EN

Qurban Qurbanov: "Çoxdandır belə komandalara qarşı oynamırıq"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

Operativ Media xəbər verir ki, mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlama verib.

O, “Linfild” komandasının “köhlən atlar”a tanış rəqib olduğunu söyləyib:

“Çoxdandır belə komandalara qarşı oynamırıq. Baxmayaraq ki, “Linfild” bizə tanış rəqibdir. Onlara qarşı gərgin oyunlarımız keçmişdi. Ümumilikdə sabit komandadır. İrlandiya futbolu da sürətlə inkişaf etməyə başlayıb. Hər iki komanda, bəlkə də, bizə uyğun olmayan rəqibdir. Tez bir zamanda ətraflı məlumat topladıqdan sonra ciddi şəkildə hazırlaşacağıq. Belə komandaların istəyi çox olur, sürətə, güc futboluna üstünlük verirlər. İstənilən halda Çempionlar Liqasında zəif komanda olmur, hamısı ambisiyalıdır”.

53 yaşlı mütəxəssis hazırlıq üçün vaxtlarının olduğunu deyib:

“Bir aya yaxın vaxtımız var. Bu müddətdən düzgün istifadə etmək istəyirik. İlk oyunumuz səfərdə olacaq və bu ölkələrlə məsafə çox uzaqdır. Ancaq bunları özümüzə problem hesab etməli deyilik. Buna uyğun proqram quracağıq. İstənilən çətinliyə, uzaq yola və ya hava şəraitinə baxmayaraq, ilk matça hazır olmağa çalışacağıq”.

“Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq. Ağdam təmsilçisi ilk matçını səfərdə keçirəcək.

Chosen
3
39
operativmedia.az

10Sources