Amerika Birləşmiş Ştatları İsrailin İrana qarşı əməliyyata qoşula bilər.
Bunu Ağ Ev lideri Donald Tramp İsrail-İran münaqişəsi ilə bağlı vəziyyəti şərh edərkən deyib.
O, xüsusilə İranın yeraltındakı nüvə təsisatlarını vurmaq üçün əməliyyat nəzərdə tutduqlarını bildirib.
Tramp daha əvvəl İranı qeyd-şərtsiz təslim olmağa çağırıb və qeyd edib ki, onlar İranın ali dini lideri Əli Xameneinin yerini bilsələr də, onu hələlik öldürməyəcəklər.
Xamenei sosial media hesablarında İsrailə heç vaxt güzəştə getməyəcəklərini yazıb.
O, sionist rejimə mərhəmət göstərməyəcəklərini və döyüşün başladığını vurğulayıb.
İsrail ilə İran arasında artıq 6 gündür ki, raket atışmaları müşahidə olunur.
Münaqişə İsrailin İranda xüsusi əməliyyatlarla yüksək rütbəli şəxsləri, o cümlədən, nüvə fizikası alimlərini öldürməsi və nüvə təsisatlarını vurmasından sonra fəal mərhələyə keçib.
İsrail ötən gecəki əməliyyatlarda bu dəfə Tehrandakı sentrifuqa mərkəzini vurduqlarını xəbər verib.
İran isə növbəti dəfə Təl-Əvivi hədəf alıb. Gecə ərzində şəhər üzərində partlayış səsləri eşidilib.
Münaqişə, eyni zamanda, qarşılıqlı təhdidlər fonunda cərəyan edir.
İsrail İrana hücum etməsinə səbəblərdən biri kimi bu ölkənin nüvə silahlına sahib olmaq planlarını göstərir.
Rəsmi Tehran isə dəfələrlə bu bəhsi əsassız adlandırıb.
Bu arada, İranın Böyük Britaniyadakı səfiri Seyid Əli Musəvi Britaniyanın Xarici İşlər Komitəsinə bu barədə ifadə edib. Tərəflər arasında dialoq gərgin keçib.
Musəvi İran hökuməti üçün nüvə proqramı məsələsində diplomatiyanın prioritet təşkil etdiyini, lakin Netanyahunun bu prosesi pozduğunu deyib.
O, yenidən danışıqlara getməyə hazır olduqlarını, lakin bunun üçün əvvəlcə atəşkəs tələb etdiklərini bildirib.
“Sizi əmin edirəm ki, İranın nüvə bombası əldə etmək arzusu, niyyəti yoxdur. Bu, çox vacibdir. Bu, təkcə beynəlxalq öhdəlik məsələsi deyil, bu bizim dinimizin təlimatıdır ki, bütün kütləvi qırğın silahları qadağan olunmalıdır” – deyə Musəvi əlavə edib.