EN

Ulu Öndər Heydər Əliyev və ana kitabımız “Kitab Dədə Qorqud” dastanları

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 17 iyun, AZƏRTAC

“Kitabi-Dədə Qorqud” qəhrəmanlıq dastanıdır. “Kitabi-Dədə Qorqud”un vəsiyyətlərindən bu gün həyatımızda istifadə edərək, xalqımızda vətənə məhəbbət, sevgi, sədaqət, vətənpərvərlik hisslərini daha da artırırıq. “Kitabi-Dədə Qorqud” özündə böyük elmi, mədəni, mənəvi fikirlər cəmləşdirən abidədir.

Bu fikirlər filologiya elmləri doktoru Yeganə İsmayılovanın “Ulu Öndər Heydər Əliyev və ana kitabımız “Kitab-Dədə Qorqud” dastanları” sərlövhəli yazısında yer alıb. AZƏRTAC həmin məqaləni təqdim edir.

Ulu Öndər Heydər Əliyev 1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud” eposunun 1300 illiyinin keçirilməsi haqqında Fərman imzaladı və bu yubiley münasibətilə UNESCO səviyyəsində tədbirlərin keçirilməsinə nail oldu. Heydər Əliyev heç də təsadüfən qeyd etmirdi ki: “Bu yubiley bizim üçün, bütün Türk dünyası üçün, bəşər mədəniyyəti üçün müstəsna əhəmiyyəti olan tarixi hadisədir. Bu, bizim tarixi köklərimizə, milli ənənələrimizə, milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə, elmimizə, xalqımızın çoxəsrlik tarixinə olan hörmət, ehtiram bayramıdır. Bu, bizim milli azadlığımızın, dövlət müstəqilliyimizin bayramıdır. Azərbaycan xalqının, bütün türkdilli xalqların böyük tarixi abidəsi olan “Kitabi-Dədə Qorqud” 1300 ildir ki, yaşayır. Əgər 1300 ildən də öncə “Kitabi-Dədə Qorqud” dastanlarının yaranması üçün xalqımızın nə qədər səylər qoyduğunu və nəhayət, bu tarixi abidəni yaratdığını nəzərə alsaq, onda təsəvvür edə bilərik ki, bizim xalqımızın nə qədər qədim tarixi, dərin kökləri və nə qədər zəngin mədəniyyəti vardır”.

“Kitabi-Dədə Qorqud”un 1300 illiyi ilə bağlı tarixi Fərman bir tərəfdən bu eposun ilk rüşeymlərinin VII əsrdə yaranmasını diqqət mərkəzinə çəkirdisə, digər tərəfdən hansı coğrafiyanın eposda daha qabarıq görünməsinə diqqəti yönəldirdi. “Kitabi-Dədə Qorqud”un nə dərəcədə Azərbaycan, nə dərəcədə ümumtürk, nə dərəcədə dünya mədəni hadisəsi olması Heydər Əliyevin eposa dair mülahizələrində xüsusi yer tuturdu: dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə həmişəlik daxil olmuş “Kitabi-Dədə Qorqud” dastanını Azərbaycan xalqının, bütün türk xalqlarının qədim və zəngin mədəniyyətinin təbliğinə xidmət edən beynəlxalq əhəmiyyətli hadisə olduğunu nəzərə alaraq onun 1300 illik yubileyinin layiqincə hazırlanması və keçirilməsi haqqında fərman imzaladım”.

“Kitabi-Dədə Qorqud”da dövlətçilik düşüncəsinin qabarıq əks olunmasına əsaslanan Heydər Əliyev Azərbaycanın siyasi müstəqilliyinin qorunub saxlanması və daha da möhkəmləndirilməsi işində bu eposun mühüm əhəmiyyət daşımasını xüsusi olaraq vurğulayır: “Müstəqilliyə nail olmaq və həyatın bir çox sahələrində köklü dəyişikliklər etmək çox çətin və məsul bir prosesdir. Müstəqilliyi elan etmək, onun möhkəmləndirilməsi istiqamətində dövlət tədbirləri həyata keçirmək nə qədər vacib olsa da, əsl müstəqilliyi qazanmaq üçün bu hələ azdır. Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin. Bunun üçün isə o, azərbaycançılığa, mənsub olduğu xalqın mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, elminin nə olduğunu dərindən bilməlidir. Bu, çox mühüm məsələdir. Məhz bu baxımdan “Kitabi-Dədə Qorqud Ensiklopediyası” ilk növbədə gənc nəslə ünvanlanan bir kitabdır”.

Ulu Öndər insan tərbiyəsində, cəmiyyətin inkişafında ədəbiyyatın rolunu xüsusi qiymətləndirirdi. Onun fikrincə, “istedadla yazılmış bədii əsərin gücü bütöv nəsillərin yüksək mənəvi tələbatını proqramlaşdırmağa qadirdir”. Heydər Əliyev, həmçinin bədii ədəbiyyatın imkanlarını ədəbiyyatşünas kimi təhlil edirdi. Onun fikrincə, ədəbiyyat, mədəniyyət xalqın milli sərvəti, xəzinəsidir. Bizim ədəbiyyatımızın xalqımıza bəxş etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərlər ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim milli hissiyyatları oyatmağa alışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir.

1972-ci ildə Aşıq Ələsgərin Bakıda və Moskvada 150 illik, 1973-cü ildə Bakıda və Moskvada Nəsiminin 600 illik yubileyinin qeyd edilməsi, 1976-cı ildə Füzulinin İraqdakı məqbərəsinin bərpası, 1981-ci ildə Nizami Gəncəvinin 800 ilik yubileyinin qeyd edilməsi, 1982-ci ildə Şuşada Vaqifin məqbərəsinin tikilməsi, 1982-ci ildə Cavidin nəşinin Uzaq Sibirdən gətirilməsi, 1994-cü ildə Füzulinin anadan olmasının 500 illik yubileyinin ölkə miqyasında, 1999-cu ildə “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin beynəlxalq səviyyədə qeyd edilməsi, müasiri olan sənətkarlara dövlət qayğısı, əsərlərinin nəşri kimi tədbirlər Ulu Öndərin Azərbaycan ədəbiyyatına diqqət və qayğısının təzahürüdür.

“Kitabi-Dədə Qorqud” dastanları ilə bağlı keçirilən möhtəşəm tədbirlərdə iştirakım heç zaman yadımdan çıxmayacaqdır və bu görüşlər məndə “Kitabi-Dədə Qorqud” dastanları və müasir Azərbaycan ədəbiyyatı” mövzusunda doktorluq dissertasiyası yazmağıma səbəb oldu. Onlarla beynəlxalq konfranslarda bu mövzuda çıxışlarla iştirak etdim. 200-dən artıq elmi məqaləm və dörd kitabım məhz bu mövzudadır.

Ümummilli Lider Heydər Əliyevin söylədiyi kimi: “Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli mənəvi dəyərlərimiz “Kitabi-Dədə Qorqud” eposunda öz əksini tapmışdır. Bu epos bizim ümumu sərvətimizdir və hər bir azərbaycanlı onunla haqlı olaraq fəxr edir. Dastanın məzmununu, mənasını, onun hər kəlməsini hər bir azərbaycanlı məktəbdən başlayaraq bilməlidir. Bu, bizim ana kitabımızdır və gənclik bu kitabı nə qədər dərindən bilsə, millətini, xalqını, vətənini, müstəqil Azərbaycanı bir o qədər dərindən sevəcəkdir”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
10
azertag.az

1Sources