EN

“Masada ciddi sənədlər var...” - Fəzail Ağamalı

Yazını böyüt
Yazını kiçilt

Qlobal dünya müharibə və münaqişələr fonunda mürəkkəb, gərgin dövrünü yaşayır. Dörd il əvvəl Cənubi Qafqazda baş verən Ermənistan–Azərbaycan müharibəsindən sonra yaranan yeni reallıqları qəbul etməyən bəzi imperialist güclər bu dəfə İsrail–İran müharibəsindən istifadə edərək, özləri üçün dividendlər əldə etməyə çalışırlar. Ermənistandakı separatçı qüvvələr əvvəl Ukrayna–Rusiya, indi isə İsrail–İran müharibəsində Azərbaycanın da hədəfə alınması üçün manevrlər edir, sülh danışıqları ilə bağlı öhdəliklərini yerinə yetirməkdən yayınır. Müsahibimiz Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalıdır.

- Ermənistanın Baş naziri Nikol Paşinyanın son vaxtlar erməni kilsəsinə qarşı başlatdığı hücumları necə dəyərləndirirsiniz?

- Nikol Paşinyan, sözün həqiqi mənasında, müstəqil, heç bir güc mərkəzindən asılı olmayan Ermənistan qurmaq istədiyini ortaya qoyur. O bunun üçün çapalayır. Erməni kilsəsi yarandığı andan ayrı-ayrı güc mərkəzlərinin himayəsi altında ermənilərdən istifadə etməklə onların geosiyasi maraqlarına xidmət etmək xəttini yeridib. Paşinyan erməni kilsəsini indiki durumdan çıxarıb, onu ancaq dinlə məşğul olan, ciddi siyasi oyunlarda yer almayan quruma çevirsə bu, erməni Baş nazirinin ciddi qələbələrindən biri olacaq. Nəticə etibarilə Paşinyanın kilsə üzərində qələbəsinə şübhəm yoxdur.

Bu, həm də ona görə indiki zaman kəsiyində qabardıldı ki, 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək və Paşinyan da bu seçkidə iştirak edib qalib gəlmək iddiasındadır. Özünə qarşı olan ciddi maneələrdən birini sıradan çıxarmağa çalışır.  Digər maneələrə qarşı da artıq cəbhə açıb.

- Ermənistanda növbəti parlament seçkilərinin vaxtı açıqlandı. Keçmiş Qarabağ klanı, Sarkisyan-Koçaryan tandemi də hərəkətə keçib və Paşinyana qarşı siyasi fəaliyyətə başlayıblar. Qarabağ klanının Ermənistanda hakimiyyəti yenidən ələ almaq riski varmı? Bu, baş verərsə, bölgədəki proseslərlə bağlı proqnozunuz nədir?

- Paşinyanın qarşısında duran, zəif də olsa ona maneəçilik törətməyə çalışan Sarkisyan-Köçəryan tandemidir. Onlar da Paşinyana maneə yaratmaq, seçkilərdə qalib gəlməsinə imkan verməmək üçün öz imkanları,  Qarabağda yaşamış ermənilərin vəziyyətindən, Rusiyanın da potensialından yararlanaraq Paşinyanı sıradan çıxarmağa çalışırlar. Hesab edirəm ki, bu məsələdə də Paşinyan Qarabağ klanı üzərində ciddi və son qələbəni qazana biləcək.

- Nikol Paşinyanın Ankaraya səfər edəcəyi gözlənilir. Türkiyə–Ermənistan danışıqlarının mövcud durumunu və bu prosesləri necə dəyərləndirirsiniz?

