EN

TÜGVA sədri: Türkiyə və Azərbaycan arasında ortaq layihə həyata keçirəcəyik

BAKI, 19 iyun. TELEQRAF

"Türkiyə və Azərbaycan arasında ortaq layihə həyata keçirəcəyik"

Teleqraf xəbər verir ki, bu sözləri Türkiyə Gənclər Fondunun (TÜGVA) sədri İbrahim Beşinci Bakıda media nümayəndələri ilə görüşündə səsləndirib.

O bildirib ki, TÜGVA artıq 11 ildir fəaliyyət göstərir: “Fəaliyyətimizin əsas məqsədi yeniyetmələri düşərgələr, gəncləri isə təqaüdlərlə dəstəkləməkdir. Hədəfimiz yalnız Türkiyə ilə məhdudlaşmır, Azərbaycan başda olmaqla, digər ölkələrdə də fəaliyyət göstərmək niyyətindəyik.”

İbrahim Beşinci qeyd edib ki, Azərbaycan Gənclər Fondu ilə görüş zamanı təhsil, könüllülük, startap və innovasiya sahələrində birgə əməkdaşlıq imkanları müzakirə olunub: “Ortaq layihənin həyata keçirilməsi ilə bağlı yaxın günlərdə ictimaiyyətə rəsmi məlumat veriləcək. Müraciətlərin həm Türkiyədə, həm də Azərbaycanda qəbul ediləcəyi, proqramın isə iyul ayının ortalarında həyata keçiriləcəyi gözlənilir. İlkin mərhələdə Azərbaycandan təxminən 50 yeniyetmə iştirak edəcək".

O əlavə edib ki, proqramla bağlı məlumatlar həm TÜGVA-nın, həm də Azərbaycan Gənclər Fondunun rəsmi sosial media hesablarında paylaşılacaq: “Layihənin ilk mərhələsi düşərgə olacaq. Bu prosesi sadəcə başlanğıc kimi dəyərləndiririk. Gələcəkdə təhsil sahəsində də əməkdaşlığı davam etdirməyi planlaşdırırıq. Tələbələrimizin təqaüd və yataqxana ilə təmin olunmasına dəstək vermək niyyətindəyik. Bu cür səfərlər iki qardaş ölkənin gəncləri arasında həmrəyliyi daha da gücləndirəcək və yeni ortaq təşəbbüslərə zəmin yaradacaq".

TÜGVA rəhbəri Azərbaycanla bağlı xüsusi rəğbətini də ifadə edib:

“Azərbaycan hər zaman bizim yanımızda olub. Bu gün Kahramanmaraşda Azərbaycan tərəfindən inşa edilən yeni bir məhəllənin açılışı olacaq. Həmin məhəllə yüksək estetik və funksional səviyyədə olan Azərbaycan memarlığı ilə inşa edilib".

Chosen
3
1
teleqraf.com

4Sources