EN

Gələn il Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?

Gələn ilin may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) Azərbaycanın beynəlxalq arenada şəhər planlaması və dayanıqlı inkişaf sahəsində aparıcı ölkələr sırasında yer almasına kömək edəcək.

Bunu “Report”a açıqlamasında deputat Tahir Mirkişili bildirib.

Onun sözlərinə görə, forum Azərbaycana uzunmüddətli faydalar gətirəcək: “WUF13 həm dünya, həm də Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Tədbirin qlobal əhəmiyyəti ondan ibarətdir ki, WUF 2002-ci ildən bəri BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) təşkil etdiyi, adekvat mənzil və davamlı şəhərsalma üzrə bilik, fikir və təcrübə mübadiləsi üçün aparıcı beynəlxalq platformadır. Forum, dünyanın ən aktual problemlərindən biri olan sürətli şəhərləşmə və onun icmalar, şəhərlər, iqtisadiyyat, iqlim dəyişikliyi və siyasət üzərindəki təsirini araşdırmaq üçün yaradılıb”.

T.Mirkişili əlavə edib ki, müasir dövrdə forumun xüsusi əhəmiyyəti var, çünki bu gün dünyada 4 milyarddan çox insan-qlobal əhalinin yarısından çoxu şəhərlərdə yaşayır və 2050-ci ilə qədər dünya əhalisinin 70 %-i şəhərlərdə yaşayacaq.

“Azərbaycan üçün forumun bir çox istiqamətlərdə əhəmiyyəti vardır. Belə ki, Bakının WUF 2026-ya ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirəcək. Bu, ölkənin qlobal şəhər inkişafı məsələsində aparıcı rol oynamaq qabiliyyətini nümayiş etdirir. Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin rəhbərlik etdiyi Təşkilat Komitəsinin yaradılması ölkənin bu tədbiri uğurla təşkil etmək üçün ciddi hazırlıq apardığını göstərir. Forum Azərbaycana dünya şəhərsalma təcrübəsindən faydalanmaq imkanı verəcək. Eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə ən müasit şəhərsalma standartlarının tətbiq etməsi təcrübəsinin də paylaşılması maraqlı olacaq”,- deyə T. Mirkişili qeyd edib.

O əlavə edib ki, forum 182-dən çox ölkədən çoxsaylı iştirakçıları Bakıya cəlb edəcək: “Bu isə turizm sektoruna böyük töhfə verəcək, Bakının beynəlxalq turizm xəritəsindəki mövqeyini daha da gücləndirəcək, öz növbəsində qeyri-neft sektorunun inkişafına mühüm töhfə olacaq. Bakıda uzun müddətdir ki, qlobal çağırışlar - siyasi, iqtisadi, humanitar və iqlim məsələləri müzakirə edilir. Bu cür forum Azərbaycanın regional lider kimi rolunu daha da möhkəmləndirəcək. Forum Azərbaycana öz şəhər inkişafı strategiyalarını beynəlxalq standartlara uyğunlaşdırmaq və dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün yeni yollar kəşf etmək imkanı verəcək”.

Chosen
3
1
report.az

2Sources