- Düşünürəm, bu səfər Azərbaycan–Ermənistan və Ermənistan–Türkiyə  münasibətlərinin yaxşılaşmasında dönüş nöqtəsi olacaqdır. Dünyasəviyyəli, Türkiyə kimi nəhəng bir dövlətin prezidenti kiçik, 2 milyonluq əhalisi olan, hələ oturuşmayan dövlətin Baş nazirini təsadüfən Türkiyəyə dəvət etməz. Görünür ki, masada ciddi sənədlər var. Bu, ilk növbədə, Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlərdə Paşinyanın iradəsini qırmaq və nəhayət, dəhlizin açılmasına yaşıl işıq yandırmaqdır. Digər tərəfdən, Azərbaycanın qoymuş olduğu tələblərin Ankarada bir daha təkrarlanması Ermənistan konstitusiyasından  Azərbaycana, Türkiyəyə qarşı iddiaların çıxarılması da ciddi bir vəzifə kimi Paşinyanın qarşısına qoyulacaq. Beləliklə, bu, danışıqlarda müsbət irəliləyişlər də ola bilər.

Bu gün kütəvi informasiya vasitələrindən məlumat oxudum ki, Azərbaycanın qardaş Türkiyədə zəlzələ olan yerlərin birində salmış olduğu böyük yaşayış massivinin iyunun 19-da açılışı olacaq. Prezident İlham Əliyev də bu açılışda iştirak edəcək. Ayın 20-də isə Paşinyan Ankaraya gedəcək. Ola  bilsin, Paşinyanın Türkiyəyə səfəri zamanı üçtərəfli görüşlər də keçirilsin. Burada Azərbaycan–Ermənistan və Türkiyə–Ermənistan münasibətlərində ciddi səhifələr açıla bilər. 

- Ermənistan referendumda konstitusiya dəyişikliyinə nə zaman getməyi planlaşdırır? Sizcə, İrəvanın belə bir planı varmı?

- Ermənistanın referendum yolu ilə konstitusiya dəyişikliyinə getməkdən başqa çarəsi yoxdur. Bu, mütləq olmalıdır. Bu, olmasa, Azərbaycanla sülh sazişi imzalanmayacaq, sülh sazişi yoxdursa, istənilən halda eskalasiya ola bilər, Azərbaycanla Ermənistan arasında yeni müharibənin başlaması qaçılmaz hala gələ bilər. Düşünürəm, Ermənistan bunun fərqindədir. Ola bilər ki, parlament seçkilərinin keçirilməsi ilə bərabər, həm də konstitusiya dəyişikliyi reallaşsın. Bununla da Azərbaycanın Ermənistanın qarşısında qoyduğu tələblər yerinə yetirilməklə sülh sazişinin bağlanması üçün bütün şərtlər təmin oluna bilər.

- İran–İsrail müharibəsi fonunda Ermənistan daxilində Azərbaycanın yenidən Ermənistana hücum edərək Zəngəzur dəhlizini silah gücünə açacağına dair bəyanatlar verilir. Bu məlumatlar nəyə yönəlik yayılır? Nə dərəcədə realdır və ümumiyyətlə, Zəngəzur dəhlizinin bu ərəfədə  açılmaq ehtimalı varmı?

- İsrail–İran müharibəsi fonunda Azərbaycanın  Ermənistana hücum etməsi ilə bağlı yayılan fikirlər kifayət qədər arqumentli deyil. Məncə, Ankara görüşündən sonra bunun detalları üzərində dayanmaq olar. Əgər Ankara görüşündə Ermənistan Naxçıvanla, bütövlükdə Azərbaycanın qərb bölgələrinin, tarixi əraziləri ilə kommunikasiyaların, nəqliyyat dəhlizinin açılmasına müqavimət göstərsə, o zaman Zəngəzur dəhlizinin hərblə açılmasını istisna etmirəm. Güman edirəm, Paşinyan da bunun fərqindıdir. O, bu müharibədə Ermənistan dövlətinin bütünlüklə məhv olma mərhələsinə qədəm qoyacağını göz önünə gətirərək Zəngəzur dəhlizinin açılmasına razılıq versin. Hər halda Ankara görüşü bölgədə, regionda ciddi proseslərin başlanğıcı ola bilər və bununla  bağlı çox ciddi addımlar atılacaqdır.

 

 

Chosen
1
hafta.az

1Sources