EN

Azərbaycan taksi qiymətlərinə görə "lider" ölkələrdən biridir...


Aslan Əsədov: “Azərbaycanın taksi fəaliyyəti məhz paytaxt Bakıdan ibarətdir”

Taksi qiymətlərinə görə ölkələrin reytinq sıralaması açıqlanıb. Azərbaycan bu sıralamada 100-cü yerdədir. Reytinq sıralamasında Azərbaycanda qiymətin 1 km üçün 0,59 dollar (1.003 AZN) hesablandığı qeyd olunub. Region ölkələri arasında ən baha taksi xidmətinin Azərbaycanda qeydə alındığı bildirilir. Rusiyada bu qiymət $0,45 dollar, Ukraynada $0,36, Ermənistan və Belarusda $0,33, Tacikistan və Özbəkistanda $0,3, Qırğızıstanda isə 0,23 dollardır.

Bu nəticələr də region ölkələri arasında ən baha taksi xidmətinin Azərbaycanda qeydə alındığını bəlli edir. Ancaq taksi sahəsində yaşanan problemlər bitmək bilmir. Bununla bağlı aidiyyəti qurumlar müəyyən işlər görsə də, taksi sektoru hələ də inkişafdan geri qalır.

“Qonşu ölkələrlə - Rusiya Federasiyası, Türkiyə və s., o cümlədən, MDB ölkələri ilə Azərbaycanı müqayisə etsək, taksi qiymətlərinin ölkəmizdə daha baha olduğunu görərik”

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda taksi qiymətlərinin yüksək olmasının müəyyən səbəbi var: “Məlumdur ki, son zamanlar taksi sahəsində yeniliklər edildi. Bu yeniliklərdən sonra taksi qiymətləri artdı. Yeniliklərdən əvvəl taksi qiymətləri vətəndaşlar üçün daha əlçatan idi və əlverişli hesab olunurdu. Qiymətlərin qalxması vətəndaşların ümumi istifadəsinin gəlirlilik səviyyəsinə təsir edib. Nəticədə vətəndaşlar tədricən taksilərdən ictimai nəqliyyata, avtobuslara, metroya yönəldi. Məlumat üçün deyim ki, 2025-ci ilin ilk rübündə Azərbaycanda taksidən istifadə edənlərin sayı azalıb. Bunun səbəbi elə qiymət artımıdır. Qonşu ölkələrlə - Rusiya Federasiyası, Türkiyə və s., o cümlədən, MDB ölkələri ilə Azərbaycanı müqayisə etsək, taksi qiymətlərinin ölkəmizdə daha baha olduğunu görərik. Məsələn, Mərkəzi Asiya ölkələrində taksi qiymətləri daha ucuzdur. Azərbaycanın taksi fəaliyyəti məhz paytaxt Bakıdan ibarətdir. Bu areal uzağı Bakı-Sumqayıt meqapolisindən ibarətdir. Bunu daha dəqiq demək üçün biz ümumi şkala ilə götürsək, 100 faizdən təkcə 70-80 faizi təkcə Bakı şəhərinin payına düşür”.

Günel CƏLİLOVA

Chosen
16
1
baki-xeber.com

2Sources