EN

HEYDƏR ƏLİYEVİN OXUNMASINI UMDUĞU TƏBRİK MƏKTUBU Rafael Hüseynov yazır

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rafael HÜSEYNOVAkademik

Onda hələ təqvimlərimizdə Milli Qurtuluş Günü deyilən bayram yox idi.

Həmin həyəcanlı tarix parçası da hələ qarşıda idi.

Azərbaycanın 70 illik həsrətdən sonra dövlət müstəqilliyini bərpa etməsinin bir ili təzəcə tamam olmuşdı. Öz milli dövlətinə sahibliyin, istiqlal içərisində yaşamağın xoşbəxt, ancaq hər addımı yeni-yeni ağır sınaqlarla dolu çətin yolunun əvvəlindəydik.

Elə günlər idi ki, sevinclə qəmlər, ümidlə xəyal qırıqlıqları yanaşı addımlayırdı. Millətin köksü bir yandan azadlığın, taleyinin yiyəsi olmağın fərəhi ilə qabarırdısa, digər yandan ləngərli dövran, torpaqlarımıza uzanan qəsbkar əllər, bəxtiyarlığımızı gözümüzdən tökməyə qısqırdılan qara qüvvələrin xəbis tərpənişləri səksəndirir, xoflandırırdı.

Ancaq insan ən qarışıq vaxtın içində də öz sabit məziyyətləriylə birgədir. Ən faciəli günlərdə sevinməyə də imkan tapır, ən xoşbəxt çağlarda kədərə də qapıla bilir.

1990-cı illərin əvvəlləri müasir tariximizin hər günü, bayatı demiş, min aya bərabər olan parçasıdır. Elə dövr ki, illərin içərisində onilləri yaşamış kimi olduq.

Qarabağın bütün millətə bağışladığı ən məlahətli avazlardan birinin sahibi Sara Qədimovanın 1992-ci il mayın 31-də 70 yaşı tamam olacaqdı. Mədəniyyət Nazirliyinin təqvimində bir neçə ay əvvəldən bu yubileyin təşkil edilməsi ilə bağlı qərar da yer almışdı. Ancaq mayın 8-də sevimli Şuşa zəbt ediləndən sonra həmin ay və hətta bir neçə ay sonra belə o məclisin keçirilməsi münasib görünmədi. Ürəyimizdəki Şuşa dağının göynəyi hələ qövr edirdi, Sara xanımın özündə də bir tərəddüd yaranmışdı ki, bayram vaxtı deyil, matəm içindəyik, bəlkə bu mərasimi daha sonralara saxlayaq. Lakin ilin sonu yaxınlaşdıqca nəzərdə tutulmuş tədbirlərin keçirilməsinə cavabdehlik daşıyan nazirlik əməkdaşları da vaxtaşırı Sara xanıma zəng vururdular, axırı nazir özü də əlaqə saxladı ki, artıq dekabrdır, nəsə etməliyik, tədbir plandadır, gərək bu il məsələni həll edək.

Həmin dekabr  günlərindən birində Sara xanımgilə baş çəkəsiydim, özü zəng vurub çağırmışdı. Mən gələndə onunla qonşuluqda yaşayan yaxın rəfiqəsi, digər böyük sənətkarımız Firəngiz xanım Əhmədova (1928-2011) ilə birgəydilər.

Sara xanım 3 il əvvəl, 1989-cu ilin martında Müslüm Maqomayev adına Filarmoniyada bacısının əri, muğam vaqifi Hacıbaba Hüseynovun (1919-1993) 70 illiyinə həsr edilən, mənim apardığım yubiley məclisindən evə qayıdandan bir qədər sonra, artıq gecə saatlarında zəng vurmuşdu ki: "Qabaqdan mənimçün də bu gün gəlir ha. İndidən əhd eləyirəm ki, o gecəni sən aparasan".

O vaxt "Mütləq!" deyib söz vermişdim və amma 1992-ci il dekabrın ortasında Sara xanım zəng vurub məni evə dəvət edəndə zənn edirdim ki, yəqin, tamam başqa işdən ötrü çağırıb, vaxtı ötdüyündən yubiley söhbəti təxirə düşüb.

Söhbəti Firəngiz xanım açmışdı ki, il başa çatır, Sara da yubileylə bağlı bir az nəm-nüm edir. Deyir, el məni qınayar ki, Gülablı qızı Şuşanın əsir vaxtında, Qarabağın belə narahat günündə özünə şadlıq məclisi qurur, amma mən də onu bu fikrindən daşındırıram ki, əksinə, belə məclislər elə indi lazımdır, insanlarımıza ruh verməliyik, qoymamalıyıq camaatımız həvəsdən düşsün.

Mən də Firəngiz xanıma haqq qazandırdım, dedim ki, sizin gecənizə toplaşanların əksəriyyəti elə qarabağlılar olacaq, orada da sözümüzü deyərik, indi bizə birlik, gücümüzə inam, hər şeyin yaxşı olacağı əzmi həmişəkindən daha çox gərəkdir.

Biz bu söhbətləri edəndə Sara xanım yarım əsrdən çox idi müğənnilik edirdi. Bu 50 ildən artıq müddətdə o, Azərbaycanın ən sevimli insanlarından birinə çevrilmişdi, məlahətli səsi hər kəsə doğma idi.

Sara xanım sənət yolunu erkən başlamışdı. Buna, əlbəttə ki, Əlahəzrət Təsadüf də əl qoymuşdu. Müğənni olmaq Saranın heç yatanda yuxusuna da girməzmiş. Tibb texnikumunda təhsil alırmış, hələ 16 yaşı varmış. Ancaq məktəbli vaxtlarında gördüyü işi burada da davam etdirir, şagirdlərin iştirakı ilə təşkil olunan konsertlərdə olduğu kimi, texnikumun tədbirlərində də babat səsli başqa müdavimlərlə bərabər o da xalq mahnıları oxuyurmuş. Ancaq iş elə gətirir ki, texnikumun bayram konsertlərindən birində yeniyetmə Saranın oxusunu "zərgər" eşidir. Zərgər də kim ola - o dövr xanəndələrinin ən çox arananı və muğamatdan da, qəzəliyyatdan da başqa yerlərdən daha artıq hali olan Abşeron kəndlərində özününkü bilinən Zülfi Adıgözəlov (1898-1963). İllər boyu Zülfi ilə sənət yoldaşlığı etmiş tarzən Bəhram Mansurov (1911-1985) danışırdı ki, Azərbaycanın dörd bucağında Zülfinin vurğunuydular, ancaq abşeronlular ona başqa cür aşiqdilər. Bəhram müəllim bunu da təsdiqləyirdi ki, 1930-cu illərdə Abşeron kəndlərində doğulmuş, "Zülfi", "Zülfiqar" çağırılan oğlanların hamısına bu adı sevimli xanəndənin şərəfinə vermişdilər.

