EN

Sahibə Qafarova Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçıları ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 18-də “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçıları ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, S.Qafarova Azərbaycan paytaxtının hazırda həm simpozium, həm də regionda parlamentlərarası əməkdaşlığın mühüm mexanizmi olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 65-ci Assambleyasına uğurla ev sahibliyi etdiyini bildirərək, deyib ki, belə tədbirləri təşkil etmək, beynəlxalq ictimaiyyəti maraqlandıran məsələlərin müzakirəsi üçün platformanın təmin edilməsi Azərbaycanın baxışını, dialoqa və əməkdaşlığa sadiqliyini əks etdirir.

Vurğulanıb ki, bu, ciddi problemlərlə üzləşən dünyada yalnız birgə səylər və koordinasiya ilə ümumi məqsədlərə və mühüm nəticələrə nail ola biləcəyimizə inamın təzahürüdür.

Görüşdə Azərbaycanın inkişaf yolu və insan hüquqları sahəsində əldə etdiyi nailiyyətlər barədə qonaqlara məlumat verən spiker Sahibə Qafarovanın sözlərinə görə, ölkəmiz üzləşdiyi bütün çətinliklərə və çağırışlara baxmayaraq, insan hüquq və əsas azadlıqlarının müdafiəsi sahəsində mühüm nailiyyətlər əldə edib. O, həmçinin, Azərbaycanda İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun fəaliyyəti, bu sahədə mövcud olan qanunvericilik bazası haqqında da danışıb.

Söhbət zamanı spiker Sahibə Qafarova Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin 30 il ərzində qonşusu Ermənistan tərəfindən işğalı, şəhər və kəndlərimizin, infrastrukturun, tarixi, dini, mədəni irsin tamamilə dağıdılması haqqında da danışaraq deyib ki, burada söhbət həm də insan hüquqlarının, xalqımızın əsas azadlıqlarının pozulmasından gedir. Onun sözlərinə görə, Azərbaycan xalqı etnik təmizləmə və soyqırımı ilə üzləşmiş, öz yurd-yuvasından didərgin düşməyə məcbur olmuşdur. Qeyd olunub ki, işğal olunmuş ərazilərdən 750 mindən çox məcburi köçkün, həmçinin Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı 1980-ci illərin sonlarında, hələ münaqişə başlamamış öz doğma yurdlarından didərgin salınıb. Ağır sosial-iqtisadi yükə baxmayaraq, dövlətimiz onların ehtiyaclarını ödəmək, təməl hüquqlarını təmin etmək üçün bütün lazımi tədbirləri gördü. Bu mənada, ərazilərimizin işğaldan azad edilməsi, ərazi bütövlüyünün və suverenliyinin bərpası həm də insan hüquqlarının və əsas azadlıqların təntənəsidir.

Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparıldığını bildirən Sahibə Qafarova deyib ki, görülən tədbirlər keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına şərait yaradıb. 44 günlük Vətən müharibəsindən ötən qısa müddət ərzində bu ərazilərdə 40 mindən çox insan yaşayır və işləyir. Milli Məclisin sədri xüsusilə vurğulayıb ki, bütün bu nailiyyətlərin memarı olan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi rəmzi məna daşıyır: Dövlətçiliyimizin hüquq və azadlıqlarını təmin edən əsas sənəd olan Azərbaycan Konstitusiyasının qəbulunun 30-cu ildönümü, Vətən müharibəsində qələbənin, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasının, xalqımızın hüquq və azadlıqlarının təmin edilməsinin 5-ci ildönümü.

Spiker Sahibə Qafarova bununla belə, hələ də aradan qaldırılmalı olan bəzi məsələlərdən danışıb. O, xüsusilə Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüquqlarının təmin edilmədiyini, Ermənistanın hələ də buna məhəl qoymadığını söyləyib. O, bu Simpozium zamanı aparılan müzakirələrin beynəlxalq ictimaiyyətin bu məsələyə diqqətinin artırılması və Ermənistanın bu insanların hüquqlarına hörmətlə yanaşmağa məcbur edilməsi baxımından əhəmiyyətli olacağına da inamını ifadə edib.

Görüşdə çıxış edən Türkiyənin Baş Ombudsmanı Mehmet Akarca, İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının İcraçı katibi Almas Ali Jovindah, Özbəkistan Respublikası Ali Məclisinin İnsan Hüquqları üzrə müvəkkili Feruza Eşmatova, Slovakiya Respublikasının Ombudsmanı Robert Dubrovodski Ombudsmanların Beynəlxalq Simpoziumunda müzakirə olunan mövzuların aktuallığı və əhəmiyyəti ilə bağlı fikirlərini səsləndiriblər. Həmçinin, insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb. Bu sahədə qanunverici orqanların mühüm rolu xüsusilə qeyd edilib.

Chosen
5
8
bakivaxti.az

9Sources