Azertag saytına istinadən ain.az xəbər verir.
Ankara, 19 iyun, AZƏRTAC
İyunun 18-də Ankaradakı "Qazi Ordu Evi"ndə Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təntənəli qəbul mərasimi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov və Vətən müharibəsi Qəhrəmanı, hərbi attaşe general-mayor Zaur Zeynalovun adından təşkil olunan tədbirdə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, xarici diplomatik missiyaların hərbi attaşeləri, iki qardaş ölkənin ictimaiyyət nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbir iştirakçılarına müraciət edən general-mayor Zaur Zeynalov Azərbaycan və Türkiyə arasındakı sarsılmaz dostluq və qardaşlıq münasibətlərini vurğulayıb, 44 günlük Vətən müharibəsi və birgünlük antiterror əməliyyatı zamanı göstərilən qəhrəmanlıq nümunələrini xatırladaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunduğunu xatırladıb.
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər isə çıxışında müasir çağırışlar fonunda iki qardaş ölkənin birliyi və həmrəyliyinin əhəmiyyətinə toxunub. “Türkiyə və Azərbaycan mühüm strateji ərazidə yerləşirlər. Ölkələrimizin müdafiə gücünün və hərbi əməkdaşlığının gücləndirilməsi seçim deyil, zərurətdir”.
Nazir onu da bildirib ki, Ankara və Bakı ayrılmaz qardaşlıq bağları ilə birləşmiş strateji tərəfdaşlardır. “Ölkələrimiz istənilən şəraitdə birliyi qoruyub saxlamalı və bir-birini dəstəkləməlidir. 44 günlük müharibədə qazanılan Zəfər təkcə Azərbaycanın şanlı tarixinin səhifəsi deyil, eyni zamanda, bütün Türk dünyasının qürur mənbəyidir. Bu Qələbə Cənubi Qafqazda sülh və sabitlik üçün mühüm əhəmiyyət daşıyır”, – deyə Gülər qeyd edib və yaxın zamanda bölgədə dayanıqlı sülhün təmin olunacağına ümidini ifadə edib.
Qəbul konsert proqramı ilə davam edib. Tədbir çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin Şanlı tarixini əks etdirən fotosərgi də nümayiş olunub.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.