EN

Elçibəyin məmurları Əliyevə qarşı hərəkətə keçdilər Sabiq deputat gizlinləri açdı

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

1993-cü ilin iyun ayında Azərbaycanda baş verən hərbi-siyasi hadisələr ölkənin gələcək taleyini müəyyən edən dönüş nöqtəsinə çevrildi. Həmin ilin 15 iyununda Heydər Əliyevin Ali Sovetin (indiki Milli Məclisin-red.) sədri seçilməsi ilə ölkənin siyasi rəhbərliyində ciddi dəyişiklik baş verdi. Bu dövr həm də Azərbaycan Xalq Cəbhəsi (AXC) hökumətinin böhranla üz-üzə qaldığı, daxili qarşıdurmaların və idarəetmədəki zəifliyin kəskin şəkildə üzə çıxdığı bir vaxt idi.

Maraqlıdır ki, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə AXC-nin bir çox nümayəndələri vəzifələrini “dondurmaq”, idarəetmədən kənara çəkilmək qərarı verdilər. Sonralar bu addım onların özü tərəfindən taktiki gediş kimi izah edilsə də, həmin dövr üçün bu qərarın səbəbləri və nəticələri geniş müzakirə mövzusuna çevrildi. Bəziləri iddia edir ki, əgər AXC hökumətinin üzvləri istefa verməsə və dövlət idarəçiliyində qalmaqda israrlı olsaydılar, Heydər Əliyev onlarla əməkdaşlığa hazır olardı.

Lakin, əksinə, onlar yeni siyasi reallıqla əməkdaşlıq etmək əvəzinə, passiv müqavimət mövqeyi seçdilər və tədricən radikal müxalifətə çevrildilər.

Daha bir maraqlı məqam isə budur: AXC iqtidarı və Müsavat Partiyası silahlı qiyamla ölkədə siyasi sabitliyi pozmuş Surət Hüseynova qarşı deyil, o dönəmin prezidenti Əbülfəz Elçibəyin israrlı dəvəti, xalqın tələbi ilə hakimiyyətə gəlmiş Heydər Əliyevə qarşı sərt mövqe sərgilədi.

AXC hökuməti nəyə görə Heydər Əliyevə qarşı müxalif mövqe tutdu? Onları vəzifələrini dondurmağa və siyasi prosesdən kənara çəkilməyə vadar edən nə idi? Və nə üçün Elçibəy iqtidarını devirən qiyamçıya yox, yeni rəhbərliyə qarşı mübarizə yolunu seçdi?

Fəzail Ağamalı

Globalinfo.az-a danışan sabiq deputat Fəzail Ağamalı bildirib ki, o dövrdə vəziyyət həm mürəkkəb, həm də kifayət qədər fərqli idi:

Həmçinin oxuyun:

“Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə gələcək taleyini özü həll etdi”

“Heydər Əliyev siyasi hakimiyyətə gəldikdən bir neçə gün sonra Əbülfəz Elçibəy Bakını tərk etdi. Həmin vaxt AXC komandasında olanların demək olar ki, hamısı vəzifələrini dondurdular. Onların istefa verməmələrinin səbəbi Elçibəyin hakimiyyətdən getdiyini deyil, sadəcə olaraq yerini müvəqqəti dəyişdiyini düşünmələri idi. Onlar hesab edirdilər ki, Elçibəy Kələkidən də ölkəni telefon vasitəsilə idarə edə bilər. Qısa müddətdə onun Bakıya qayıdacağı və vəzifələrin yenidən aktivləşəcəyi gözlənilirdi. Bu səbəbdən də AXC üzvləri hakimiyyətdən tam getməyib, sadəcə olaraq vəzifə səlahiyyətlərini icra etməməyə başladılar.

Lakin ölkədəki mürəkkəb və təhlükəli vəziyyət, dərinləşən siyasi böhran şəraitində ölkəni başsız qoymaq mümkün deyildi. Məhz bu kontekstdə Ali Sovetin sədri kimi Heydər Əliyev parlamentin qərarı ilə prezident səlahiyyətlərini icra etməyə başladı.

Azərbaycanın tanınmış ziyalıları Fərəməz Maqsudovun rəhbərliyi ilə Kələkiyə yollanaraq Əbülfəz Elçibəyə Bakıya qayıtması üçün müraciət etdilər. Lakin Elçibəy bu təklifə müsbət cavab vermədi. Nəticədə 1993-cü ilin avqust ayında keçirilən referendumda xalq Elçibəyin prezidentliyinə “yox” dedi. Bundan sonra 3 oktyabr tarixinə seçki təyin edildi, Heydər Əliyev prezident seçildi.

Həmin dövrdə vəzifəsini donduran şəxslər elə o şəkildə də qaldı. Çünki artıq siyasi yanaşmalar dəyişmişdi. Onlar düşünürdülər ki, “vəzifəni dondurmaq” onlara hansısa imtiyaz verə bilər və ya təhlükədən sığortalayar. Bu isə tamamilə əsassız və məntiqsiz düşüncə idi. Heydər Əliyev hüququn aliliyini ön planda tutan və bunu hər kəsə nümunə göstərən bir lider idi.

Heydər Əliyev prezident seçildikdən sonra əminəm ki, Surət Hüseynov da müəyyən tapşırıqlar almışdı ki, öz mövqeyini qorumaq üçün kriminal metodlardan istifadə etsin. Amma əslində Heydər Əliyevin hakimiyyətə gəlişi, Surət Hüseynovun dediyi kimi, AXC-ni Azadlıq meydanında dar ağacından xilas etdi. Maraqlıdır ki, həmin dövrdə AXC tərəfindən Surət Hüseynova qarşı bir dəfə də olsun kəskin və qəti tənqid səslənmədi. Hətta onun bütün səlahiyyətləri əlindən alınana və o, ikinci dəfə (4 oktyabr 1994-cü il-red.) qiyam qaldırana qədər ciddi ittihamlarla qarşılaşmamışdı.

AXC-Müsavat cütlüyü arasında yaranan münaqişədən isə Surət Hüseynov qalib çıxdı. Onu neytrallaşdırmaq məqsədilə Heydər Əliyev çox məharətli addım ataraq baş nazir təyin etdi və bu yolla nəzarət altına aldı. Lakin çox keçmədən 1994-cü ilin oktyabrın 4-də Surət Hüseynov istefaya göndərildi və eyni zamanda haqqında cinayət işi açıldı.

Əslində, həmin dövrdə əsas problem AXC-Müsavat tandeminin ölkəni idarə edə bilməməsi idi. Digər təhlükə isə Ayaz Mütəllibovun vasitəçiliyi ilə Azərbaycanın yenidən Rusiyanın təsiri altına düşməsi riski idi. Məhz bu təhlükənin qarşısını Heydər Əliyev aldı. Onun hakimiyyətə qayıdışı xalqın iradəsi və təkidi ilə baş verdi”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
globalinfo.az

1Sources