EN

Trampdan Tehranla bağlı sürpriz addım: Görüş baş tutacaqmı?

ABŞ Prezidenti Donald Tramp administrasiyası İsrail və İran arasındakı gərginlik fonunda yeni diplomatik addım atmağa çalışır. Tramp öz komandasına İran rəsmiləri ilə birbaşa görüş təşkil etməyi tapşırıb. Bu, son aylarda Vaşinqtonun Tehrana üçüncü danışıqlar təklifi sayılır.

 

Sfera.az-a açıqlama verən siyasi ekspert Züriyə Qarayeva bildirib ki, hazırkı hərbi-siyasi şəraitdə diplomatiya mühüm rol oynayır:

 

"İran danışıqlara tam qapalı deyil və Vaşinqtonun İsrailə birbaşa hərbi dəstək verməsini məhdudlaşdırmaq istəyir. Eyni zamanda, Tehran nüvə danışıqlarının bərpasını iqtisadi və siyasi izolyasiyadan çıxış yolu kimi görür.

 

Ancaq İran danışıqlara ciddi şərtlərlə qatılmağa hazırdır. Bunlara atəşkəsin elan edilməsi, sanksiyaların yumşaldılması və nüvə proqramı ilə bağlı beynəlxalq zəmanətlər daxildir. Əks halda, Tehran təşəbbüsün rejimi zəiflətmək üçün istifadə edildiyini düşünə bilər.

 

Ekspertlər hesab edir ki, Tramp diplomatiyanı müharibəyə alternativ kimi yox, siyasi təzyiq vasitəsi kimi görür: "ABŞ, İranı zəif durumda masa arxasında oturmağa məcbur edərək maksimum güzəştlər əldə etməyə çalışır.

 

 

Əgər görüş baş tutarsa, bu, müharibənin tempini azalda bilər. Lakin nəticələr bir çox faktordan asılıdır – İran güzəştə gedəcəkmi, ABŞ nə təklif edəcək, İsrail buna necə reaksiya verəcək?"

 

Z.Qarayeva onu da vurğuladı ki, bu danışıqlar yalnız müvəqqəti fasilə rolunu oynaya bilər:

 

"İran diplomatiya masasında zəif görünərsə, növbəti addımları daha sərt ola bilər. Vaşinqton və Tehran arasındakı mümkün görüşlər hər iki tərəf üçün riskli, lakin zəruri hesab olunur".


Bəsti Rəfizadə
Sfera.az

Chosen
5
sfera.az

1Sources