
İran ABŞ-nın İsrailin bu ölkəyə qarşı hərbi səylərinə qoşulacağı təqdirdə bölgədəki ABŞ bazalarına zərbələr endirmək üçün raket və avadanlıqlar hazırlayıb.
Reyting.az CBS-yə istinadla xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının yüksək rütbəli rəsmisi və Pentaqon nümayəndəsi bildirib.
Eyni zamanda, ABŞ prezidenti Donald Tramp jurnalistlərə deyib ki, İranın nüvə proqramını məhdudlaşdırmaq üçün yeni sazişlə bağlı danışıqlar aparmaq “hələ gec deyil”.
O, İranın proqramdan tamamilə imtina etməsini istədiyini açıqlayıb. Tramp iranlıların danışıqlara həvəsli olduqlarını bildirib və hətta müzakirələr üçün Ağ evə nümayəndə heyəti göndərməyi təklif edib.
Qeyd edək ki, İranın BMT-dəki missiyası Trampın sözlərinə birbaşa cavab verib: “Heç bir İran rəsmisi indiyə qədər Ağ evin qapısında alçaldılmağı xahiş etməyib. İran təzyiq altında danışıqlar aparmır, təzyiq altında sülhü qəbul etməyəcək. İran istənilən təhlükəni əks-təhdidlə, istənilən hərəkəti isə əks-hərəkətlə qarşılayacaq”.
ELÇİN