EN

Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin daha da güclənməsi və sarsılmazlığını təmin edən sənəd

2021-ci il iyun ayının 15-i müstəqil Azərbaycanın tarixində əlamətdar gün kimi qalacaqdır. Həmin gün 28 il yarım Ermənistan işğalında olan və 8 noyabr 2020-ci ildə azad edilən tarixi Şuşa şəhərində böyük siyasi-hüquqi, hərbi-geostrateji əhəmiyyəti olan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" imzalandı və dünyaya bir daha nümayiş etdirildi ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir və sarsılmazdır. Məhz həmin gün dini, dili, tarixi, mədəniyyəti və məqsədi bir olan Azərbaycan və Türkiyə arasındakı münasibətlərin yeni inkişaf mərhələsi başladı.

Şuşa Bəyannaməsi Azərbaycan üçün vacib bir gündə – 15 iyun Milli Qurtuluş Günündə iki dost və qardaş dövlətlər arasında imzalanan müttəfiqlikdir.

Bu Bəyannamənin müddəaları Azərbaycan Respublikasının milli təhlükəsizliyinin bir çox aspektini əhatə etsə də, Hərbi Doktrinada nəzərdə tutulan xarici hərbi və siyasi təhdidlərin neytrallaşdırılmasında və ya onlara qarşı balans yaradılmasında xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, bir dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün təhdid edilməsi digəri üçün də təhdid kimi qəbul edilir və lazımi tədbirlərin həyata keçirilməsi öhdəçiliyini yaradır.

Bəyannamənin siyasi əhəmiyyəti Azərbaycan-Türkiyə əlaqələrini pik zirvəsinə yüksəltdi və əməkdaşlıqda ən yeni bir mərhələnin başlanğıcına əsas yarandı. Hər iki ölkə ümumi mənafelərinin qorunaraq müdafiəsində imkanların birləşdirilməsi, ortaq maraqları əks edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı əlaqələndirilməsi Bəyannamənin əsas şərtidir.

Şuşa Bəyannaməsi tarixə, mədəniyyətə və ortaq köklərə söykənən bir baxışın hüquqi və siyasi ifadəsidir. İki dövlətin liderləri - Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan bu sənəd, əslində, bir əsrdən artıq davam edən dostluğun, dəfələrlə sınaqdan çıxmış qardaşlığın və zamanın sərt küləklərinə davam gətirən müttəfiqliyin zirvədəki təsdiqidir. Bu, yalnız siyasi maraqların deyil, milli mənsubiyyətin, mədəni birliyin və geosiyasi məsuliyyətin bəyanıdır.

44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi mənəvi-siyasi dəstək və qətiyyətli mövqe bu bəyannamənin geosiyasi zəminini formalaşdırdı. Bəyannamə ilə təsbit edilən əməkdaşlıq sahələri - müdafiə sənayesi, təhlükəsizlik, nəqliyyat, enerji, təhsil və mədəniyyət - regional güc balansında yeni reallıqlar yaradaraq Cənubi Qafqazda sabitlik və inkişafın təminatına çevrildi.

Şuşa Bəyannaməsi həm də Türk Dünyasının inteqrasiyasında mühüm mərhələ sayılır. Bu sənəd, təkcə Azərbaycanla Türkiyə arasında deyil, bütövlükdə türkdilli dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsi üçün model funksiyası daşıyır. Bu model, həm milli suverenliklərin möhkəmləndirilməsi, həm də regional təhlükəsizliyin təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir.

Şuşa Bəyannaməsi yalnız bu günü deyil, gələcəyi də təmin edən sənəddir. Bu sənəd iki dövlətin taleyini birgə yazmaq iradəsinin hüquqi formasını təşkil edir. Azərbaycan və Türkiyə artıq birgə inkişaf, birgə müdafiə və birgə mədəni yüksəliş yolundadır. Bu sənəd ilə “bir millət, iki dövlət” ideyası daha da dərin mənaya bürünür - bu artıq yalnız şüar deyil, konkret əməkdaşlıq formatına çevrilmiş siyasi strategiyadır.