Zülfi o çağlarda həm də dövrün məşhur sənət ocaqlarından sayılan Əbilov adına Mədəniyyət Evində musiqi dərnəyini aparırmış. Saranı dərnəyinə cəlb edir və başlayır bu istedadlı qıza muğamları, təsnifləri, az oxunan xalq mahnılarını öyrətməyə.

O, yalnız iti xanəndə fəhmiylə sezmir, elə aşkarca da görürdü ki, bu qız bir qızıl külçədir, qadın müğənnilərin barmaqla sayılacaq qədər az olduğu vaxtda onu böyük sənət meydanına bacardıqca tez çıxarmaq gərəkdir ki, həm boşluqları doldursun, həm də digər yaşıdları arasından ondan ilhamlanaraq sənətə gələn qızlar çoxalsın.

Zülfi 1938-ci ildə keçirilən Bədii Özfəaliyyət Kollektivlərinə Respublika baxışında Əbilov adına Mədəniyyət Evinin solisti kimi gənc Saranı səhnəyə "Qatar" muğamı ilə çıxarır. Çünki bilirdi münsiflər heyətində Üzeyir Hacıbəyli (1885-1948), Əhmədxan Bakıxanov (1892-1973), Hüseynqulu Sarabski (1879-1945) kimi xiridarlar əyləşib və onlar bu qızı eşidincə əlavə nəsə deməyə zərurət qalmayacaq, ən sərfəli qərarı onlar özləri verəcəklər.

Zülfi necə hesablamışdısa, o təhər də alınır. Üzeyir oxusunu bitirən Saranı çox tərifləmir, qanrılır Sarabskiyə sarı, deyir ki, bunu elə sən öz sinfinə götür.

Artıq Saranı dinləyə-dinləyə Üzeyir bəy də, Sarabski də onun simasında yalnız sabahın yaxşı müğənnisini deyil, həm də cazibədar Leylisini, Əslisini görürdülər.

Bunları mənə rəhmətlik Sara xanım özü söyləyirdi. Danışırdı ki, "1938-1941-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində Sarabskinin sinfində muğam dərsləri aldığım dövrdə Hüseynqulu hərdən Üzeyir bəylə birlikdə məni ilk dəfə görüb eşitdikləri müsabiqəni xatırlayırdı. Sən demə, mən oxuduqca bunlar öz aralarında gələcəkdə operada çox faydalı ola biləcəyimi deyib sevinirmişlər".

Müharibə ərəfəsində, 1941-ci il yanvarın 17-də Sara Qədimova Filarmoniyaya solist kimi rəsmən işə qəbul ediləndə heç 19 yaşı tamam olmamışdı.

Bu sütül qızın özünə də o yaşda həmin mötəbər səhnədə Cabbar Qaryağdıoğlu (1861-1944), Seyid Şuşinski (1889-1965), Zülfi Adıgözəlov, Hüseynqulu Sarabski, Xan Şuşinski (1901-1979) kimi azmanlarla yanaşı çıxış etmək yuxu, möcüzə kimi gəlirmiş.

O mahir usta və ustadların hər birinə illər boyu sədəfli tarıyla yol yoldaşlığı etmiş və həmin nəsil sənətkarlarımızın hamısının da özünə ağsaqqal hesab etdiyi Qurban Pirimov (1880-1965) danışırmış ki, Filarmoniyaya hələ-hələ hər qabil xanəndəni də işə qəbul etməzdilər, bir çox xanəndə elə konsertdən-konsertə gələrdi, oxuyub gedərdi, Sara Filarmoniyaya solist qəbul ediləndə burada əməkhaqqı cədvəlinə qol çəkən cəmi yeddi xanəndə vardı, onların da hamısının yaşı qırxdan çox.

Filarmoniyanın da, sonralar bağlandığı Opera teatrının da, bütövlükdə xalq musiqi ifaçılığının da tarixində Sara xanım elə sənət hünərləri göstərib ki, tarix vərəqləndikcə o səhifələr daim iftixarla anılacaq. "Mahur-hindi", "Xaric segah", "Şur dəstgahı" muğamlarının qadın xanəndələrimiz arasında ilk ifaçısı Sara xanım olub (doğrudur, Mirzə Məhəmmədhəsən (1851-1917) yolu ilə Sara xanımdan daha yaşlı Yavər Kələntərlinin (1902-1979) ifasında da "Şur"un bütövü var. Ancaq o lent yazısı Bəhram Mansurovun təşəbbüsü ilə Saradan daha sonrakı tarixdə lentə alınıb. Və ustad Hacıbaba Hüseynov Sara Qədimovanın digər qadın muğam ifaçılarından elə "Şur"da oxu üstünlüyünün bir özəlliyini qabardırdı: "Sara yeganə qadın müğənnidir ki, "Şur"u əsl oxunmalı olalduğu yerdə, məhz kişilərin oxuduğu yerdə oxuyub").

Eləcə də, daha çox kişi xanəndələri daha çox kişi xanəndələrin ifa etdiyi "Rast", "Bayatı-Şiraz", "Mahur-hindi", "Çahargah" dəstgahlarını da qadınlar arasında mütəmadi ifa edən və heç kişilərdən də geri qalmayan Sara Qədimova olub. Sara xanım 11 muğam ifa edib ki, onlardan yeddisi vallarda və Azərbaycan radiosunun "səs xəzinəsi"ndə qalmaqdadır. Saraya qədər muğamçılığımızda heç bir qadın xanəndə belə nəticələrə müyəssər olmayıb. Heç müasirləri arasında da bu baxımdan ona rəqib ola biləcək ikincisi yoxdur.

