EN

Bu qidalar ürək xəstəlikləri riskini azaldır

Ürək-damar xəstəlikləri dünyada ən çox rast gəlinən ölüm səbəblərindən biridir. Lakin bu riski azaltmağın dadlı bir yolu var: qırmızı super qidalar. 

News24.az xəbər verir ki, antioksidantlar, vitaminlər, minerallar və iltihab əleyhinə maddələrlə zəngin olan bu təbii məhsullar yalnız süfrənizə rəng qatmır, həm də ürək sağlamlığınızı qoruyur.

Budur mütəxəssislərin də tövsiyə etdiyi ürək dostu beş qırmızı super qida:

1. POMİDOR

Likopenlə zəngin olan pomidor, ürək sağlamlığı üçün önəmli tərəvəzlərdən biridir. Likopen, pis xolesterolu (LDL) azaltmağa, damar tıxanıqlığının qarşısını almağa və qan təzyiqini salmağa kömək edir. Üstəlik, bişmiş pomidor bədəndə bu dəyərli antioksidantın daha asan mənimsənməsini təmin edir.

2. ÇUĞUNDUR

Nitrat baxımından zəngin olan çuğundur, bədəndə nitrik oksidə çevrilərək damarların genişlənməsinə və qan dövranının yaxşılaşmasına kömək edir. Bu isə aşağı təzyiq və daha səmərəli ürək funksiyası deməkdir. Çuğundur həmçinin fol turşusu, lif və kaliumla da zəngindir.

3. QIRMIZI ALMA

"Hər gün bir alma həkimi uzaq saxlayar" deyimi, xüsusilə ürək sağlamlığı üçün keçərli olaraq qalır. Qırmızı almalar iltihab əleyhinə təsir göstərən kversetin flavonoidi və xolesterolu azaltmağa kömək edən pektin adlı həll olunan liflə zəngindir. Almanı qabığını soyamadan yemək bu faydalardan tam istifadə etməyə imkan verir.

4. QIRMIZI ÜZÜM

Rezveratrol adlı maddə ilə tanınan qırmızı üzümlər, ürək damarlarının elastikliyini artıraraq qan axınını tənzimləyir və oksidativ stressi azaldır. Qırmızı şərabda da olan bu birləşmə, üzümün özündə lif və təbii şəkərlərlə birlikdə daha balanslı şəkildə qəbul edilir.

5. ÇİYƏLƏK

C vitamini, antosiyaninlər və polifenollarla zəngin olan çiyələk, yaxşı xolesterolu artırmaqla yanaşı iltihabla mübarizə aparır və qan təzyiqini aşağı salmağa kömək edir. Harvard Universitetinin apardığı bir araşdırmaya görə, həftədə üç və ya daha çox porsiya çiyələk və ya yaban mersini istehlak etmək, infarkt riskini 32% azalda bilər.


Günel Məlikzadə

Chosen
9
news24.az

1Sources