EN

Terroru maliyyələşdirmədə təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib

Terroru maliyyələşdirmədə təqsirləndirilən Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elçin Əzizov sərbəst ifadə verib.

O, bildirib ki, bəzi silahlı qruplaşmalarla əlaqəsi olub: “Məni terrorçuluğu maliyyələşdirməkdə ittiham edirdilər. Bizə İŞİD-i maliyyələşdirməklə bağlı ittiham irəli sürülüb. Türkiyədə fəaliyyət göstərən yardım qrupu ilə Suriyaya keçmişəm, orada 4 ay yaşamışam. Həmin 4 ay ərzində orada yardımlarda iştirak etmişəm. Həmin zaman Elşənlə tanış olmuşam. Nömrəsini götürmüşəm. Ölkəyə gəldikdən sonra onunla əlaqə saxlamışam, yardımlar göstərməkdə davam etmişəm. Mən kodlarla ona pul göndərirdim. Ümumilikdə, ona 10-15 dəfə pul göndərmişəm. Göndərdiyim pulun nəticəsi haqqında mənə geri video göndərirdi. 2023-cü ildən yardımlar göndərmişəm”.

Təqsirləndirilən şəxs bildirib ki, Xəqani Ömərovu tanımır:

“Mən Xəqani Ömərovu tanımıram. Onu tutulmamışdan öncə də görməmişəm. İstintaq zamanı da görüşməmişik. İlk dəfə məhkəmə zalında görmüşəm”.

Məhkəmə avqustun 12-də şahidlərin dindirilməsi ilə davam etdiriləcək.

Qeyd edək ki, adıçəkilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. İstintaq orqanı müəyyən edib ki, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər. Təqsirləndirilən şəxslərə qarşı AR Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.

Chosen
12
1
apa.az

2Sources