EN

Bakıda QDİƏT PA-nın Sosial və humanitar siyasət komissiyasının iclası keçirilib

İyunun 17-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və humanitar siyasət komissiyasının iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, quruma üzv ölkələrin parlament nümayəndə heyətlərinin iştirakı ilə keçirilən tədbirdə Milli Məclisi QDİƏT PA-da nümayəndə heyətimizin rəhbəri deputat Eldar Quliyev, üzvləri Eldar İbrahimov, Musa Quliyev və Səbinə Salmanova təmsil ediblər.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, habelə QDİƏT PA-nın Sosial və humanitar siyasət komissiyasının sədri Musa Quliyev gündəlikdə olan məsələlər barədə məlumat verib. O bildirib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığımızın əsas hədəflərindən biri birlikdə sosial rifahı yüksəltmək, insan ləyaqətini təbliğ etmək və heç kəsi kənarda qoymayan inklüziv cəmiyyətlər qurmaq üçün ortaq niyyətlərimizin həyata keçirilməsini təmin etməkdir.

M.Quliyev qeyd edib ki, tədbir “QDİƏT üzv dövlətlərində əlilliyi olan şəxslərin təhsilinin və məşğulluğunun artırılması üzrə cari təcrübə və strategiyalar” mövzusuna həsr olunub.

İclasda “QDİƏT üzv dövlətlərində əlilliyi olan şəxslərin təhsilinin və məşğulluğunun artırılması üzrə cari təcrübə və strategiyalar” mövzusunda hesabat layihəsi nəzərdən keçirilib. Sonra eyni mövzuda tövsiyə qərarının layihəsinə baxılıb və sənəd səsə qoyularaq qəbul olunub.

Daha sonra QDİƏT Parlament Assambleyasının baş katibi Asəf Hacıyev çıxış edərək komitənin fəaliyyətinə uğurlar arzulayıb.

Chosen
11
9
xalqqazeti.az

10Sources