"Football-plus.az" xəbər verir ki, Fatih Təkkənin martda baş məşqçi postuna gəlişinin ardından Günəş faktiki olaraq rəhbərliyin baş məsləhətçisi vəzifəsini icra edirdi. Onun yay transfer dönəmində yeni alınacaq oyunçuların seçimində də yaxından iştirak edəcəyi gözlənilirdi. Amma ünlü mütəxəssis klubdan ona verilən maşını bazar ertəsi ''Trabzonspor''un özünə qaytararaq rəsmi şəkildə istefa verib.
Hərçənd bu yay heç bir klubla anlaşmayacağı təqdirdə o, klubda başladığı layihələrin üzərində işləməkdə, eləcə də bəzi qərarlarda rol oynamaqda davam edəcək. Amma qeyri-rəsmi şəkildə.
Bununla belə Günəşin məşqçi karyerasını bərpa etmək ehtimalı yüksəkdi. Çünki ona İran, Qətər və Cənubi Koreyadan ciddi təkliflər var. ''Trabzonspor'' prezidenti Ərtuğrul Doğan son açıqlamasında Günəşin rəsmi olaraq ayrıldığını təsdiq edib:
''Biz Şenol Günəş ilə daim əlaqədəyik. Tez-tez görüşürük. Təcrübəsini bizimlə paylaşır və komanda ilə bağlı lazımi məsləhətlər verir. Özü belə qərar verdi ki, indi klubun içində çalışmaq ona uyğun olmayacaq. Biz də bu qərarına hörmətlə yanaşdıq. Zatən həftənin 2-3 günü onunla əlaqədəyik. Onunla heç bir problemimiz yoxdu. Şenol Günəş ''Trabzonspor''a qəlbən bağlıdı''.
Xatırladaq ki, qaradənizlilər mövsümə Abdulla Avcı ilə başlasalar da, sentyabrın əvvəllərində Günəş baş məşqçi postuna gətirilmişdi. Amma komanda bu məşqçi ilə mövsümü istənilən şəkildə keçirə bilmədi və ən əsası səfərdə qələbəyə həsrət qaldı. Bu seriya yalnız Təkkənin gəlişindən sonra başa çatdı.