İranda son günlər baş verən dramatik hadisələrin fonunda İranın devrilmiş şahı Məhəmmədrza Pəhləvinin oğlu, sürgündə yaşayan Rza Pəhləvi video müraciətlə çıxış edərək rejimin sona çatdığını bəyan edib.
Musavat.com xəbər verir ki, o, öz çıxışında İran İslam Respublikasının artıq dağılmaq üzrə olduğunu bildirərək xalqı ayağa qalxmağa çağırıb:
“İslam Respublikası bitdi və dağılır. Başlananı geri qaytarmaq olmaz. Gələcək parlaqdır və biz bu kəskin tarixi dönüş nöqtəsində birlikdə irəliləyəcəyik. İndi ayağa qalxıb İranı geri almaq vaxtıdır. Tezliklə sizinlə olacağıma ümid edirəm,” – deyə şahzadə bildirib.
Rza Pəhləvinin bu çıxışı bir çox müxalif qurumlar, o cümlədən İranda yaşayan müxtəlif etnik qrupların liderləri və təmsilçiləri arasında ciddi müzakirələr doğurub. İran daxilində artıq post-Xamenei dövrü və teokratik rejimin sonrakı mərhələsinin planlaşdırıldığı bildirilir. Əsasən cənubi azərbaycanlılar, kürdlər, bəluclar və ərəb icmaları arasında alternativ dövlət modeli və siyasi gələcək ssenariləri gündəmdədir.
Lakin bu çıxış həm də ciddi narahatlıq yaradır. Belə ki, bir çox müxalif çevrələr və ictimai fəallar düşünür ki, ABŞ və İsrailin İran rejimini devirərkən əsas məqsədlərindən biri şah rejiminin – yəni Pəhləvilər sülaləsinin geri qaytarılması ola bilər. Hətta son günlər İsrailin həyata keçirdiyi “Aslanın oyanışı” adlı genişmiqyaslı hərbi əməliyyatların fonunda Rza Pəhləvinin aktivləşməsi bu ehtimalları daha da artırır. Bu əməliyyatın adının "Şir - Aslan" fars totemi ilə bağlı olması da Azərbaycan türklərinin müxalif kəsimində ciddi narahatlıq yaratdığını söyləməliyik.
Musavat.com-un İran müxalif dairələrindən əldə etdiyi bilgilərə görə, Rza Pəhləvinin İranda əhəmiyyətli ictimai dəstəyi yoxdur və əhali arasında nüfuzu çox zəifdir. Bir çox siyasi təşkilatlar, xüsusilə də dünyəvi və milli azadlıq hərəkatlarının liderləri onun Qərb, xüsusilə ABŞ və İsrail dairələri ilə yaxın münasibətlərindən narahat olduqlarını bildirirlər. Onlar hesab edirlər ki, şahzadənin yenidən siyasi səhnəyə qaytarılması İranın demokratik gələcəyinə deyil, yeni bir avtoritar modelə yol aça bilər.
Bu kontekstdə Pəhləvinin çıxışının ardınca hansı addımların atılacağı və İran müxalifətinin bu çağırışlara necə reaksiya verəcəyi böyük maraq doğurur. İran artıq yalnız teokratik sistemlə deyil, həm də post-rejim ssenarilərindəki daxili parçalanma və xarici müdaxilə riskləri ilə üz-üzədir.
Musavat.com