EN

İsraillilər ölkədən dəniz yolu ilə qaçmağa çalışır

BAKI,TurkicWorld

Netanyahu hökuməti israillilərin ölkədən çıxışına qadağa qoyub.

TurkicWorld xəbər verir ki, İsrailin İrana hücumlarından sonra İranın ballistik raketlərlə cavab zərbələri ölkədə ciddi panika yaradıb.

Təl-Əviv və Hayfa kimi şəhərlərdə böyük dağıntılara səbəb olan hücumlardan sonra israillilər ölkəni tərk etməyə çalışsa da, Netanyahu hökuməti vətəndaşların çıxışına qadağa qoyub.

İyunun 13-də İsrailin İrandakı nüvə və hərbi obyektlərə başladığı hücumlar genişmiqyaslı müharibəyə çevrilib. Cavab olaraq İranın ard-arda atdığı raket və PUA-lar əsas şəhərlərdə həyatı iflic edib. Raketlərə qarşı “Dəmir Qübbə” sisteminin yetərsiz qalması israilliləri alternativ yollar axtarmağa vadar edib.

İsrailin nəqliyyat naziri Miri Regev tərəfindən verilən qərarla yalnız xarici ölkə vətəndaşları və turistlərə ölkəni tərk etməyə icazə verilib. Yerli əhali isə hava limanlarının bağlanması səbəbindən ölkəni tərk edə bilmir. Bir çox israilli isə Hayfa və Herzliya kimi şəhərlərdə limanlara axın edərək dəniz yolu ilə qaçmağa çalışır.

İsrail mətbuatında yayılan xəbərlərə görə, ABŞ, Almaniya, İngiltərə və digər Qərb ölkələri öz vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün diplomatik kanallarla fəaliyyətə başlayıblar. ABŞ səfiri Mayk Hukabi bildirib ki, hazırda İsraildə 700 mindən çox amerikalı yaşayır. Lakin ABŞ-ın evakuasiya planlarına Netanyahu hökuməti hələlik müsbət cavab verməyib. Bəzi məlumatlara görə, İsrail hökuməti ikili vətəndaşlığa sahib şəxsləri təzyiq vasitəsi kimi saxlamağa çalışır.

İsraildə qapalı vəziyyətdə qalan 40 minə yaxın turistin bir qismi Cənubi Kipr Rum İdarəsinə dəniz yolu ilə keçməyə çalışır. Sosial şəbəkələrdə Herzliya və Hayfa limanlarında qayıqlara minmək üçün növbəyə duran insanlar əks olunub. Görüntüləri paylaşan fələstinli fəallar bu mənzərəni 1948-ci ildə Avropadan gəmilərlə Fələstinə gələn yəhudilərlə müqayisə ediblər.

Qeyd edək ki, “Haaretz” qəzetinin keçirdiyi sorğunun nəticələrinə əsasən, israillilərin 40 faizi hazırda ölkəni tərk etməyi düşünür.

Chosen
95
14
turkic.world

10Sources