EN

Alberto Moleyro “Las Palmas”ı “Vilyarreal”a dəyişdi

İspaniyanın “Las Palmas” klubunun sol vingeri Alberto Moleyro bundan sonra La Liqanın digər təmsilçisi “Vilyarreal”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Vilyarreal”ın rəsmi saytına istinadən xəbər verir.

İspaniya klubu bu transferi 16 milyon avroya rəsmiləşdirib. 21 yaşlı futbolçu ilə 2030-cu ilə qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

Əslən Kubadan olan Alberto Moleyro “Sobradillo”nun yetirməsidir. 2018-ci ildə “Las Palmas”a cəlb olunmuş gənc vinger ötən mövsüm bu klubun əsas komandası ilə meydana çıxdığı 36 matçda 6 qol vurub və 1 məhsuldar ötürmə verib. İspaniyalı futbolçu bu komandanın heyətində bütövlükdə 147 oyun keçirib, 13 qol və 14 məhsuldar ötürmə müəllifi olub.

Moleyro İspaniyanın U-19 yığmasında da oynayıb, 2022-ci ildən U-21-də çıxış edir. Gənc futbolçuya hələlik əsas millidə debüt qismət olmayıb.

“Transfermarkt” internet-portalı 21 yaşlı vingerin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Chosen
12
arena.az

1Sources