EN

“Yapma biradər” – Türkiyədə Azərbaycana hücum edənlərin görmədiyi gerçəklər

İsrail və İran müharibə aparır, Türkiyədə isə Azərbaycanı müzakirə mövzusuna çeviriblər. Guya Azərbaycan İsrailə dəstək verirmiş, guya Azərbaycan İsrailə neft satdığı üçün bu ölkənin təyyarələri yanacaqla təmin olunurmuş. Hətta “Azərbaycan İsraillə niyə münasibətlər qurub?” kimi məntiqsiz ittihamlar irəli sürülür, azərbaycanlıların sosial şəbəkələrdə müharibə haqda fikirləri “Bakının Təl-Əvivə dəstəyi”ndə “fakt” kimi təqdim olunur.

Bu ittihamların hər biri absurd iddiadan başqa bir şey deyil. Azərbaycan İran-İsrail müharibəsində tərəf deyil, rəsmi Bakı tərəflərin dərhal diplomatik masaya qayıtmasının tərəfdarıdır və toqquşmanın başlanmasından sonra xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Araqçı ilə təmasa keçərək, “Azərbaycan ərazisindən İrana qarşı istifadə olunması mümkün deyil” mövqeyini çatdırdı. Bununla bağlı heç bir fakt da yoxdur, çünki Azərbaycan əvvəllər, indi və bundan sonra heç vaxt heç bir ölkəyə qarşı hansısa hücumda platforma olmayıb, olmur və olmayacaq. Hətta Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən və hər fürsətdə Bakıya hücum edən İranın Ermənistandakı səfiri Mehdi Sobhani belə erməni jurnalistlərin bu iddialarla bağlı sualına cavabında “belə bir fakt yoxdur” cavabını verdi. O zaman sual yaranır: Türkiyə mediası nəyin “davasını” aparır, əsassız iddiaları saqqız kimi çeynəməklə nəyə nail olmaq istəyirlər?

Azərbaycanın İsrailə neft satmasının İrana qarşı müharibəyə dəstək kimi təqdim edilməsi də eyni səviyyəli məntiqsizliyin məhsuludur.

Birincisi, Azərbaycanın enerji resursları müxtəlif ölkələrə, elə bizi ittiham edən qardaşımız Türkiyəyə də ixrac olunur: bu ölkələrin apardığı siyasətə, atdığı addımlara görə məsuliyyəti bizmi daşımalıyıq? Bu, hansı məntiqin məhsuludur?!

İkincisi, Azərbaycanın İsrailə neft satması bazar qaydalarına uyğun həyata keçirilir. Neftimiz Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Ceyhan limanına qədər daşınır, buradan tankerlərə yüklənir. Açıq dənizə çıxdıqdan sonra bu artıq Azərbaycan nefti hesab olunmur, çünki müxtəlif treyderlər məhsulu bir-birinə satır.

Buna görə hər fürsətdə Azərbaycanı ittiham etməyin bir adı var: art niyyət. Qardaş ölkənin mediasında səngimək bilməyən bu art niyyət isə həqiqətən də təəssüf doğurur. Həm də bir məsələni ön plana çıxarır: Azərbaycanın İsrailə satdığı deyilən neft Ceyhandan – Türkiyə ərazisindən daşınır və tranzit haqqına görə milyonlarla gəlir əldə edirlər. Türkiyədə Azərbaycanı ittiham edənlər niyə bu fakta toxunmur? Əgər bu məsələdə Azərbaycan günahkardırsa, Türkiyə də eyni dərəcədə günahkar olmalıdır.

Təəssüf doğuran təkcə Türkiyə mediasında Azərbaycana qarşı irəli sürülən bu ittihamlar deyil, həm də qardaş ölkənin rəsmi dairələrinin qardaşlığa sığmayan bu kampaniya qarşısında susqunluq nümayiş etdirməsidir. Bu, Azərbaycan ictimaiyyətində haqlı suallar doğurur.

– Azərbaycanın ittiham edildiyi Türkiyədə İsraillə əlaqələr hansı səviyyədədir, Qəzza müharibəsindən sonra bu əlaqələr yenidən nəzərdən keçilibmi, yaxud sərgilənən “sərt mövqe” praktiki müstəvidə əks olunurmu?

Azərbaycana qarşı ittihamlar fonunda bu sualın cavabı sözün gerçək mənasında şok effekti yaradır. Çünki Türkiyənin İsraillə əlaqələrindəki reallıq sözlərdən çox fərqlidir.

Anadoludakı qardaşlarımızın dediyi kimi, “Yapma birader, bir az gerçəkçi olun!”

İsrail Türkiyənin 5-ci ən böyük ticarət tərəfdaşıdır. Türkiyə şirkətləri bu ticarətdən milyardlarla pul qazanır və İsrail Qəzzaya hücum edəndə də, İranla müharibəyə başlayanda da bu əlaqələr davam edib, edir. Elə Türkiyə mediasında bununla bağlı yayılan faktlara diqqət edək:

– İsrailə malzəmə (materiallar) daşıyan “Manta Dənizçilik” şirkətinin rəhbəri Mərt Çətinkaya: onun Burak Ərdoğanla ortaq olduğu haqda məlumatlar var.