O təmizlik, o büllur saflığı, o təkrarsız məlahət, o mehriban şirinlik ki Sara xanımın səsində vardı, bizə yadigar qalan 200-dən artıq bəstəkar mahnısı, xalq nəğməsi və təsnifin hər birində yaşamaqdadır. Ancaq Saranın bir üstünlüyü də vardı. O, oxuduğu sözə də çox həssaslıqla yanaşar, qəzəlləri anlayaraq, ürəyindən keçirərək nöqsansız ifa edərdi. Bunun başlıca səbəblərindən biri o idi ki, yolunun əvvəlindən Sara xanımın bəxtinə Qarabağdan xanəndələr içində şeiriyyata aşinalıq baxımından digərlərindən bir və bir neçə baş ucada dayanan Zülfi Adıgözəlov, el sözünün bilicilərindən, özü də bişkin ədəbi qələmli Hüseynqulu Sarabski kimi mükəmməl müəllimlər çıxmışdı.

16 yaşında səhnəyə gələn Sara Qədimova 83 illik ömrünün 67 ilini yüksək sənətlə oldu. Ondan əvvəl bunca uzun sənət bioqrafiyalı qadın sənətçimiz olmamışdı. Yəqin,  bundan belə də, çətin ki, kimsə həmin heyrətamiz göstəricini təkrarlaya, ya ötə bilə.

Sara xanımın oxusunu mən uşaqlıq illərimdən sevmişəm və onu radiodan səsi gələn qadın müğənnilərin hamısından daha məhrəm qəbul etmişəm. Çünki Kürdəmirdəki bir çox başqa ailələrdəki kimi, bizim evdə də onun söhbəti tez-tez gedərdi, kürdəmirlilər onu özününkü sayar, "Sara gəlinimizdir" söyləyərdilər. Axı Sara xanım kürdəmirli Qədir İslamzadəyə ərə getmişdi və o izdivacın da bəhrəsi Akif oldu...

Bu da uşaqlıq çağlarımın dumanlı hekayəti kimi yadımdadır ki, Sara xanım 1964-cü ildə Bakıda ağır avtomobil qəzasına uğrayanda, "ayağını kəsəcəklər, daha oxumayacaq" şayiəsi yayılanda nənəm ağlayırdı, dua edirdi (ehtimal ki, Azərbaycan boyu o vaxt çoxları oxşar nigaranlığı yaşayırmış. Elə bil köhnə onillərdə məşhur şairləri, yazıçıları, alimləri, sənətkarları xalqımız özünə daha simsar tuturmuş. Sonra bu nəcib vərdiş asta-asta yadırğandı, yaxud yadırğadıldı) və üstündən 20 il ötəndən sonra mən bunu Sara xanıma söyləyəndə bu dəfə o, qəhərlənmişdi...

Sara xanımın həyatı da o dəhşətli qəzada bitə bilərdi, sağ qalaraq 42 yaşında sənətdən biryolluq ayrılması da istisna deyildi. Bunu da özü söyləyirdi ki, həmin dövrdə təkcə SSRİ-də deyil, dünyada məşhur olan ilk və yeganə qadın kosmonavt Valentina Tereşkovaya (1937) Bakıdan nüfuzlu şəxslər vasitəsilə yol tapılır, o da Moskvanın sümük cərrahiyyəsi üzrə ən bilgin doktoru Nikolay Trapeznikovu (1928-2001) Bakıya yollayır.

İş ondadır ki, Sara xanımın ayağındakı əməliyyat uğurla keçmişdisə də, onunçün sadəcə qıçının kəsilməkdən xilas edilməsi az idi. Göyçək, cavan qadındı, səhnə həyatının mənası idi, qıçında şikəstlik qalsaydı, axsamağa başlasaydı, gərək sənətə də "əlvida" deyəydi.

Professor gəlir, qısa müddətdə Sara xanımı ayaq üstə qoymağa nail olur.

Bu, müğənni üçün ikinci doğuluş deməkdi.

Yolun yarımçıq qırılması ehtimalı çox yüksək idi, xoşbəxtlikdən belə olmadı, Sara xanım nicat tapdı və sonra elə qəza ilinəcən sürdüyü ömür qədər həyat  yaşadı, nə qədər solmaz incilər yaratdı.

Və o sürəkli, parlaq sənət ömrünün iki zirvə tarixinin bayramında mən Sara xanımla idim.

1992-ci ildə Filarmoniyada qeyd edlən 70 illik yubileyinin də, 2002-ci ildə Opera teatrında baş tutan 80 illiyi məclisinin də aparıcısı öz xahişi ilə mən oldum.

1992-ci ilin dekabrında ilk dəfə idi ki, Xalq artisti Sara Qədimovanın yuvarlaq ildönümü təntənə ilə keçiriləcəkdi.

Artıq qəzetlərdə çoxdan gözlənilən yubiley mərasiminin yaxın günlərdə gerçəkləşəcəyi xəbər verilirdi. Məclis, 1992-ci il dekabrın 22-nə təyin edilmişdi.

Sara xanım onillər ərzində onminlərlə insanın qəlbini ovsunladığı Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının doğma səhnəsində idi.

O axşam Şövkət Ələkbərova (1922-1993), Firəngiz Əhmədova, Leyla Bədirbəyli (1920-1999), Hacıbaba Hüseynov (1919-1993), Süleyman Ələsgərov (1924-2000), Əlibaba Məmmədov (1929-2022)... bir-birindən əziz və heyif ki, artıq hamısı Haqqın dərgahına qovuşmuş nadir sənətkarlar da həmin tarixlə dolu səhnədə idilər.

