Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Trampın G7 sammitini vaxtından əvvəl tərk etməsinin açıqlaması onun geri çəkilərək Rusiya ilə konfrantasiya xəttindən uzaqlaşması, Putinlə konstruktiv danışıqlar aparıb onunla münasibət qurmaq siyasətinə üstünlük verdiyinə işarədir”.
Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Mehman Əliyev ABŞ Prezidenti Donald Trampın G7 sammitini vaxtından əvvəl tərk etməsinin Rusiya üzərində hansı təsirinin ola biləcəyini şərh edərkən deyib:
"Tramp G7-nin toplantısını vaxtından əvvəl tərk edərək, Vaşinqtonda Təhlükəsizlik Şurasının iclasını keçirib. Burada Rusiya ilə bağlı təzyiqləri nəzərdə tutan İşçi Qrupu var idi ki, Tramp da həmin qrupu buraxıb. Bu isə faktiki o deməkdir ki, Tramp geri çəkilərək Rusiya ilə konfrantasiya xəttindən uzaqlaşır. Yəni Putinlə konstruktiv danışıqlar aparıb münasibət qurmaq siyasətinə üstünlük verir. Tramp Rusiya ilə münasibətləri dəyişib onunla əməkdaşlıq qurmaq istəyir”.
Həmsöhbətimizin fikrincə, bu əməkdaşlığın nəticəsi isə özünü iki istiqamətdə göstərə bilər:
"Ukraynadakı müharibəni hansısa bir formada dayandırmağa çalışmaq və gələcək üçün Moskva ilə birgə layihələr işləmək. Axı Putin bir müddət əvvəl ABŞ-ı Rusiyanın sərvətlərinin istismarında iştiraka dəvət edib. Ona görə Tramp tərəfindən də strateji olaraq bu istiqamət götürülüb və faktiki olaraq da proses məhz həmin istiqamətdə gedir”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iyunun 17-də Kanadada keçirilən G7-nin toplantısını vaxtından əvvəl tərk edib.
Bu isə tərəfdaşları arasında böyük narahatlıq yaradıb. İtaliyanın NATO-dakı keçmiş səfiri Stefano Stefanini deyib: "Təsəvvür edin, əgər Tramp NATO sammitini də tərk etsə, bunun Moskva üzərində hansı təsiri olar”.
Sammitdən öncə Tramp 2014-cü ildə Rusiyanın G8-dən çıxarılmasını "səhv” adlandıraraq, Moskvaya danışıqlar masasında yer ayrılmamasını tənqid də edib.
Rüfət Sultan
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.