EN

Bakıda VII Beynəlxalq “Muğam aləmi” festivalı

ain.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxtın ən böyük konsert məkanı olan Heydər Əliyev Sarayında “Muğam aləmi” VII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçirilib.

Azərbaycanın muğam sənətini beynəlxalq miqyasda tanıtmaq məqsədi daşıyan ənənəvi festival Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilir. İyunun 22-dək davam edəcək festivala Azərbaycan Milli Konservatoriyası da təşkilati dəstək verir. Builki festivala ümumilikdə 25-dən çox ölkədən 200-dən artıq ifaçı, ­tədqiqatçı və qonaq qatılıb.

Açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, tanınmış mədəniyyət və elm xadimləri, müsabiqədə təmsil olunan ölkələrin nümayəndələri iştirak ediblər.

Gecənin aparıcıları muğam sənətinin tarixi və inkişaf mərhələləri haqqında məlumat veriblər. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin mədəniyyətimizin bütün sahələrinin inkişafına, təbliğinə davamlı diqqət və qayğısı sənətçiləri daim ruhlandırır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mədəniyyətimizin və ulu muğamımızın böyük himayədarıdır. Təsadüfi deyil ki, məhz Mehriban xanım Əliyevanın sayəsində Azərbaycan muğamı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. “Muğam aləmi” festivalı da 2009-cu ildən məhz Mehriban xanım Əliyevanın təşəbbüsü və himayəsi ilə təşkil olunur.

Sonra festivalın “Bayatı” adlı möhtəşəm qala konserti təqdim edilib.

Azərbaycan, Türkiyə, Mərakeş, İspaniya, İraq, BƏƏ, Özbəkistan, Tacikistan, Qazaxıstan, Kanada, Hindistan və Monqolustandan olan ifaçı və kollektivlərin etnik-mədəni zənginlikləri ilə yaddaşlara yazılan çıxışları dinlənilib.

Qala konsert Xalq artisti Alim Qasımov və qrupunun ifasında “Muğamat var olan yerdə...” adlı musiqi nömrəsi ilə başa çatıb.

Dünən Azərbaycan Milli Konservatoriyasında festival çərçivəsində dünya şöhrətli arxeomusiqişünas və bəstəkar Riçard Dumbrill mühazirə oxuyub. Əsas “pik” isə müxtəlif ölkələrdən olan gənc istedadların iştirakı ilə muğam müsabiqəsidir. Festivalın proqramına XIII əsrin görkəmli musiqişünası Səfiyəddin Urməvinin nəzəri və praktik irsi ilə bağlı simpozium, İçərişəhərdə Azərbaycan radiosunun 1950–60-cı illərin “Muğam saatı” proqramı əsasında interaktiv səs performansı və “Muğam 12” musiqi marafonu da daxildir. Festival boyunca Azərbaycanın tanınmış muğam ifaçılarının iştirakı ilə ustad konsertləri də olacaq.

Müsabiqəyə muğamın beşiyi olan azad Qarabağda – Ağdam Muğam Mərkəzində yekun vurulacaq. 

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
10
9
xalqqazeti.az

10Sources