– İsrailə malzəmə daşıyan “Oras Dənizçilik”in sahibi Salih Zeki Çakır: Binəli Yıldırımın oğlu Ərkan Yıldırım və AKP millət vəkili Vəhbi Koç ilə ortaqdırlar.

– İsrailə malzəmə daşıyan “Hatay Roro” gəmisinin sahibi, AKP millət vəkili namizədi və keçmiş il başqanı İbragim Gülər;

– İsrailə malzəmə daşıyan “Osmanoğulları Qaz Beton” şirkətinin sahibi, Malatya Yaşılyurt bələdiyyə başqanı, AKP-çi Məhmət Çınar:

– İsrailə kablo tədarük edən “Pamukkale Kablo” nun sahibi Mustafa Semerci: BBP qurucusudur və hakim koalisiyada yer alır;

– İsrailə elektrik tədarük edən “Zorlu Holdinq”;

– İsrailə hər gün təyyarə ilə sərfiyyat edən “MNG Holdinq”;

– İsrail limanlarından hər gün gəmi yollayan “Limak Holdinq”;

– İsrailin hərbi təyyarələrinə yanacaq daşıyan tankerlərin baxılmasını və təmirini həyata keçirən “Kolin Holdinq”;

– İsrailə polad və xam maddə göndərən MUSİAD (Zamanında TUSİAD-a qarşı qurulan təsisat. “Müstəqil İş Adamları Dərnəyi” deyilsə də, əslində özlərinə “Müstəqil” yox, “Müsəlman İş Adamları Dərnəyi” deyirlər) üzvü “İçdaş şirkəti;

– İsrailə sement göndərən “Sabancı Holdinq”;

– İsrailə ixrac həyata keçirən “Arkas Holdinq” (sərfiyyatda hərbçilər üçün qida, paltar və silah mazimələri də var).

Bu siyahı açıq mənbələrdə yayılanlardır, ictimaiyyətə məlum olmayanlar da da var. Və bu faktlar isbat edir ki, Türkiyə şirkətləri ticarət əlaqələrindən təkcə böyük pullar qazanmır, həm də Qəzzaya hücum edən, İranla müharibə aparan İsrail ordusuna bu və ya digər formada yardım edirlər. Azərbaycana qarşı ittiham irəli sürənlər bu haqda niyə danışmır, nədən etiraz etmirlər?

Azərbaycandan İsraillə münasibətləri kəsməyini istəyənlər eyni tələbi niyə Türkiyəyə və digər müsəlman ölkələrinə qarşı irəli sürmür? İsrailin əməliyyatları nəticəsində Qəzzada 50 min insanın öldüyü deyilir. Türkiyə bunun qarşısında nə etdi? Bəyanatlardan başqa praktiki müstəvidə hansı addımı atdı? Heç bir şey. Əksinə İsrail Qəzzanı bombalayanda Türkiyə şirkətləri bu ölkə ilə ticarət əlaqələrindən pullar qazanırdı. Körfəz ölkələri nə etdilər? Heç bir şey. Misir, İordaniya və digərlər də bu siyahıya daxildir. Günahkar niyə Azərbaycan olur?

Bütün bunlar bir daha təsdiq edir ki, Türkiyədə Azərbaycana qarşı ittiham irəli sürənlər, yumşaq desək, səmimi deyillər və məqsədləri nə Qəzzanı xilas etmək, nə də İslam birliyidir. Bu cür münasibət Azərbaycan-Türkiyə qardaşlığına zərərdən başqa heç nə vermir. Bu haqda Türkiyə rəsmiləri bir daha düşünməlidir.

Azərbaycan-Türkiyə qardaşlığı ən yüksək səviyyədədir və iki ölkənin birliyindən yalnız qüvvət doğur. Azərbaycan xalqı qardaş ölkənin 44 günlük müharibədə verdiyi siyasi dəstəyi unutmayacaq. Amma onu da unutmuruq ki, Türkiyənin verdiyi dəstək siyasi müstəvidə olub və onlardan aldığımız silahların pulunu ödəmişik, hər bir mərmiyə qədər. Heç nə havayı olmayıb.

O da unudulmamalıdır ki, Azərbaycanın Türkiyə iqtisadiyyatına qoyduğu investisiya 20 milyard dollardan artıqdır. Bu, Türkiyənin Azərbaycanda açdığı dönərxana, yaxud restoran və mağaza deyil. Təkcə SOCAR-ın Türkiyədəki şirkətlərində 5 mindən artıq vətəndaş işləyir. Türkiyədə Azərbaycanı ittiham edənlər, heç bir məntiqə sığmayan iddiaları saqqız kimi çeynəyənlər bunlar haqqında niyə danışmır?

Bu qüvvələr bir şeyi unutmamalıdır: Azərbaycan xalqı məhz qardaşlıq naminə bu cür ittihamları diqqətə almır, amma bu, o demək deyil ki, heç nə bilmirik, heç nəyi görmürük.

Asif Nərimanlı

Chosen
12
2
moderator.az

3Sources