EN

ŞİKAYƏTNAMƏ BİR QƏZETİN TALEYİ

ain.az, Adelet.az portalına istinadən məlumat yayır.

Yaranışdan hər kəsə bir ömür payı verilib. İstər canlı, istərsə də cansız. Heç nə səbəbsiz deyil. Daş var üzüyə qaşdır, daş var divara hörgü. Demək ona verilən missiyanı yerinə yetirməyə borcludur. Yüzlərlə belə misal çəkmək olar. Bu misalların içərisində keşməkeşli «ömür» payı olan qəzet də vardır. Bəzən ona həyat aynası da deyilir. Çünki gördüyünü yazır, tarix, salnamə yaradır.

1920-ci ildə «dünyaya göz» açanda adını «Qırmızı Gəncə» qoydular. May ayının 5-də əks əlifba ilə həyata vəsiqə aldı. Lakin bu o zaman idi ki, insanlar 23 ay da olsa müstəqilliyin şirinliyini dadmışdılar, sevmişdilər. Birdən birə «mən nə desəm, nə diqtə etsəm onu yazmalısan» əmrinə tabe olmaq çətin idi. Üstəlik də başının üzərində «qlavlit» (senzura) deyilən bir söz anlamaz, zalım dayanmışdı. Bu adı yeddi dəfə dəyişdirilən, 3 ictimai-iqtisadi farmasiya dövrünü yaşayan, 3 əlifba ilə çap olunmağa məcbur edilən qəzetin «uşaqlıq» dövrü idi. Adətən uşaqlıq dövrü kövrək olur. Yerimək, ayaq açmaq üçün dəfələrlə yıxılıb durmaq, əzilmək, zədələnmək qorxusu olur. Qəzetin ilk redaktoru Məmmədkazım Ələkbərli dəyərli ziyalılardan biri idi. Ona zorla diqtə edilən, çərçivəyə salınan «demokratiyanı» bəyənmədiyi, zorakılığın qulu olmadığı üçün qəzet cəmi 3 ay işıq üzü görüb. Redaktoru həbs edilib, özünə isə qadağa qoyulub. Sonra başqa ad veriblər qəzetə. Düşünüblər ki, bəlkə ağlı başına gəldi. «Zərbə» adını qoyub redaktorluğa Balabəy Həsənbəyovu gətiriblər. O da işində nöqsanlar olduğu üçün həbs edilib.

Cavad Kərbəlayi Əsəd oğlu Fərhadov yeni yaradılan amma «Qırmızı Gəncə»nin davamı olan «Kirovabad fəhləsi» qəzetinə redaktor təyin olunanda oxucular dərindən nəfəs aldılar. Nəhayət ki, qəzet səhifələrində istədiklərini oxuyacaqdılar. Amma belə olmadı. Jurnalist Cavad Fərhadov ən ağır cəzaya – əmlakı müsadirə olunmaqla güllələnməyə məhkum edildi.

Bəli, uşaqlıq və yeniyetməlik dövrü böyük repressiyalara davam gətirən, dəfələrlə bağlanıb yeni adlarla nəşr olunan qəzet böyük travmalarla uşaqlıq və yeniyetməliyini başa vurdu. Gəncliyi quruculuq illərinə düşdü. Adını dəfələrlə dəyişsələr də qayğı göstərənləri də vardı. Tirajı artmış texniki cəhətdən irəliləyişlərə malik olmuşdu. 1970-ci illərdə həftədə 3 dəfə, daha sonra gündəlik olaraq 24 min tirajla oxucuları ilə görüşdü. Əməkdaşlarının sayı  artdı. Hər kəsin sevdiyi bir mətbu orqana çevrildi. Gəncliyin bütün imkanları ona çox şey bəxş etdi.

Cavanlığı… bax burada bir qədər nəfəs almaq gərəkdir. Keçid dövrü deyilən illər qəzetin həyatına keşməkeşli günlər bəxş etdi. Sevilib sevilməməsi kimlərinsə külli-ixtiyarına, istəyinə qaldı.

Dənizin qəribə bir hikməti var. Hərdən qabarır, sahili yuyur, hərdən də yatağına çəkilib sakit-sakit uyuyur. O zamankı «Kirovabad kommunisti» də həmin ömrü yaşadı. Onu ayağa qaldırmaq üçün yeni nəfəs lazım idi. Nəhayət, həmin günlər yetişdi. Qəzet bütün zamanlarda arzusunda olduğu görkəmə qovuşdu. «Gəncənin səsi» aləmə səs saldı. Böyük formatda, yüksək çap üsulu ilə rəngli, baxımlı şəkildə oxucusuna əl uzatdı. Tirajı 5 min, səhifələrinin sayı hətta 12-16-ya qədər çatdı. Əməkdaşlarının üzü güldü. Çünki gözəl, iqtisadi cəhətdən inkişafda olan, qonaqlı-qaralı günlərdən, sonradan tarixə çevrilən hadisələrdən yazmaq sonsuz həvəs, zövq idi.

Nəhayət, qəzet 105 yaşına gəlib yetişdi. İndi nə yada salanı, nə qayğısına qalanı, nə də yazdıqlarına cavab verəni var. Gəncənin 105 illik tarixinə şahidlik edən qəzet əvvəlki illərin toplularını qoltuğuna vurub ona sahib duracaq yer axtarır. Deyilənə görə himayəsiz qocalara «Qocalar evi» deyilən bir müəssisə sahib çıxır. Lakin «Gəncənin səsi»nə «Qocalar evi»də cavab vermir. Necə yaşaya bilirsən, nəyi bacarırsan, onu da et. Təkcə bizə ümid bağlama – deyirlər.

Rəfiqə SADIQOVA,“Gəncənin səsi” qəzetinin baş redaktoru 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
9
1
adalet.az

2Sources