EN

Erkən nikah və onun fəsadları ilə bağlı maarifləndirmə tədbirləri davam edir

Bakı, 17 iyun, AZƏRTAC

“Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin icra etdiyi “Erkən nikah və fəsadları: maarifləndirici tədbirlər silsiləsi” adlı layihənin ilk tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində 25 məktəblinin Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə səfəri təşkil olunub.

Səfər zamanı “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sədri Lalə Azərtaş layihənin məqsədi barədə məlumat verib. Bildirilib ki, zərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan layihənin əsas məqsədi valideynləri, həmçinin nikah yaşına çatmayan qız və oğlanları erkən nikahın fəsadları barədə maarifləndirmək, o cümlədən qız uşaqlarının təhsildən uzaqlaşdırılmasının, ailə məsuliyyətini dərk etməyən cütlüyün belə bir yükə məhkum edilməsinin, xüsusilə qızların ağır bioloji və psixoloji travması ilə nəticələndiyini, ümumiyyətlə, bu cür ailələrin uğursuz olduğunu diqqətə çatdırmaq, həmçinin dövlətin müvafiq strukturlarının bu istiqamətdə apardığı işlərə dəstək göstərməkdir.

Səfərin məqsədi barədə danışan L.Azərtaş qeyd edib ki, şagirdlərin peşə liseyinə səfərinin təşkilində məqsəd təhsildən, xüsusilə də 9-cu sinifdən sonra məktəbdən uzaqlaşdırılan yeniyetmələrin peşə təhsilinə marağını artırmaq, bununla da onların ailə qurmaq istəyinə, erkən nikah qurbanına çevrilmə ehtimalına qarşı maarifləndirmə işləri aparmaqdır.

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Zibaxanım Cəfərli şagirdlərə mərkəzdə fəaliyyət göstərən emalatxanalar, tədris olunan ixtisaslar barədə məlumat verib, mərkəzi bitirən şagirdlərin uyğun işlə təmin olunduğunu qeyd edib. Şagirdlər peşə məktəbində təhsil alanlar üçün yaradılan şəraitlə tanış olub, dərslərdə iştirak ediblər. Onlar maraqlandıran suallar cavablandırılıb.

Sonra tədbirdə peşə liseyinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Chosen
11
4
azertag.az

5Sources