EN

Useyn Bolta görə ləqəb alan braziliyalı... – Veşoviçin taxtına əyləşə biləcəkmi?

Dani Bolt... “Qartabağ”ın yeni transferi... Ağdam təmsilçisinin “3+1” illik müqavilə bağladığı futbolçu...

“Football-plus.az” xəbər verir ki, 26 yaşını bu gün tamamlayan müdafiəçinin əsl adı Daniel Lima de Kastrodu. Braziliyalı sürətli və hücumameyilli cinah keçidlərinə görə atletika üzrə 8 qat olimpiya və 11 qat dünya çempionu, yamaykalı Useyn Boltun şərəfinə Bolt ləqəbini alıb, peşəkar karyerası dövründə də bu adla tanınıb.

Bolt Portuqaliyanın 2-ci liqa klubu “Torrense”dən transfer olunub. O, 2024-cü ilin yanvarından bəri çıxış etdiyi komandada 49 oyun keçirib. Bu matçlarda 2 qol, 4 məhsuldar ötürmə müəllifi olub. Başa çatan mövsümdə isə 36 oyuna çıxaraq 2 qol vurub, 3 məhsuldar ötürmə verib. Futbolçu bu qarşılaşmalarda 2439 dəqiqə meydanda olub, 4 sarı vərəqə ilə cəzalandırılıb.

Buna qədər Braziliyada çıxış edən Bolt yetirməsi olduğu “Fluminense” ilə yanaşı, “Atletiko Paranaense”, “Vitoriya” və “Yuventud”un da şərəfini qoruyub.

“Transfermarkt”a görə, Bolt 550 min avro dəyərindədi. Hazırda oyunçu karyerasında ən baha dövrünü yaşayır. Maraq üçün qeyd edək ki, sağ cinah müdafiəçisinin “Torrense” ilə müqaviləsinin müddəti 2026-cı il iyunun 30-dək idi.

“Transfermarkt” portalında “Qarabağ”ın bu səbəbdən Portuqaliya klubuna 550 min avro təzminat ödədiyi qeyd edilib.

Görünür, Bolt ötən həftə “köhlən atlar”ı tərk edən Marko Veşoviçin əvəzinə transfer olunub. Hər halda, Çempionlar Liqasının əsas mərhələsində görmək istədiyimiz “Qarabağ” üçün düzgün seçim olduğuna inanmaq olar.

KƏNAN BAHADIR

Chosen
7
1
football-plus.az

2Sources