EN

"İranla müharibənin genişlənmə riski artır" - Almaniya XİN rəhbəri

 
"Yalnız hərbi yolla həll axtarışı münaqişəyə yeni ölkələrin cəlb olunması təhlükəsini yaradır..."
 
Almaniya xarici işlər naziri Yohann Vadeful İsrail və İran arasında gərginliyin dərinləşməsi fonunda ABŞ-ın mümkün müdaxiləsinə münasibət bildirərək, müharibənin regionda daha geniş miqyas alacağı təhlükəsi barədə xəbərdarlıq edib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Berlində İordaniya XİN başçısı Ayman əs-Safadi ilə görüşdə bəyan edib. Məlumatı "dw.com" nəşri yayıb.
 
Vadeful vurğulayıb ki, hazırda həyata keçirilən hərbi zərbələr diqqətin təkcə güc yolu ilə həllə yönəlməsinə səbəb olur və bu, digər ölkələrin də münaqişəyə sürüklənməsi riskini artırır.
 
Almaniya ABŞ-ın birbaşa müdaxiləsinə qarşı çıxış edir
 
Jurnalistlərin ABŞ-ın İsrailin İranla hərbi əməliyyatlarına qoşulması ilə bağlı sualını cavablandıran nazir bu addıma qarşı olduğunu bildirib. O, xatırladıb ki, ABŞ Dövlət katibi Marko Rubio hələ əməliyyatın əvvəlində rəsmi Vaşinqtonun münaqişəyə qoşulmayacağını bəyan etmişdi. Bununla belə, İranın ABŞ-ın hərbi obyektlərinə hücumu halında "qaçılmaz şəkildə cavab veriləcəyini" də istisna etməyib.
 
Diplomatik həll çağırışı: Almaniya İranla danışıqlara çağırır
 
Vadeful qeyd edib ki, iyunun 16-da Fransa, Böyük Britaniya və Avropa İttifaqının diplomatik rəhbəri Kaya Kallasla birlikdə İran xarici işlər naziri Abbas Araqçı ilə telefon danışığı aparıblar. Nazir vurğulayıb ki, Tehranın nüvə silahı hazırlamaq niyyətində olmadığını sübut etmək üçün yoxlanıla bilən və inandırıcı addımlar atması vacibdir. Bu, diplomatik həll yolunun açılması üçün ilkin şərtdir.
 
İordaniya: müharibə sabitlik gətirməz
 
İordaniya XİN rəhbəri əs-Safadi də bölgədə gərginliyin azaldılması üçün birgə addımların vacibliyini bildirib. Onun sözlərinə görə, müharibə nə sülh, nə də sabitlik gətirəcək, əksinə, yeni münaqişələr doğuracaq. Əs-Safadi əmindir ki, regionda hərbi eskalasiyanın davamı bütün dünya üçün dəhşətli nəticələrə səbəb olacaq.
 
İsrailin İrana qarşı hərbi əməliyyatı
 
İsrail İrana qarşı hərbi əməliyyata iyunun 13-nə keçən gecə başlayıb. Zərbələr İranın nüvə obyektlərinə, hərbi bazalarına və ordu heyətinə yönəlib. İsrail tərəfi bu hücumları Tehranın nüvə silahı əldə etməyə yaxınlaşması ilə əsaslandırıb. İran isə atom bombası hazırlamaq ittihamlarını rədd edərək, cavab olaraq yüzlərlə pilotsuz uçuş aparatı və ballistik raketlərlə İsraili vurub.
 
İsrail baş naziri Benyamin Netanyahu iddia edib ki, bu zərbələr İranın nüvə proqramını illərlə geriyə atıb. Lakin ABŞ kəşfiyyatının məlumatına görə, İranın kifayət qədər zənginləşdirilmiş uran istehsal etməsi üçün ən azı daha üç ilə ehtiyacı var idi və İsrailin hücumları bu prosesi cəmi bir neçə ay ləngidib.
Chosen
38
50
moderator.az

10Sources