Artıq yeddi ay idi ki, Xalq Cəbhəsi hakimiyyətə gəlmişdi və Moskvadan Vətənə dönəndən sonra Bakıda yaşamasına imkan verilməmiş unudulmaz Heydər Əliyev Naxçıvana sığınmışdı (Axıb gedən tarixi dəyişmək mümkünsüzdür. Amma Heydər Əliyevli Naxçıvanı düşünürkən bu da ağlımdan keçir ki, axı o nəhəng şəxsiyyət elə mürəkkəb bir dönəmdə orada olmasaydı, varlığıyla və apardığı siyasətlə Naxçıvanın zirehinə çevrilməsəydi, muxtar respublikanın taleyi tam başqa cür alınardı, kəndləri, rayonları zəbt də edilərdi, bütöv Azərbaycandan ayrı salınmış o Vətən parçası itirilmək sarsıntılarıyla da qarşılaşardı). 

Axşam saat 6-nı keçirdi, Filarmoniya zalı asta-asta tamaşaçılarla dolurdu və tədbirin başlanmasına az qalmış sonralar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olacaq Hacıbala Abutalıbov (1944) mənə yaxınlaşdı. 

Dedi ki, Heydər Əliyev salam göndərdi və xahiş etdi ki, bu məktubu sizə çatdırım.

Zərfi elə Hacıbala müəllimin yanındaca açdım, bu, Heydər Əliyevin Sara xanıma yazdığı təbrik məktubu idi.

Hacıbala müəllim dilləndi ki, Heydər Əliyev xahiş etdi, imkan olsa, bu məktubu səhnədən oxuyasınız.

Ulu Öndər ağıllı adam idi, ona iqtidarın əks sərt münasibətindən agahdı və bilirdi ki, o günlərdə və aylarda müsahibələrinin qəzetlərdə dərc edilməsi, ictimai tədbirlərdə, radio-televiziyada adının müsbət istiqamətdə hallandırılması müşküldir.

Bundan yaxşı xəbərdar olduğundan "imkan olsa, səsləndirsin" demişdi. Yəni alınmasa, biləcəyik ki, bu, sizdən asılı olmayan səbəbdən baş tutmayıb.

Elə vaxt idi ki, mətbuatda, radio-televiziya öz yerində, hətta belə izdihamlı bir məclisdə də adının çəkilməsinin Moskvada vurulmuş, Bakıda da hər tərəfdən hücumlara məruz qalan Heydər Əliyev üçün ən azı bir mənəvi dayaq kimi mənası vardı.

Gecənin aparıcısı olaraq irəlicədən yazılıb rəsmən təsdiqlənmiş xüsusi bir ssenarim yoxdu. Nələr çalınıb-oxunacaq, irəlicədən müəyyənləşdirilmişdi, ancaq məzmunun necə olacağı sırf mənim özümdən, orada edəcəyim improvizələrdən asılı idi. Başqa sözlə, səhnədə, böyük çıxmasın, ixtiyar sahibi məndim.

Hacıbala müəllimə dedim ki, siz zalda əyləşin, Heydər Əliyevin məktubunu da götürün, məsələni daha təntənəli həll edək, mən bir müddət sonra Heydər Əliyevi və bu təbriki ayrıca təqdim edəcəyəm, sizi səhnəyə çağıracağam ki, məktubu özünüz oxuyasınız.

Bir neçə çıxışdan və musiqi nömrələrindən sonra, artıq bütün zal bu məclisin sehrində olan əsnada, təqribən tədbirin ortalarında həmin təbrik məktubunun üzərinə gəldim.

Heydər Əliyev o vaxt artıq doqquzuncu ay idi ki, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri vəzifəsini daşıyırdı. Ancaq onu səhnədən təqdim edərkən əsl böyüklüyünün müqabilində balaca Naxçıvanın rəhbəri olmasını söyləməyi rəva görmədim. Dedim ki, "sənətə, sənətkara həmişə xüsusi həssas və qayğıkeş münasibətilə seçilmiş böyük dövlət adamı Heydər Əliyev Sara xanımın bu yubiley gecəsinə təbrik məktubu göndərib".

Və təmsilçisi Hacıbala Abutalıbovu məktubu oxumaqçün səhnəyə dəvət etdim.

Təbrik gur alqışlarla qarşılandı. O dövrdə Heydər Əliyevin adının xalq arasında belə alqışlar və rəğbətlərlə qarşılanması hər dəfə onun daha bir yeni qayıdışı deməkdi.

(Heydər Əliyev tarixin olan, tarixə qovuşmuş şəxsiyyətdir. Özünün həyatda olmadığı çağlarda insanlar haqqında yeni yaddaşla köhnə xatirələr yaratmaq mərəzi də, nə acı ki, mövcuddur. Başvermişlər bəzən bilərəkdən, hərdən bilməzlikdən saxtalaşdırılır, olmuşlar təhrifə uğradılır. Elə bu hadisəylə bağlı çoxdan yayımlanmış bir yazı indilərdə qarşıma çıxdı. 2016-cı il mayın 31k-də "Publika.az" saytında "Sara Qədimovayla bağlı gizlinlər: "İşıqlar söndürüldü, maşına basıb apardılar" adlı bir müsahibə dərc edilib.

Yazılan tarixdə qalır, kiminsə gözünə sataşar, oxuyub düz olmayana inana da bilər, yaxud yanlış olanı oxuyandan sonra doğrunu mütaliə edəndə həqiqinin gerçəkliyinə onda şəkk yaranar. Ona görə də həqiqətin gələcəyə dürüst ötürülməsi həmişə vacibdir. Həmin yazıda müxbir tanınmış xanəndə və opera müğənnisi, Xalq artisti Canəli Əkbərovla (1940-2021) müsahibə aparır və onun dilindən yazdığını sözbəsöz, heç nəyi təshih etmədən iqtibas gətirirəm: "Heydər Əliyev Naxçıvanda Ali Sovetin Sədri olan ərəfədə Bakıda Sara xanımın yubileyi keçirilirdi. Ulu Öndər Sara xanımın adına təbrik məktubu yollamışdı. Lakin həmin vaxt hakimiyyətdə olan qüvvələr bu məktubun oxunmasına icazə vermədilər. Belə olan halda Sara xanım yubilyar olaraq etiraz etdi, dedi ki, əgər o məktub oxunmasa, yubileydən imtina edəcəm. Məcbur qalıb məktubu oxudular".

