EN

Alimlər alkoqol asılılığının səbəbi açıqlayıb

ain.az, Azpost portalına istinadən məlumat verir.

Alimlər sərxoşluq zamanı insan bədənində yaranan hisslərin ilk dəfə dəqiq xəritəsini tərtib ediblər. AzPost xəbər verir ki, bu maraqlı tədqiqat ABŞ-ın Los-Anceles Kaliforniya Universiteti və Amsterdam Universitetinin alimləri tərəfindən aparılıb.

Məlumata görə, araşdırmada 37 sağlam yetkin könüllü iştirak edib. Onlar iki dəfə laboratoriya şəraitində sınaqdan keçib: bir dəfə alkoqollu içki, digər dəfə isə dadı və qoxusu eyni olan plasebo qəbul ediblər. Hər iki seans zamanı iştirakçılar bədənlərində yaranan dəyişiklikləri emBODY adlı rəqəmsal xəritə proqramı vasitəsilə qeyd ediblər.

Nəticələr göstərib ki, sərxoşluğun yüksələn mərhələsində daha çox sinə, baş və qollarda intensiv hisslər (istilik, qarıncalanma) müşahidə olunur. Qanda spirt miqdarı azaldıqca isə uyuşma və ağırlıq hissi əsasən ətraf əzalarda qeydə alınıb.

Ən maraqlı məqam isə sərxoşluq təcrübəsinin bədəndəki hisslərlə necə fərqli qavranılması olub. Alimlər müəyyən ediblər ki, bədənindəki siqnallara qarşı daha az həssas olan insanlar spirtin stimullaşdırıcı təsirini daha çox hiss edir, lakin sakitləşdirici təsiri zəif dərk edir. Bu isə onların daha çox içməyə meyilli olmasına səbəb olur.

Araşdırmanın müəllifi Mateo Leqanes-Fonteno qeyd edib:“Bu tədqiqat göstərir ki, bədən hissləri spirtin təsiri və sərxoşluq təcrübəsi arasında vacib vasitəçidir. Bədəninin dəyişikliklərinə həssas olmayanlar spirtin ilkin stimullaşdırıcı təsirinə aldanaraq içməyə davam edə bilər.”

Bundan əlavə, alimlər plasebo qəbul edən iştirakçılarda da sərxoşluq əlamətlərinin müşahidə edildiyini bildiriblər. Bu isə içkinin təsirini gözləmə və əvvəlki təcrübələrdən yaranan şərti reflekslərlə izah olunur.

Tədqiqatın məhdudiyyətlərinə baxmayaraq (kiçik iştirakçı qrupu, laboratoriya şəraiti), nəticələr alkoqol asılılığının təbiətini anlamaq və fərdi qarşısının alınması metodlarını işləyib hazırlamaq baxımından dəyərli hesab olunur.

Alimlər hesab edir ki, insanın interoseptiv həssaslığı — yəni bədəninin daxili vəziyyətini doğru dəyərləndirmə qabiliyyəti, alkoqolizmin inkişafının qarşısını almaq üçün mühüm açar ola bilər.

Bu nəticələr gələcəkdə yüksək risk qrupunda olan şəxslərin erkən müəyyənləşdirilməsi və onlara fərdi yanaşma ilə yanaşılması üçün yeni üsulların tətbiqini mümkün edə bilər.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
3
1
azpost.info

2Sources