Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbirdə Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ”ın da rəqibləri bəlli olacaq. Mərasim Bakı vaxtı saat 14:00-da başlayacaq.
Ağdam klubu püşk zamanı səpələnmişlər səbətində yer alacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektivin mümkün rəqibləri 9 cütün qalibi və ilk mərhələdən azad olan 2 komandadır. Belə ki, rəqiblər səpələnməmişlər səbətində yer alan “Riyeka” (Xorvatiya) və “Pafos” (Kipr), “Jalqiris” (Litva) – “Hamrun Spartans” (Malta), “KuPS” (Finlandiya) – “Milsami” (Moldova), TNS – “Şkendiya” (Şimali Makedoniya), “Levadiya” (Estoniya) – RFS (Latviya), “Drita” (Kosovo) – “Differdanj” (Lüksemburq), “Vikinqur” (Farer adaları) – “Linkoln” (Cəbəllütariq), “Eqnatiya” (Albaniya) – “Breydablik” (İslandiya), “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya), “Virtus” (San Marino) – “Zrinski” (Bosniya və Herseqovina) cütlərinin qalibləri olacaq.
“Noa” (Ermənistan) – “Buduçnost” (Monteneqro) cütünün qalibi isə “Qarabağ”a rəqib ola bilməz.
Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 8-9-da və 15-16-da, II raundun matçları isə iyulun 22-23-də və 29-30-da keçiriləcək.