Əlbəttə ki belə olmayıb. O məktub səhnədən oxunanadək Sara xanımın belə bir təbrikin göndərilməsindən xəbəri yoxdu. Ulu Öndər də Hacıbala Abutalıbova həmin məktubla birbaşa mənə yaxınlaşmağı ona görə tapşırmışdı ki, irəlicədən daha çox adam xəbər tutarsa, Heydər Əliyevin adından qorxub kölgəsini qılınclayanlar təbrikin səhnədən səslənməsinin qarşısını hər vəchlə alardılar.

Bunları sabaha saxlamayaraq indi ona görə yazıram ki, hadisənin canlı şahidi Hacıbala müəllim həyatdadır və Ulu Öndərə həmişə sədaqətli olmuş bu insan, söz yox ki, olmuşları necə var, o cür xatırlayır).

Ertəsi gün Heydər Əliyev Naxçıvandan Sara xanıma zəng vuraraq onu şəxsən də təbrik etmişdi.

O yubiley axşamından 6 il sonra, 1998-ci il avqustun 21-də Prezident iqamətgahında ədəbiyyat, mədəniyyət, elm, din və idman xadimlərinə "Şöhrət" ordenləri təqdim edilərkən (Heydər Əliyevin bir üstünlüyü də belə günləri və hər bir təltifi öz iştirakı və dediyi sözlərlə daha da şərəfləndirməsi, yaddançıxmaz tarixi hadisəyə döndərə bilməsi idi) Sara xanım da çıxış etmişdi və həmin telefon zəngini yada salmışdı. Demişdi ki, mən indiyədək aldığım mükafatların hamısını kənara qoyuram, bir məsələni isə heç vaxt unutmuram. Rəhmətlik Gülağa (Gülağa Məmmədov, 1925-1994) da bizdə idi. Bir də gördüm Naxçıvandan zəng gəldi. Məndən iki dəfə soruşdular ki, Sara xanımın evidir. Cavab verdim ki, bəli. Mənə dedilər ki, Heydər Əlirza oğlu sizinlə danışmaq istəyir. Çox həyəcan keçirdim. Gülağa da oturmuşdu, ona dedim ki, səs eləmə. Qərəz, birləşdirdilər, biz danışdıq.

Ordenin də, medalın da öz yeri var, çünki zəhmət çəkmişik.  Biz indikilər kimi yaşamamışıq. Öküz arabasında, palçıqlı yollarla gedib camaat, əsgərlər qarşısında çıxış etmişik. İndi yaxşı yollar, maşınlar, şərait var. Biz çox ağır günlər keçirmişik. Bir qarnı ac, bir qarnı tox yaşamışıq. Bütün bunları ona görə danışıram ki, mən o günü, dəqiqəni - Heydər Əlirza oğlunun Naxçıvandan mənə zəng etdiyini heç vaxt yaddan çıxara bilmərəm...

...Azərbaycan Radio və Televiziyası ilə əməkdaşlığa mən ilk tələbəlik illərimdən başlamışam.

Birinci müstəqil verilişim 1974-cü ildə radioda səslənib, ardınca həm radioda, həm televiziyada müntəzəm verilişlər aparmağa başlamışam və həmin əməkdaşlıq bugünədək davam edir.

Əvvəlinci  verilişlərimdən etibarən də həmişə montajda iştirak etmişəm - başlanğıc dövrdə sadəcə müşahidəçi kimi, təcrübələndikcə, sözümün keçərliliyi artdıqca isə əvvəldən-sonacan bütün verilişlərimin ilk dəqiqəsindən axırıncı nöqtəsinədək bütün montajı səliqəmə və düşündüyümə müvafiq olaraq həmişə özüm yerinə yetirmişəm.

İndi də vaxtım nə qədər qıtsa belə, həmin qaydayla işləyirəm.

33 il əvvəl Sara Qədimovanın Filarmoniyadakı yubiley gecəsini Azərbaycan Televiziyasının səyyar kameraları əvvəldən-axıradək çəkirdi.

Redaksiya ilə razılaşdırmışdıq, gecənin efirə gedəcək versiyasının montajını özüm edəcəkdim.

 Qəsdən bir az uzatdım ki, vaxt keçsin, gecənin təfərrüatları da nisbətən yaddaşlarda soyusun.

Montaj gedişində müəyyən xırda-para ixtisarlar etsəm də, Heydər Əliyevlə bağlı yerləri olduğu kimi saxladım.

Ancaq bir təhlükə qalırdı. Efirdən əvvəl baxanlardan kiminsə diqqətini o məqam cəlb edə bilərdi, söz yox, bu halda tələb edəcəkdilər ki, həmin parça ixtisara salınsın. İndi nə var ki! 1992-ci ildə isə televiziyada montaj işi texniki baxımdan üzüntülü, yorucu bir proses idi. İrəli getmiş kompüter texnologiyaları elə geniş meydanlar açıb ki, vaxtilə iri dolaqlardakı enli videolentlərdə montajları etmişlər üçün çağdaş montaj əsl can rahatlığıdır. Lazım gələndə hətta sözdəki hərfi belə asanlıqla ixtisar edir, uyğun olmayan kadrın üstünə başqa daha münasibini vura bilirsən. O vaxtlarsa bundan qat-qat sadə əməliyyatların hər birinə uzun dəqiqələr, saatlar sərf etməli idin. O da nəticədə ürəyinə yatan kimi alına-alınmaya.

       ,     ,   ,     .           ,        ,       . -   ,          “”  –      .                  ,   .

         ,   ,    31-                .         ,           .  ,    “”                ,       .

         ,   .

 ,            ,     .

Mən dahi Hüseyn Cavid haqqında elə həmin il Azərbaycantelefilm xətti ilə "Qayıdış" adlı sənədli-publisistik film hazırlamışdım. O filmi də başdan-sonacan özüm montaj etmişdim, artıq hazır idi, AzTV rəhbərliyi tərəfindən təsdiq olunması qalırdı və Cavidin nəşinin Sibirdən Azərbaycana qaytarılmasından bəhs edilən hissəyə, dəfnin keçiriləcəyi Naxçıvana yola salınmazdan qabaq tabutun bir zamanlar şairin yaşadığı binada - Əlyazmaları İnstitutunun böyük zalında ziyarət üçün qoyulmasını əks etdirən kinoxronikanı da əlavə etmişdim.

