EN

Azərbaycan müharibənin davam etməsində maraqlı deyil - Azər Badamov

Yazını böyüt
Yazını kiçilt

İran dünya neft tələbatının 4 %-ə qədərini istehsal etdiyindən, müharibənin başlandığı ilk gündən bazarlarda neftin qiyməti artır.

Bu fikirləri hafta.az-a Milli Məclisin deputatı Azər Badamov deyib.

 Onun fikrincə, əgər müharibə uzunmüddətli olarsa və Hörmüz boğazında daşınmalarla bağlı təhlükə meydana gələrsə, bazarlarda neft və qazın qiymətlərində kəskin artımların olacağı gözləniləndir:

 “Təbii ki, bu da qlobal inflyasiyaya yol açacaq. Yəni dünya iqtisadiyyatının yeni bir sınaqla qarşılaşacağına dair ehtimallar böyüyür. Qlobal neft tələbatının 20 %-dən çoxu və mayeləşdirilmiş qazın 1/5 hissəsi Hörmüz boğazı vasitəsilə daşınır və bu da böyük iqtisadi güc mərkəzləri olan ölkələrin neft-qaz idxalını bahalaşdıracaq, böyük qiymət artımlarının olmasını labüd edəcək”.

Deputat qeyd edib ki, İsrail–İran müharibəsi davamlı olarsa, Azərbaycan iqtisadiyyatına necə təsir göstərəcəyi sualı hər kəsi düşündürür. İlk növbədə, qonşuluqda müharibənin baş verməsi heç də hansısa cəhətdən xeyirli bir məsələ deyil:

“Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 2024-cü ildə 647 milyon dollar olub. Bu dövriyyənin 633 milyon dolları İranın Azərbaycana ixracıdır. İran Azərbaycana, əsasən, meyvə-tərəvəz, quru çərəz, dərman vasitələri, plastik məmulatlar, tikinti materialları və məişət texnikası ixrac edir. Əgər İrandan idxal olunan 633 milyon dollarlıq malların ticarətində çətinlik yaranarsa, biz bunu başqa ölkələrin hesabına ödəyə bilərik. Təbii ki, bu da həmin malların maya dəyərində müəyyən qədər qiymət artımının olmasına yol açacaq. İkinci bir məsələ isə Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlıdır. Əgər İranın dəniz limanlarının infrastrukturu dağılarsa və ölkə ərazisində daşınmaların həyata keçirilməsi üçün infrastruktur təhlükəli vəziyyətə gələrsə, bu, Şimal–Cənub nəqliyyat marşrutunda daşınmalara öz təsirini göstərəcək. Biz yaxın gələcəkdə bu marşrut vasitəsilə daşınan yüklərin həcminin 15 milyon tona çatdırılmasını hədəfləmişik. Təbii ki, İran ərazisində çətinliyin yaranması Şimal–Cənub nəqliyyat dəhlizi vasitəsilə daşınmalardan gələn tranzit gəlirlərinin azalmasına öz təsirini göstərəcək. Eləcə də neft və qazın qiymətlərinin artması bu məhsulları istehsal edən ölkələrin gəlirlərini artıracaq. Bununla yanaşı, qlobal bazarlarda kəskin bahalaşmaların baş verməsi qaçılmaz olacaq. Ölkəmiz də dünyanın bir parçasıdır və qlobal bazarlarda baş verən qiymət artımları ölkəmizin idxalını da bahalaşdıracaq. Təbii ki, bu da daxili bazarda müəyyən qədər qiymət artımlara yol açacaq. Bu baxımdan müharibənin davam etməsində nə Azərbaycan, nə də digər ölkələr maraqlı deyil. Ona görə də beynəlxalq ictimaiyyət tərəfləri danışıqlar masasına dəvət etməli və tezliklə atəşkəsin elan olunması təşəbbüsü ilə çıxış etməlidirlər”.

Chosen
5
hafta.az

1Sources