BAKI. 19 iyun. TELEQRAF
Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar qaz habının yaradılmasını müzakirə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabineti məlumat yayıb.
Məlumata görə, görüş zamanı tərəflər Türkiyədə yaradılması planlaşdırılan qaz habı layihəsini, eləcə də Rusiya Federasiyasından Türkiyəyə enerji resurslarının tədarükü ilə bağlı şərtləri müzakirə ediblər.
Qeyd edək ki, qaz habı layihəsi Türkiyənin regionda enerji tranzit mərkəzinə çevrilməsi məqsədi daşıyır və Rusiya ilə bu istiqamətdə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.
Xatırladaq ki, 2022-ci ilin oktyabrında V.Putin Türkiyədə qaz habının yaradılmasını təklif edib, Ankaranın müsbət qarşıladığı təklifin layihə formasına gətirilməsi üçün işlər başlanıb. Rusiya əsas təchizatçı imkanından istifadə etməklə qaz habında rəhbərliyə, baş nəzarətçi roluna iddialıdır. Türkiyə isə öz ərazisində yaradılacaq strateji əhəmiyyətli platformaya özü nəzarət və rəhbərlik etmək niyyətindədir. Bundan əlavə, tərəflər arasında ciddi müzakirə olunan daha bir məsələ kimi layihənin maliyyələşdirilməsidir.Rusiya rəhbərlik və nəzarət imkanı olmasa layihənin icrasına vəsait yatırmaq istəmir, Türkiyə isə layihənin yükünü təkbaşına çəkmək imkanında deyil. Digər tərəfdən, Ankara mövcud infrastrukturun yaradılmasına(qaz anbarları, maye qaz terminalları, boru xətləri və sair) çəkdiyi xərcləri əsas gətirməklə layihədən ən çox qazanclı çıxacaq Rusiyanın maliyyələşmədə bərabər iştirakında təkid edir.