1982-ci ilin oktyabrına aid həmin kinokadrlarda dövlət və partiya xadimləri, ədəbi-mədəni ictimaiyyətin nümayəndələri sıralanmışdı. Ön planda ölməz sənətkarın qızı Turan Cavid  (1923-2004) və o dövrdə Azərbaycan Respublikasına rəhbərlik etmiş Heydər Əliyev görünürdülər. Azərbaycan Televiziya və Radio Verilişlərinin oçağkı sədri Məmməd İsmayıl (1939) tələb etmişdi ki, film yalnız o kadrların ixtisarından sonra qəbul edilə bilər.

Mən filmə başqa zərər dəyməsin deyə heç bir mübahisə etmədim, həmin kadrları da filmdən çıxarmadım, münasib girəvəni gözləməyi qərara aldım.

Bunu da xatırlatmağın yeri var ki, filmlər o vaxt indiki kimi elə videokameranın düyməsini basmaqla çəkilərək sonra da kompüterə köçürülüb montaj edilmirdi.  Kinoçəkiliş uzun və ağır, həm də tək bizdən asılı olmayan gedişat idi. Əvvəl çəkilişlər aparılır, sonra bu lentlər aşkarlanmaq üçün Moskvaya, ya Kiyevə göndərilirdi. İki-üç ay sonra oradan Bakıya qaytarılan aşkarlanmış lentlərin əsasında montaj başlanırdı. Təsvir düzümünü sona yetirdikdən sonra həmin lentə bənd edilən ikinci bir lentdə əvvəldən-axıradək səslər, musiqi qoyulurdu. Yenə bu dolaqlar respublikadan kənara göndərilirdi və müəyyən müddətdən sonra təsviri və səsi vahid lentdə birləşmiş hazır film geri gətirilirdi. Artıq hazır olan filmdə nəyisə kəsib çıxarmaq isə hər dəfə onu şikəst etmək deməkdi. Çünki montaj gedişində məzmunla bağlı hansısa irad irəli sürüləndə onu daha münasib şəkildə həll etmək qat-qat asan olur.

Əsas mətləbdən aralansam da, bu da tarixi işlərin bir cizgisidir, yazaq qalsın. Cavid haqqındakı filmim əl dəyilmədən Telefilmdə qalırdı. Hər dəfə söylənəndə ki, tələb olunan ixtisarı et, söyləyirdim ki, Bakıda Cavid abidəsinin açılışı gözlənilir. Qoy həmin açılış da baş versin, onu da çəkək, həmin parça da Kiyevdən aşkarlanıb gəlsin, montaj edib filmə yerləşdirək, istədiyiniz ixtisarı da onda apararaq filmi birdəfəlik təhvil verərik.

1993-cü ilin mayında çoxdan həsrətində olduğumuz gün də gəlib çıxdı. İndi şairin adını daşıyan prospektdə və bağda qiymətli heykəltəraşımız Ömər Eldarovun (1927) hazırladığı möhtəşəm Cavid abidə-kompleksinin üstündəki örtük çəkildi. O zaman Azərbaycan Respublikasının Prezidenti olan Əbülfəz Elçibəy (1938-2000) hərarətli çıxış etdi və mən danışdım.

Bütün bunlar çəkildi, həmişəki kimi, aşkarlanmaqdan ötrü Ukrayna paytaxtındakı kinostudiyaya göndərildi. Ancaq lent aşkarlanıb qayıdanda artıq Azərbaycanda iqtidar dəyişmişdi. 1993-cü ilin bəlli iyun hadisələri baş vermişdi, Əbülfəz Elçibəy Kələki dağlarına çəkilmişdi, Milli Məclisin Sədri seçilmiş Heydər Əliyev həm də prezident səlahiyyətlərini yerinə yetirməyə başlamışdı. Demək, daha ona aid kadrların qayçılanmasını tələb edən olmayacaqdı. 

Hüseyn Cavid abidəsinin açılışı ilə bağlı çəkilənləri də montaj edib hazırladım, lentləri səs və təsvir birləşdirməsindən ötrü növbəti və son dəfə Kiyevə yolladıq. Aylar keçdi, film qayıdıb əlimizə yetişdi, baxdılar və mühafizəkar redaktorlardan bir-ikisi əmma qoydu ki, hər şey yaxşı olmağına yaxşıdır, amma Elçibəylə bağlı o parçanı burada vermək lazım deyil, kəsib atın.

Mən əvvəlki ixtisar tələbi söhbətində olduğu kimi, yenə nə belə deyənlərlə dilləşməyə başladım, nə də hansı şəkildəsə səsimi çıxardım.

Həmin dövrün çalxantılı siyasi ab-havası o günlərdən keçib-gələnlərin, yəqin ki, yaxşı xatirindədir. Bəlkə də, filmdən sabiq və qaçqın prezidentlə bağlı parçanın çıxarılmasında israr edərkən onlar öz baxımlarından haradasa haqlı görünə bilərdilər. Mənsə filmi tam bitmiş hesab edirdim və nəyəsə əl vurmaq fikrim də yox idi.

O vaxtlar mən bütün başqa fəaliyyətlərimlə yanaşı həm də "Amerikanın səsi" radiosunun xüsusi müxbiri idim. Azərbaycansa o dönəmdə siyasi həyatdakı yeniliklərin çoxluğu və dramatizmi ilə seçilirdi, hər gün Bakıdan Vaşinqtona yalnız Azərbaycan redaksiyasına deyil, həm də fars, rus, ingilis bölmələri üçün reportajlar göndərirdim.

Heydər Əliyevsə mətbuata həmişə məxsusi diqqət bəsləyən bir lider olub. Sovet dönəmində belə olmuşdu, müstəqil Azərbaycana rəhbərıik edəndə də həmin sayaq idi və bu keyfiyyət onunla sonadək qaldı.

