər oldu. Türkiyədə baş verənləri geniş mənada bəşəriyyətin insanlıq qarşısında borcu, sınağı, xeyirlə şər, ölümlə yaşamaq istəyi arasında mübarizə adlandırmaq daha uyğun olardı.

Təbii fəlakətin ilk anlarında həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verən, hər cür kömək göstəriləcəyini bildirən Prezident İlham Əliyev qardaşlıq dəstəyini əsirgəmədi. Dağıntıların, acı fəsadların aradan qaldırılmasında hər cür yardım göstərilməsini xalqımızın qardaşlıq borcu adlandırdı: « Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə. Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik. Mən əziz qardaşım, cənab Prezidentə telefonla başsağlığı vermək üçün zəng edəndə dedim ki, bütün varlığımızla biz Sizinlə bir yerdəyik və bilirsiniz ki, durmadan heyətlər göndərilir. Eyni zamanda, həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir.»

Prezident İlham Əliyevin göstərişlərinə əsasən hadisə yerinə ilk gələn və axtarış- xilasetmə tədbirlərində iştirak edən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, zəngin təcrübəyə malik mütəxəssisləri türkiyəli həmkarları ilə birgə çalışaraq insanların dağıntılar altından çıxarılmasında fəallıq göstərdilər. Heydər Əliyev Fondunun xətti ilə böyük yardım kampaniyası təşkil edildi. «Əminəm ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq, bunu da aşacaq. Ancaq bu, inanılmaz dərəcədə böyük faciədir. Hər bir qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır. Yenə də deyirəm, həm Türkiyədən, həm Azərbaycandan, həm digər ölkələrdən gələn xilasedicilər çox böyük iş görürlər…Yəni, Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Biz belə görürük, Türkiyə və Azərbaycan vətəndaşları da belə görürlər. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir» söyləyən Prezident İlham Əliyev Türkiyənin dünyanın ən güclü dövləti olduğunu bir daha bəyan etdi. Zəlzələdən sonra Türk Dövlətləri Təşkilatının Şuşada təşkilini nəzərdə tutulan Zirvə görüşünün Prezident İlham Əliyevin təşəbbüsü ilə qardaşlıq, həmrəylik rəmzi kimi, Ankarada keçirilməsi türk birliyinin təntənəsi, mənəvi dəstək kimi tarixə yazıldı. «Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım»” mövzusuna həsr olunan, qardaş ölkə ilə birlik nümunəsi olan Zirvə görüşü TDT daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına yönələn həmrəylik platforması idi.

Kahramanmaraşdakı «Azərbaycan məhəlləsi»: Həmrəylik rəmzi

Zəlzələdən sonra da fəlakət zonasında aparılın bərpa işlərində Türkiyəyə yardım göstərən Azərbaycanın maliyyə dəstəyi ilə daha çox dağıntıya məruz qalan Kahramanmaraşda geniş ərazini əhatə edən «Azərbaycan” məhəlləsi»nin inşasına start verildi. Məhəllənin tikintisinə 100 milyon ABŞ dollar (170 milyon manat) vəsait ayrıldı və tikinti işləri Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirildi. Artıq sakinlərini qəbul etməyə hazır olan 27,6 hektarlıq ərazini əhatə edən məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılıb. Kahramanmaraşda ucaldılan türk dünyasının dostluq abidəsi kimi möhtəşəmliyini qoruyan məhəllənin istifadəyə verilməsi qardaşlığın uğur təntənəsidir. Azərbaycan-Türkiyə qardaşlığının əyani nümunəsi olan «Azərbaycan” məhəlləsi» artıq ilk sakinlərini qəbul etməyə hazırdır.

Təkcə Azərbaycan və Türkiyə arasında deyil, bütövlükdə türk dünyasında qardaşlığın və birliyin, regionda sülhün və təhlükəsizliyin təminatına yönələn nadir nümunə adlandırılan məhəllənin inşası qardaş töhfəsinin, yardımının daha bir sevincidir. Çətin günlərdə də , sevincli anlarında da birlik nümayiş etdirən hər iki xalq üçün əlamətdar olan «Azərbaycan məhəlləsi»nin istifadəyə verilməsi dünyada təsadüfi hallarda rast gəlinən hadisə, əcdadlarımızdan qaynaqlanan sədaqətə sadiqliyin nümunəsidir.

Yeri gəlmişkən: 1920-ci il may ayının 3-də Mustafa Kamal Paşa Şərq Cəbhəsi komandiri Kazım Qarabəkir Paşaya aşağıdakı məzmunda bir məktub yazır: «Dövlətdə heç pul qalmadı. Ölkə daxilində pul təmin edə biləcəyimiz bir qaynaq yoxdur. Başqa qaynaqlardan pul əldə edənə qədər, Azərbaycan Hökumətindən borc pul alınmasını təşkil etmənizi istəyirəm.» Kazım Qarabəkir Paşa Atatürkün bu istəyini Azərbaycan hökumətinə bildirir. Xatırladaq ki, bu məktub Azərbaycan Sovet Sosialist Respublikası ilə Ankara hökuməti arasındakı ilk rəsmi təmas idi. Azərbaycandan Türkiyəyə dəstək 1921-ci ildə, böyük mütəfəkkir , siyasi xadim, yazıçı Nəriman Nərimanovun şəxsi əmri ilə göstərilib. Azərbaycanın xarici işlər taziri Mirzə Davud Hüseynov Türkiyəyə savaşda qazanılan uğurlar münasibətilə göndərdiyi teleqramda qazanılan böyük zəfərlərə görə türk xalqını təbrik edib. Böyük zəfərin şərəfinə Azərbaycan xalqının yardım üçün 30 sistern neft, 2 sistern benzin, 8 sistern kerosin göndərdiyini bildiririb. Həmin ilin may ayında Azərbaycan Türkiyəyə 62 sistern neft göndərmiş və bundan sonra savaş qurtarana qədər eyni dəyərdə neft və üç vaqon kerosin göndərilib. Mustafa Kamal Paşa 1921-ci ildə Nərimanova daha bir məktub yazaraq ondan borc pul istəmişdi. Məktuba cavab olaraq 500 kq qızıl göndərilmişdi. Bunun 200 kq-ı dövlət büdcəsinə, qalanı isə silah və sursat üçün istifadə edilmişdi. Daha sonra Nərimanov Rusiyadan aldığı 10 milyon qızıl pulu Ankaraya yollamışdı. Bu yardımlar sayəsində döyüş içində olan qardaş ölkənin vəziyyəti xeyli düzəlmişdi. Bundan əlavə, Batumi yolu ilə doqquz min tondan çox kerasin və 350 ton benzin yardımı edilib. Mustafa Kamal Paşaya yazdığı məktubunda türk xalqını zəfərləri münasibətilə təbrik edən Nərimanov əlavə olaraq yazıb: «Paşam, bizdə qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşının əlindən tutar. Biz qardaşıq, hər zaman əlinizdən tutacaq və tutmağa davam edəcəyik.» Bu ənənənin bu gün də hər iki xalq tərəfindən davam etdirilməsi ulu türkün ucalığının, qardaşlığa sədaqətinin, yenilməzliyinin bariz nümunəsidir.

Xuraman İsmayılqızı, «İki sahil»

Chosen
27
ikisahil.az

1Sources