Şuşa Bəyannaməsi, Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərini keyfiyyətcə yeni bir səviyyəyə qaldırmış regional və beynəlxalq əhəmiyyətli bir hadisədir. Bu bəyannamə, iki qardaş ölkənin gələcək əməkdaşlığının istiqamətlərini müəyyən edərək, onların müstəqilliyinin və təhlükəsizliyinin qorunmasında, regional sülh və sabitliyin təmin edilməsində, eləcə də iqtisadi və mədəni inkişafında mühüm rol oynamağa davam edəcək.

Şuşa Bəyannaməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" prinsipləri əsasında iki dövlətin strateji münasibətlərinə yeni yanaşma sərgilədi. Bundan başqa, bəyannamənin Şuşadan açıq bəyanı özlüyündə bir neçə dolayı mesaj da daşıyır. Şuşadan bəyan edildi ki, Azərbaycan və Türkiyə dövlətləri beynəlxalq hüququ əsas tutmaqla öz diplomatik, siyasi, hərbi, iqtisadi və sosial-mədəni münasibətlərini daha da inkişaf etdirəcək, müstəqil dövlətlər olaraq fəaliyyətlərini maksimum uzlaşdıracaqlar.
Bəyannamənin tarixi prizmadan əhəmiyyəti isə budur ki, 100 il bundan öncə imzalanmış Qars müqaviləsindən sonra (1921-ci ildə Anadolu türklüyü üçün ölüm-dirim müharibəsi olan Sakarya Meydan Müharibəsi zəfərindən sonra Rusiyanın nəzarəti altında olan Azərbaycan, Ermənistan və Gürcüstan ilə Türkiyə Böyük Millət Məclisi (TBMM) arasında düz 100 il əvvəl, 13 oktyabr 1921-ci ildə Qars müqaviləsi imzalanmışdı) yenidən Türkiyə-Azərbaycan arasında məzmunca eyni, mahiyyətcə isə daha geniş bir bəyannamə imzalandı və bu məhz yenicə işğaldan azad olunmuş Şuşa şəhərində baş verdi. Bu tarixi hadisənin Azərbaycanda Milli Qurtuluş Günündə baş verməsi heç də təsadüfi deyil.

Yeni mərhələdə Azərbaycan-Türkiyə münasibətlərinin yol xəritəsi olan Şuşa Bəyannaməsi isə bütün bu sənədlərin zirvəsidir və iki qardaş dövlətin həm siyasi, həm iqtisadi, həm də hərbi müttəfiqliyini yeni məzmunda təqdim edir. Bəyannamənin müddəaları göstərir ki, hazırki beynəlxalq münasibətlər sistemində Azərbaycan-Türkiyə münasibətlərinin bənzəri yoxdur.

Şuşa Bəyannaməsindəki "Türkiyə Respublikası və Azərbaycan Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər" prinsipi tarixin yenə təkrarlanmaması üçün iki ölkənin əməkdaşlıq proseslərinin sərhədlərini göstərir. "Tərəflər öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirirlər. Regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər" - bu, iki ölkə arasındakı münasibətləri pozmaq cəhdlərinin qarşısını almaqda hər iki ölkənin müstəqil dövlət olaraq öz seçimlərini etmə iradəsinə sahib olması kimi anlaşılmalıdır.
Şuşa Bəyannaməsinin siyasi əhəmiyyəti Azərbaycan üçün daha vacibdir. Belə ki, Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində Azərbaycan və Türkiyənin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl nümunədir.

Beləliklə, Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə tarixi addım ataraq, bölgənin geosiyasi mənzərəsini dəyişəcək, həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesajı olan, həmçinin ölkələrimiz arasında bütün sahələrdə inteqrasiyanın nümunəsi olan Bəyannaməyə imza atdı. Ən əsası, bu Bəyannamə region üçün yeni tarixi gerçəklik deməkdir. Şuşa Bəyannaməsi birliyimizin sarsılmaz rəmzi, əbədi qardaşlığın siyasi təsdiqidir. Bu sənədin hər bir müddəasının mərhələli şəkildə həyata keçirilməsi bütövlükdə Türk dünyasının gələcək inteqrasiyası və sabitliyinin mühüm təminatçısı olacaqdır.

Mehman Əliyev,
YAP Xətai rayon təşkilatının fəal üzvü

Chosen
5
2
ikisahil.az

10Sources