Yenicə ayaq tutan müstəqilliyin məşəqqətli kəsiyi, siyasi qəlizlikləri müşayiət edən iqtisadi sıxıntıların da hər istiqamətdə dövləti də, cəmiyyəti də sıxdığı əyyamlardı. Ancaq mətbuata son dərəcə yüksək dəyər verən, informasiya blokadasında olduğumuz həmin çağlarda səsimizin dünyaya daha sürətli və əhatəli çatmasına çalışan Heydər Əliyev hər xarici səfərində özü ilə jurnalistlərin iri dəstəsini aparırdı. Elə kasad dövr idi ki, zahirən bunlar artıq məsrəflər kimi də qavranıla bilərdi. Düzdür, hamı Prezident təyyarəsində uçurdu, biletə əlavə pul verilmirdi. Ancaq səfərə aparılan hər jurnalistin az olmayan mehmanxana və gündəlik xərcləri də vardı ki, üst-üstə gələndə xeyli məbləğ edirdi. Qənaət etmək düşünülsəydi, hər dəfə xarici səfərlərdə dövlət başçısını müşayiət edən jurnalist dəstəsindəkilərin bəlkə üçdə-dörddəbiri də kifayət edərdi, ancaq Heydər Əliyev bunun əksini düşünürdü. Ölkələrdən asılı olaraq dəstə getdikcə böyüyürdü. Heydər Əliyevin uzaqlara baxan gözləri bütün bu yazılanların həmin günlərdəki faydasından savayı, hər dərc edilən məqaləni, hər hazırlanan reportajı həm də gələcək üçün Azərbaycanın müstəqilliyinin böhranlı və mübarizəli bir dönəmdə inkişaf etdirilib möhkəmləndirilməsinin gerçək salnaməsi kimi görürdü.

Tale nəsib etdi ki, o səfərlərin bir çoxunda mən də Ulu Öndərlə yola çıxdım, Azərbaycandakı mətbuata açıq olan irili-xırdalı görüşlərinin də, demək olar ki, hamısında iştirak etdim. Qalan yalnız yazılar yox, həm də xatirələr, bütün varlığıyla məktəb olan müstəsna bir şəxsiyyəti ən yaxın məsafədən müşahidə edərək ondan bir çox incəlikləri öyrənmək macalı oldu.

Bakıda Heydər Əliyevin geniş tərkibli görüşlərindən başqa o dövrdə bir, ya iki nəfəri qəbul etdiyi tədbirlər də olurdu. İkinci halda qəbul çox zaman kiçik otaqda keçirilirdi və adətən də oradakı görüşlərə mətbuatdan çox adam çağırılmazdı. Ancaq hər halda həmişə AzərTAc-dan (indi AZƏRTAC), sonralar həmin quruma rəhbərlik edəcək Aslan Aslanov və xarici radiostansiyanın - "Amerikanın səsi"nin müxbiri kimi mən iştirak edərdik. Elə görüşlər olurdu ki, bir neçə dəqiqədən sonra otağı tərk edirdik, elə görüşlər də vardı ki, axıracan oturub qeydlər götürməyimizə izin verilirdi. Həmin sonacan iştirak etdiyimiz qəbullardan biri axıra yaxınlaşanda gözümü zillədim Heydər Əliyevə. Əhvalı, hiss olunurdu ki, xeyli xoşdur və bütün digər istedadlarından əlavə həm də elə anadangəlmə kəşfiyyatçı olan Heydər Əliyev, təbii ki, ona həmişəkindən daha fərqli, sözlü adam kimi baxdığımı duyurdu. Qonaqla xudahafizləşdi, mətbuatdan olanlar, çəkilişçilər də otaqdan çıxmaqçün qapıya yönəldi, Heydər Əliyev çevrildi mənə sarı: "Nəsə demək istəyirdin?" "Bəli, cənab Prezident", - dedim.

Və Cavid filmi ilə bağlı yaranmış vəziyyəti nağıl etdim. Filmin çoxdan tamamlanmasına baxmayaraq, əvvəlcə Heydər Əliyevlə əlaqədar kinoxronikaya görə buraxılmadığını, indi isə Cavid abidəsinin açılışında sabiq prezidentin görüntülərinin olmasına görə ixtisar tələb edildiyini söylədim.

Qayıtdı ki, bilirsən də, o vaxt Cavidin 100 illiyini qeyd edəndə bu abidənin yaradılması qərarını mən verdim, Ömər Eldarov da çox gözəl əsər yaratdı, abidə də, lap çoxdan hazır olmağına baxmayaraq, qoyulmurdu. Yaxşı ki, heç olmazsa, nəhayət, bu iş də tamamlandı. Açılışdır, olub, lent çəkilib, burada nə var ki, tarixdir, necə var, o cür də vermək lazımdır.

Və birdən heç gözləmədiyim halda soruşdu: "O Sara Qədimovanın yubiley gecəsini televiziyada verəndə nə əcəb mənə aid hissəni çıxarmadılar, necə etdin bunu?"

Bayaq necə yazmışdımsa, tarixçəni elə o cür də danışdım. Gülümsündü.

Bir neçə il qabaq Azərbaycan televiziyasında Sara Qədimovanın həmin 70 illik yubiley gecəsinin lent yazısını təkrar nümayiş etdirirdilər. Köhnə lent yazısının yada düşməsinin səbəbkarı o vaxtlar Azərbaycan televiziyasında çalışan və musiqimizin təbliği səmtində fədakar fəaliyyətləri hər təqdirə layiq olan Əməkdar incəsənət xadimi Çingiz Abbasov (1950) idi.

Artıq unudulmaz Heydər Əliyevin də, Sara xanımın da vəfatından illər keçirdi, büsbütün başqa vaxtın axarında idik.

Dostlardan biri ilə rastlaşdıq, dünən axşam həmin yubiley gecəsini televiziyada seyr edibmiş və mətbuata, yazı-pozu mühitinə bilavasitə bağlı adam olduğundan və o sahənin bir çox yazılmamış qaydalarına bələdliyindən təəccüblə soruşdu ki, 1992-ci ildə Heydər Əliyevin adını o verilişdə necə keçirə bilmişdin?..

