EN

Ədalətli dünya naminə

Müasir dövrdə beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin meydana çıxması və yeni dünya nizamına keçid prosesi müşahidə olunmaqdadır. Özü də qlobal nizamsızlıq şəraitində. Bu isə dünyanı müharibəyə sürükləyir. Şübhəsiz, yeni dünya nizamı ədalət prinsiplərinə əsaslanmasa dünya qarşıda daha böyük qarşıdurmalarla üzləşə bilər. Bu baxımdan yeni dünya nizamının axtarışı daha da intensivləşib. Belə bir dönəmdə ölkələrin mövqeyinin – siyasi-sosial-iqtisadi dinamikasının qorunub saxlanılması olduqca mürəkkəb və çətin məsələdir.

Yeni dünya nizamının formalaşmasında tələb olunan ədalət prinsiplərini özünün xarici siyasət xətti kimi qəbul edən Azərbaycan bu işin öhdəsindən məharətlə gəlməkdədir.  Hətta bu gün ölkəmiz qlobal siyasi proseslərin əvəzolunmaz aktoruna çevrilib desək, yanılmarıq. Belə bir dönəmdə Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında 44 günlük Vətən müharibəsi və 1 günlük antiterror əməliyyatı nəticəsində ölkəmiz beynəlxalq dəstək olmadan ərazi bütövlüyünü və suverenliyini öz gücü ilə tam bərpa etdi. Çoxillik münaqişəyə son qoymaqla müstəsna beynəlxalq siyasi-hüquqi presedent yaradan Azərbaycan bütün dünyada sülhün, ədalətin, bərabərliyin müdafiəçisi kimi mövqeyini aydın şəkildə ortaya qoydu. Bununla sübut etdi ki, dünyanın sülh, əmin-amanlıq şəraitində yaşaması üçün yeni nizam ədalət prinsipinə əsaslanmalıdır. Yəni, dövlətlərin suverenliyinə, müstəqilliyinə xələl gətirəcək siyasətdən imtina edilməlidir.  Ölkəmizin yeni dünya nizamında başlıca məramı da elə budur. 

Ölkəmiz, həmçinin dost və tərəfdaş dövlətlərlə birlikdə həyata keçirdiyi layihələrlə, dünyanın bir çox dövlətləri ilə imzaladığı strateji tərəfdaşlıq haqqında bəyannamələrlə regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir.  Dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmiş Azərbaycan Bandunq Prinsiplərinə daim sadiq qalaraq ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə müdafiə edib, eyni zamanda, bu quruma yeni dinamika gətirib.  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) qarşılıqlı hörmət və etimada, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, müasir çağırışlara cavab verən Azərbaycan açıq şəkildə bəyan edib ki, onun əsas hədəfi az inkişaf etmiş, ekzistensial təhdidlə üzləşmiş ölkələri dəstəkləmək olacaqdır. Azərbaycan artıq sözünə də əməl etməkdədir. Yeri gəlmişkən, ölkəmiz COVID pandemiyası zamanı 80-dən çox ölkəyə maddi və humanitar dəstək göstərib. Bütün bunlarla da ölkəmiz ədalətli dünya nizamının daha bir neçə nümunəsini nümayiş etdirib.

Göründüyü kimi, ədalətli dünya nizamının tərəfdarı olduğunu hər zaman əməli fəaliyyəti ilə nümayiş etdirən, tolerantlıq, sabitlik və təhlükəsizlik mühiti kimi tanınan Azərbaycan nəinki yerləşdiyi Cənubi Qafqaz regionunun, həm də bütövlükdə dünyanın dialoq və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarı kimi çıxış etməkdə davam edir. Bununla həm Şərqlə Qərb, həm də Şimalla Cənub arasında konstruktiv və perspektivli işbirliyinə əlverişli zəmin yaradır. Bütün bunlar isə o deməkdir ki, Azərbaycan milli maraqları rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini cəsarətlə davam etdirir, öz Konstitusiyasına, suveren hüquqlarına əsaslanaraq sülh, əməkdaşlıq və davamlı inkişaf naminə yeni dünya nizamının fəal iştirakçısı olmağa çalışır. Şübhəsiz, bütün bunlar ölkəmizin məqsədyönlü fəaliyyətindən, bu kimi məsələlərin onun siyasətində önəmli yer tutmasından xəbər verir.

Bu məqamda Prezident İlham Əliyevin iyunun 15-də Şuşada “Yeni dünya nizamı: geosiyasi aspektlәr və qlobal çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətindəki bu fikri xatırlatmaq yerinə düşərdi: “Bu gün ədalətli dünya naminə yeni geosiyasi nizamın formalaşması dövlətlərin siyasi məsuliyyət prinsipinə əsaslanan ardıcıl və məqsədyönlü fəaliyyətindən asılıdır. Ölkələr məhz qarşılıqlı hörmət və etimada, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, müasir çağırışlara cavab verən səmərəli işbirliyi həyata keçirməklə bu prosesə layiqli töhfə verə bilərlər”.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Chosen
17
ikisahil.az

1Sources