Bu ilin yanvar-may aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10 milyard 270 milyon 805,90 min kubmetr həcmində təbii qaz ixrac edib.

İndex.az bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 3 milyard 833 milyon 012,99 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2024-cü ilin ilk 5 ayı ilə müqayisədə 3,6 %, dəyəri isə 11,06 % çoxdur. 2025-ci ilin yanvar-may aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 34,84 % olub.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 966 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 1,1 milyon ABŞ dolları ixracın, 9 milyard 964,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,2 % az, idxal isə 36,5 % artıb.