...Heydər Əliyev mədəniyyətə qəlbən bağlı, daim onun qayğısını çəkən, həm də sənətin ayrı-ayrı sahələrini təqribən peşəkarcasına bilən universal zəkalı şəxsiyyət idi. O, Sara Qədimovanı da cavanlıq illərindən tanıyırdı, ifasını da çox bəyənirdi. Ancaq daha sıx yaxınlaşmaları 1967-ci ildə baş vermişdi. Onda Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində sədr müavini vəzifəsində idi. Həmin il o vaxtlar Türkiyənin Baş naziri olan Süleyman Dəmirəl (1924-2015) Sovet İttifaqına rəsmi səfərə gəlmişdi, o səfər çərçivəsində Bakıya da təşrif gətirmişdi. Qonağın SSRİ üçün fövqəladə mühümlüyünü nəzərə alaraq müşayiəti DTK-nın sədr müavini Heydər Əliyevə həvalə etmişdilər. Süleyman Dəmirəlin həmin Bakı səfərini əks etdirən qısa kinoxronika da qalır. Kadrlarda Heydər Əliyev Türkiyə Baş nazirinin lap yaxınındadır.

Görünür, Heydər Əliyevlə Süleyman Dəmirəl arasında sonacan davam edən dostluq və qardaşlığın təməli də elə həmin ilk görüş günlərində qoyulubmuş.

Çox da ki, Dəmirəl sovetin nəzərində dost olmayan bir ölkənin rəhbəri idi.

O, türk idi, bura da Azərbaycan! Vəzifə borcu, ideologiyaya sədaqət və bu qəbil yüz cür keyfiyyət həmişə daha dərində və gizlindəki candan gələn təbii və təmənnasız məhəbbət qarşısında acizdir!

Dəmirəlin həmin Bakı səfəri zamanı fəxri qonaqçün, adətən olduğu kimi, bədii proqramlar da nəzərdə tutulubmuş və o axşamlarda Baş naziri ən valeh edən Sara Qədimovanın oxuları olur...

1996-cı ildə dünya başqa dünya idi və artıq müstəqil Azərbaycan dövlətinin Prezidenti Heydər Əliyevlə Türkiyənin Cümhurbaşqanı Süleyman Dəmirəlin və Xalq artisti Sara Qədimovanın ilk görüşündən 29 il ötürdü.

Görünür, prezidentlər Ankaradakı görüşlərində hər ikisinin cavanlıq çağlarına təsadüf edən birinci təmaslarını xatırlayıblarmış, dünənləri bir qədər nostalji ilə anan Süleyman Dəmirəl vaxtilə oxuları ilə onu məftun etmiş müğənnini də yada salaraq soruşubmuş ki, Haydar bey, o şarkıçı güzel hanım hayatdamı?

Heydər Əliyev də gülərək özünə xas xəfif şuxluqla qayıdıbmış ki, sağ-salamatdır, elə əvvəlki kimi qəşəngdir, ovaxtkından da yaxşı oxuyur.

Lap az sonra Ankaradan Bakıya rəsmi dəvət gəldi. Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl Azərbaycan sənətkarı Sara Qədimovanı şəxsi qonağı qismində Çankayaya dəvət edirdi.

Sara xanım Türkiyəyə getmişdi, Süleyman bəylə səmimi görüşləri olmuşdu, keçmişləri anmışdılar və müğənni elə 29 il əvvəlki şövqlə oxumuşdu.

Sara xanım gözünə muğam qataraq Cahangir Cahangirovun "Cənnətim Qarabağ" mahnısını, "Aişe" adlı türk nəğməsini, "Qarabağ şikəstəsi"ni ifa etmişdi.

Dəmirəl mütəəssir olubmuş, Sara xanıma onu Heydər Əliyevdən necə xəbər almasını, Heydər Əliyevin həmin suala necə cavab verməsini danışaraq razılaşıbmış ki, qardaşım nə söyləmişdisə, hamısı tam doğrudur. Gözəlliyiniz də həmin gözəllik, səsiniz də, keçmişlərdəki kimi, gənc və duyğulu...

...2025-ci ilin 15 iyununda, Qurtuluş bayramımızın axşamında yenilikləri izləmək niyyəti ilə youtube kanalını açan kimi təsadüfən qarşıma ilk çıxan həmişəyaşar sənətkarımız Sara Qədimovanın Filarmoniya səhnəsində 70 yaşını bayram etdiyimiz məclisdən bir parça oldu. İstər-istəməz xatirələr alıb dünənə apardı.

Vaxt çox ayrıntıları unutdurur. Bəzən bir başqa gündə deyilməsi asan olan bir sözün ayrı bir vaxt kəsiyində deyilə bilinməməsi, haçansa pərəstişlər edilən bir insanın zəmanənin çönən sifəti ilə unudulması, hərdənsə daha artıq - arzuolunmaza çevrilməsinə də az tuş düşülməyib ki! Tarix səbirlidir, gec-tez hər şeyi öz yerinə qoyur. Bəzən vaxtında, bəzənsə də, təəssüflər ki, haqqın yer tapmasını görməli olan insanlar həyatda olmayanda. Könül istər ki, haqq heç vaxt itməsin, üzülməsin, dünənlə körpülər də əsla çat verməsin.

Haçansa əli, ünü dünənlərə yetməyən bir yurddaş qüssə ilə keçən günə gün çatmamasından gileylənmişdi. Etibarlı yaddaşlar yazılınca dönüb olur körpü, günləri günlərə calayaraq adamı qayıtmayacaq ən qərib günlərə də çatdırır.

Böyük Heydər Əliyevin 1992-ci ilin 22 dekabrında Naxçıvandan Bakıya, Sara Qədimovaya hamının qarşısında oxunub-oxunmayacağına əmin olmadan göndərdiyi, sənətə və sənətkara içəridən gələn təbii sevgi və nəvazişinin ifadəsi olan, o təbrik məktubu, yəqin ki, Ulu Öndərin yazıları külliyyatında yer alıb, indi hər kəs açıb baxa bilər. Haçansa rastınıza çıxsa, oxusanız, onda bu hekayəti də xatırlayın. Üzdən sadə görünən həmin təbrik məktubunun rəngi də, mənası da dərhal dəyişəcək, sətirlərin ürəyi döyünməyə başlayacaq...

15 iyun 2025

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
525.az

1Sources