EN

İnsan hüquq və azadlıqlarının təmin olunduğu dövlət

Ses qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Prezident İlham Əliyev: "Sivil və hüquqi dövlət o dövlətdir ki, orada qanunun aliliyi var, cəmiyyətdə bütün ictimai-siyasi təsisatlar işləyir"

İnsan hüquq və azadlıqlarının müdafiəsi hər zaman Azərbaycan dövlətinin ən ümdə məqsədlərindən biridir. Ulu Öndər Heydər Əliyevin vətəndaş cəmiyyəti, vətəndaşların və insanların hüquqlarının qorunması uğrunda etdiyi çağırışlar və apardığı siyasət müstəqil Azərbaycanda müasir vətəndaş cəmiyyətinin formalaşmasını sürətləndirdi. Sovet totalitarizmindən çıxmış Azərbaycan vətəndaşların və insanların hüquqlarının qorunmasını təmin etməyə başladı. SSRİ-nin dağılması prosesində ən gərgin şəraitlərlə üzləşmiş Azərbaycanda vətəndaşların və insanların hüquqlarının qorunması stabil şəkil aldı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarını ümumbəşəri yüksək dəyərlər kimi qiymətləndirərək, onların təmin edilməsini dövlətin ali məqsədi elan etmişdir. 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquqlarının və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarıb. Konstitusiyada əksini tapmış bu strateji məqsəd, ilk növbədə, hüquqi islahatları və insan hüquqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri edib. Humanist addımları ilə hər zaman dünya ölkələrinə nümunə olan Azərbaycanda 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Şərqdə ilk dəfə olaraq, ölüm cəzası ləğv edilib. Bu Konstitusiya ölkəmizdə insan hüquq və azadlıqlarına əsaslanan yeni dövlət quruculuğunun əsasını qoymuşdur. Azərbaycan Konstitusiyasının 12-ci maddəsində də göstərilir ki, insan hüquq və azadlıqlarının təminatı, eyni zamanda, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu ali məqsədin təmini istiqamətində dövlət konkret addımlar atır.

HÜQUQİ DÖVLƏT, VƏTƏNDAŞ CƏMİYYƏTİ QURUCULUĞU

Bildiyimiz kimi, 18 İyun Azərbaycanda İnsan Hüquqları günüdür. Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, hər il 18 iyun ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nı təsdiq edib. Ulu Öndər tərəfindən həyata keçirilmiş hüquq islahatları Azərbaycanda demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş yeni hüquq sisteminin formalaşmasına zəmin yaratmışdır. Ölkəmiz demokratik inkişaf yoluna Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-iqtisadi strategiya əsasında qədəm qoyub. Ulu Öndərin demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, həmçinin, dünya birliyinə fəal inteqrasiyanı müstəqil Azərbaycanın əsas hədəflərindən biri kimi elan edib.

Ölkəmizdə insan hüquqlarının təminatı ilə bağlı güclü hüquqi baza formalaşdırılıb. Həyata keçirilən bütün tədbirlər ölkəmizdə hər bir vətəndaşın hüquqlarının müdafiəsinə yönəlib. Azərbaycanın uğurlu inkişafı ölkəmizdə insanların hüquq və azadlıqlarının müdafiəsi sahəsindədə əsaslı irəliləyişlərlə müşayiət olunur. Ulu Öndər tərəfindən imzalanan "İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 1998-ci il 22 fevral tarixli Fərman və "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" 1998-ci il 18 iyun tarixli Sərəncam ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin mahiyyətini və konsepsiyasını dəqiq müəyyənləşdirməklə insan hüquqlarının davamlı inkişafını təmin etmiş və bu sahədə qanunvericilik və institusional islahatlara təkan vermişdir.

Ulu Öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlər həyata keçirilmişdir. Ölkə başçısı tərəfindən 2006-cı ildə qəbul edilmiş "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" və 2011-ci ildə qəbul edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir.

YENİ DÖVRÜN TƏLƏBLƏRİ

Azərbaycan demokratik dəyərlərin bərqərar olduğu müasir hüquqi dövlətdir. Azərbaycan Respublikasının İnsan Hüquqları haqqında beynəlxalq sazişlərə qoşulub və bu normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğu təmin edilib. Hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil problemləri üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir. 2012-ci ilin dekabrında təsdiq olunmuş "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası da insan hüquqlarının səmərəli qorunması üçün yeni imkanlar açmış oldu.

2001-ci ildə Azərbaycan Respublikası "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına qoşuldu. Son illər ölkəmizdə bütün sahələrdə həyata keçirilən əsaslı islahatlar insan hüquq və azadlıqlarının etibarlı şəkildə təmin olunması mexanizmlərinin daha da təkmilləşdirilməsini təmin edib. Xüsusilə, Azərbaycan Respublikasının 2017-ci il 10 fevral tarixli "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncamı, eləcə də bu sahədə imzalanan digər fərman və sərəncamlar ölkəmizdə insan hüquqlarının təmin olunması işinə mühüm təkan verib. Məhz bu sahədə əsaslı islahatların və proqram xarakterli fərman və sərəncamların imzalanmasının nəticəsidir ki, Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.

Ölkəmizdə insan hüquqları sahəsində həyata keçirilən davamlı islahatlar fonunda yeni dövrün tələbləri və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər nəzərə alınmaqla "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununda edilmiş son dəyişikliklərə əsasən Ombudsman “Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Uşaq hüquqları haqqında" konvensiyaların həyata keçirilməsi, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının təşviqi və monitorinqi üzrə müstəqil mexanizm funksiyalarının həyata keçirilməsi səlahiyyətinə də malikdir. Bu çərçivədə qadınların, uşaqların və əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının təşviqi, müdafiəsi və təmini vəziyyətinin monitorinqi, pozuntu hallarının qarşısının alınması məqsədilə zəruri addımlar atılır.

"CƏMİYYƏT DEMOKRATİK PRİNSİPLƏR ƏSASINDA QURULUR"

Bu gün Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarına cavab verən geniş hüquqi baza mövcuddur. Bu hüquqların həyata keçirilməsi ilə bağlı konkret hüquq müdafiə mexanizmləri fəaliyyət göstərir. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı dövlətin siyasi iradəsi mövcuddur. Bu istiqamətdə davamlı olaraq islahatlar həyata keçirilir. Həmin islahatlar nəticəsində qanunvericilik təkmilləşdirilərək müvafiq beynəlxalq sənədlərə uyğunlaşdırılır, əhalinin hüquq və azadlıqları daha yüksək səviyyədə təmin olunur. "Mənim aləmimdə, sivil və hüquqi dövlət o dövlətdir ki, orada qanunun aliliyi var, cəmiyyətdə bütün ictimai-siyasi təsisatlar işləyir, cəmiyyət demokratik prinsiplər əsasında qurulur, söz, vicdan azadlığı var, dinindən, milliyyətindən asılı olmayaraq insanlar eyni hüquqlara malikdirlər, azad yaşayırlar. Mənim aləmimdə, bunlar sivil və hüquqi dövləti müəyyən edən əsas amillərdir", - deyə Prezident İlham Əliyev bildirib. Azərbaycanda da belə bir dövlətin qurulması istiqamətində dövlət başcısının rəhbərliyi ilə çox işlər görülüb və davamlı tədbirlər, islahatlar reallaşıb.

Nəzakət ƏLƏDDİNQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
sesqazeti.az

1Sources