EN

Azərbaycan məmurlarının(?) diplom saxtakarlığı açılır - kimlər xaricdə diplom alıb?


İlqar Orucov: "Məlum qəzet Azərbaycanın dövlət qulluqçularını ittiham edir, yəqin ki, əsası, faktı var"

Şimali Kipr Türk Respublikasının “Bugün Kıbrıs” qəzeti şok iddia ilə çıxış edib. Qəzet Bahçeşehir Universitetinin Kipr filialında Azərbaycandan olan şəxslərə, o cümlədən bəzi məmurlara və dövlət qulluqçularına dərslərə qatılmadan saxta doktorantura diplomları verildiyini iddia edir.

Qəzetin araşdırmasına görə, “çevik və hibrid” adlanan sistem çərçivəsində tələbələrin dərslərdə iştirak etməsi tələb olunmur və onlar üçün akademik təqvimdən kənar xüsusi imtahanlar təşkil olunur. İmtahanlara qatılan şəxslərin bəzilərinin həmin dövrlərdə Kiprdə belə olmadığı miqrasiya qeydləri ilə təsdiqlənib.

İddialara əsasən, dövlət idarəçiliyi, politologiya, biznes və kompüter elmləri üzrə təhsil alan tələbələr normal imtahan dövrlərində belə Kiprə getmədən, yalnız özləri üçün keçirilən imtahanlar vasitəsilə doktorluq dərəcəsi əldə edirlər. Bu imtahanlarda adi tələbələrlə eyni suallar istifadə edilir və eyni zərfdə yerləşdirilir. Məqsəd isə nəzarət orqanlarının – YÖK və YÖDAK-ın diqqətindən yayınmaqdır.

Qəzet yazır ki, bu qeyri-qanuni sistem 2024-cü ilin yazından etibarən tətbiq olunmağa başlayıb və hazırda da davam edir. Tələbələrin böyük əksəriyyətinin imtahan və dərs tarixlərində adada olmadığı müəyyən olunub.

"Həmin faktlar öz təsdiqini tapsa, saxta yolla diplom alanlarla bağlı müvafiq ölçü götürülməlidir"

Məsələ ilə bağlı fikir bildirən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Şimali Kipr Türk Respublikasının "Bugun Kıbrıs" qəzetinin belə bir iddia ilə çıxış etməsi absurddur: "Səsləndirilən faktların reallığı nə dərəcədə əks etdirdiyi məlum deyil. Müvafiq araşdırma aparıldıqdan sonra lazımi açıqlama veriləcək. Ölkə vətəndaşlarının adlarının bu cür ittihamda hallandırılması təəssüf doğurur. Danılmaz faktdır ki, müxtəlif ölkələrdə saxta diplomların satılması faktı mövcuddur. Ancaq məlum qəzet Azərbaycanın dövlət qulluqçularını ittiham edir, yəqin ki, əsası, faktı var. Həmin faktlar öz təsdiqini tapsa, saxta yolla diplom alanlarla bağlı müvafiq ölçü götürülməlidir.

Onu da əlavə edim ki, doktorantura təhsilinin yekununda diplom verilmir. Elmi işin müdafiəsindən sonra şəxsə diplom verilir. Diplom şəxsin alimlik dərəcəsini təsdiq edən sənəddir. Daha sonra həmin diplom Ali Attestasiya Komissiyasına təqdim olunur. Bəllidir ki, Ali Attestasiya Komissiyası xoşagəlməz hallara qarşı barışmaz mövqe nümayiş etdirir. Bu komissiyanın fəaliyyəti qapalıdır və müvafiq qaydalar çərçivəsində bu işlərə nəzarət olunur. Nəzarət nəticəsində diplomun həqiqiliyini təsdiq edən sertifikat verilir. Beləliklə, həmin şəxs ölkəmizdə müvafiq sahə üzrə çalışa bilir. İstənilən halda, adıçəkilən qəzet həmin üniversitetin nüfuzunu aşağı salıb".

Günel CƏLİLOVA

Chosen
8
baki-xeber.com

1Sources