EN

“İdeya İnkubasiyası Proqramı”nın final mərhələsi keçirilib - Azercell və ADA Universitetinin birgə təşəbbüsü ilə

“Azercell Telekom” MMC və ADA Universiteti Fondunun əməkdaşlığı ilə həyata keçirilən “İdeya İnkubasiyası Proqramı” uğurla yekunlaşıb. Final mərhələsinin nəticələri ADA Universitetində təşkil olunan mükafatlandırma mərasimində elan olunub.

Mia.az xəbər verir ki, builki proqram çərçivəsində ADA Universitetinin tələbələrindən ibarət 10 komanda innovativ ideyaları ilə birincilik uğrunda mübarizə aparıb. Layihə müddətində yarışçılar Azercell əməkdaşları və ADA Universitetinin müəllimləri tərəfindən keçirilən təlim və mentorluq sessiyalarında iştirak edib, ölkənin startap ekosistemi ilə yaxından tanış olublar və  nəzəri biliklərini praktiki bacarıqlarla zənginləşdiriblər. 

Münsiflər heyətində Azercell-in Rəqəmsal Platformalar və Tədqiqatlar şöbəsinin rəhbəri Şahin Abdurəhimov və Data Analitikası və Süni İntellekt departamentinin aparıcı mütəxəssisi Süleyman Süleymanzadə yer alıblar.

Birinci yerə  “Bereket” komandası layiq görülüb. Komandanın təqdim etdiyi tətbiq istifadəçilərə gündəlik qida seçimlərini asanlaşdırmaq məqsədilə ağıllı yemək planlaşdırma və alış-veriş dəstəyi təklif edir.  

İkinci yerin qalibi “VirtuCards” layihəsi olub. Bu rəqəmsal həll istifadəçilərə smartfonları vasitəsilə virtual kart funksionallığı təqdim edərək ofis və kampuslara təhlükəsiz giriş imkanı yaradır və ənənəvi plastik kartları əvəz edir. 

Üçüncü yerə isə “Papereasy” platforması çıxıb. Süni intellekt əsaslı bu həll akademik sənədləri müxtəlif jurnal və konfrans şablonlarına uyğun olaraq avtomatik təhlil etmək və  formatlaşdırmaq imkanı verir və tədqiqat prosesini asanlaşdırır.  

Qeyd edək ki, “İdeya İnkubasiyası Proqramı” 2023-cü ildən etibarən keçirilir və gənclər arasında innovativ düşüncə tərzinin formalaşdırılması, həmçinin ölkədə startap ekosisteminin inkişafına dəstək məqsədi daşıyan mühüm təşəbbüslərdən biridir.
 

Chosen
11
16
mia.az

10Sources