EN

İran İsrailin mərkəzi bölgələrinə raket hücumu edib

BAKI, TurkicWorld

İran Təl-Əviv və Qüdsü ballistik raketlərlə vurub.

TurkicWorld xəbər verir ki, İran ilə İsrail arasında davam edən gərginliyin beşinci günündə Tehran İsrailin mərkəzi bölgələrinə qarşı yeni raket hücumları həyata keçirib.

İranın atdığı təxminən 20 ballistik raketin bir hissəsi birbaşa Təl-Əviv və Qüdsə düşüb.

İsrail Müdafiə Qüvvələrinin (IDF) yaydığı məlumata görə, hücum nəticəsində xüsusilə Herzliya bölgəsində yerləşən “həssas obyektlər” hədəf alınıb. Yerli mətbuatın yazdığına görə, raketlərdən biri avtobus parkına düşüb, nəticədə 5 nəfər yüngül xəsarət alıb.

Qeyd olunur ki, raket hücumları zamanı Təl-Əviv, Qüds və digər şəhərlərdə güclü partlayış səsləri eşidilib, əhali sığınacaqlara yönəldilib. İsrail ordusu hava hücumundan müdafiə sistemlərinin hücumları dəf etməyə çalışdığını açıqlayıb.

Eyni zamanda, İranın daha əvvəlki zərbələri nəticəsində ciddi ziyan görən Hayfadakı neft emalı zavodu fəaliyyətini tamamilə dayandırıb. Zavodun sahibi “Bazan Group” bildirib ki, ziyan səbəbindən həm zavod, həm də ona bağlı şirkətlərin fəaliyyəti müvəqqəti olaraq dondurulub.

İsrail ordusu hələlik hücuma cavab olaraq hansı addımların atılacağını açıqlamasa da, bölgədə gərginliyin artdığı müşahidə olunur.

Chosen
14
22
turkic.world

10Sources