EN

İnam Kərimov: Cari ilin sonuna kimi hakimlərin ümumi sayının 700-ə, yaxın 3 ildə isə 800-ə çatdırılması planlaşdırılır

Bakı, 19 iyun, AZƏRTAC

Türk Dövlətləri Təşkilatı çərçivəsində təşkil edilən bu mötəbər tədbir qardaşlıq və əməkdaşlıq ruhumuzun, ortaq hüquqi və mənəvi dəyərlərimizə sadiqliyimizin ən gözəl nümunəsidir. Hesab edirəm ki, bugünkü toplantı təcrübə və fikir mübadiləsi üçün əhəmiyyətli bir platforma olmaqla yanaşı, ortaq hüquq məkanımızın daha da möhkəmləndirilməsi, ədalətə xidmət edən institutlarımızın qarşılıqlı əlaqəsinin dərinləşməsi baxımından mühüm bir mərhələdir.

Azərbaycanın hüquq sisteminin inkişafı və müstəqil məhkəmə hakimiyyətinin qurulması ölkəmizin hüquqi dövlətə doğru irəliləməsinin təməl daşlarını təşkil edir. Bu yolda Ümummilli Lider Heydər Əliyevin strateji yanaşması və dövlətçilik iradəsi xüsusi əhəmiyyət kəsb edir. Məhz Ulu Öndərin rəhbərliyi altında ölkəmizdə məhkəmə hakimiyyətinin müstəqilliyi təmin edilib və hüquqi islahatların əsası qoyulub. Bu strateji xətt bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatları nəticəsində məhkəmə sistemi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, şəffaflıq, rəqəmsallaşma və vətəndaş məmnunluğu artıb.

Ümumiyyətlə, qeyd edə bilərəm ki, Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə sisteminə ictimai etimadın gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəməsinin sədri İnam Kərimov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları sədrlərinin 3-cü iclasında çıxış edərkən deyib.

İnam Kərimov qeyd edib ki, Məhkəmə-Hüquq Şurası olaraq bu məqsədlərə çatmaq üçün davamlı və sistemli addımlar atılır. "Şuranın əsas vəzifələri arasında hakimlərin müstəqilliyinin möhkəmləndirilməsi, şəffaf və obyektiv seçim mexanizmlərinin tətbiqi, etik davranışa nəzarət və fəaliyyətin dövri qiymətləndirilməsi kimi mühüm istiqamətlər mövcuddur. Son illər bu istiqamətdə mütərəqqi islahatlar həyata keçirilib, qanunvericilik bazası təkmilləşdirilib. Həm hakimliyə namizədlərin seçim mərhələsi sadələşdirilib, daha çevik olub, həm də Şuranın fəaliyyəti beynəlxalq standartlara uyğunlaşdırılıb. Mövcud hakim vakansiyalarının komplektləşdirilməsi məqsədilə hakim vəzifəsinə namizədlərin seçim prosesi fasiləsiz davam etdirilir. Cari ilin sonuna kimi hakimlərin ümumi sayının 700-ə, yaxın 3 ildə isə 800-ə çatdırılması planlaşdırılır.

Bundan başqa, cari hədəflər sırasında məhkəmə fəaliyyətinin tam elektronlaşdırılması, o cümlədən süni intellektin imkanlarından istifadə edilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydalarının təkmilləşdirilməsi, onların maddi təminatının, sosial şəraitinin yaxşılaşdırılması, habelə kənar müdaxilə və təsirlərdən qorunması üzrə tədbirlər də daxildir.

Şura beynəlxalq əməkdaşlıq sahəsində də uğurlu nəticələr əldə edib, bir çox dövlətlərlə işgüzar əlaqələr inkişaf etdirilib, əlaqələrin dərinləşdirilməsinə dair Anlaşma Memorandumları imzalanıb. Xüsusilə, Beynəlxalq Hakimlər Assosiasiyasının Baş Assambleyasının növbəti toplantısının bu il Bakıda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasına və məhkəmə sistemləri arasında qarşılıqlı təcrübə mübadiləsinə böyük töhfə verəcək", - deyə İnam Kərimov qeyd edib.

Chosen
6
azertag.az

1Sources