EN

Sərhəd kədəri

BAKI, 17 iyun. TELEQRAF

İsrail-İran müharibəsi başlayan kimi ilk ağla gələn görüntülərdən biri qonşu ölkələrin sərhədinə yığılan insan kütləsi oldu. Görünür, Qərbi Azərbaycandan didərgin düşənlər, I Qarabağ müharibəsi zamanı bir milyon köçkün məsələsi alt şüurumuzda dərin izlər buraxıb. Kim istəyərdi ki, uşaqlığı snayper gülləsi ilə şəhid olmuş gənc insanların cənazə mərasimlərinə şahid olsun? Kim istərdi ki, çadır şəhərciklərində yaşanmış həyat hekayələrinə şahidlik etsin? Doqquz ilə yaxındır yaşadığım Türkiyədə saysız-hesabsız suriyalı gördüm. Vətənini unudub cənnət ölkəni özünə yurd bilənlər də gördüm, öz torpağının həsrətini çəkənləri də. İnsan nə qədər yaxşı yaşayır-yaşasın, içində Vətən sevgisi varsa, ürəyində bitməz-tükənməz bir qürbət hissi olacaqdır.

Bir dəfə Manisada İrəvan xanlığı ilə bağlı keçirdiyimiz konfransda tələbələrə dedim ki, insanın doğulduğu yerləri görə bilməməsi izaholunmaz faciədir. İki il öncə Qarsda olarkən Anidən Qərbi Azərbaycana – doğulduğum torpaqlara baxdım, ürəyimdəki qubar hissinin necə alovlandığını gördüm. Nə olsun ki, cəmi üç yaşım vardı, amma genetik kodlar, daha sonra ailədən, nəsildən eşitdiyim hekayələr məni oralara qat-qat bağlamışdı. Yuxuda hələ köçdən öncə oralarda vəfat etmiş, Ağadədədə dəfn edilmiş ulularımızı ziyarət etdiyim də olmuşdu. Qəribə hisslərdi... Bəlkə də, Türkiyənin Qars, Iğdır bölgələrinə olan sevgim buna görədir.

Dövlət Sərhəd Xidmətində əsgər olarkən Gürcüstanla Azərbaycan arasındakı sərhədə uzun-uzun baxardım. Bəzən bir ağacın budağının, bir otun davamının qarşı tərəfə düşdüyünü görüb sərhəd simlərinin təbiətdə ancaq insanlara xas yaradıcılıq olduğunu anlamışdım...

Müharibə davam edir. Ümid edək ki, Güney Azərbaycanımız bu fəlakətli günlərdən zərər çəkməsin, insanlar yurdlarından didərgin düşməsinlər...

Bu duyğular içərisində olarkən arxivimdəki çox nadir qəzetlərin birindən bir məqalə qarşıma çıxdı. Oxudum, oxudum və heyrət etdim. Son yüz əlli ildə Azərbaycan xalqı öz yurdundan öz yurduna necə həsrətli qalıb. Hər iki tərəf öz yurdu, amma nə gedən vardı, nə gələn vardı...

Kankurudanoğlu N. Bozkurt adlı müəllifin 1956-cı ildə Türkiyədə “Ocaq” qəzetində çap olunmuş “Sərhədboyu düşüncələri” məqaləsini bu hisslərimin izahı olaraq təqdim edirəm:

***

Rus hüduduna yaxın bir qəzada, Arpaçaydayam. Qürub vaxtıdır. Günəş başıqarlı Ağrı və Alagöz dağlarını tunclaşdırır. Məktəbdən yeni məzun olmuş bir müəllim yoldaşla düşüncələrin danışdığı səssizlik içərisində gəzirik.

Qəlbimdə izaholunmaz bir hüzn, bir əziklik var. Bu nə qürbət həsrəti, nə də dolanışıq dərdidir. Sərhəd boylarında bunları düşünmək üçün çox eqoist olmaq lazımdır. Rus hüdudu düz yanımızdadır, Moskva ilə eyni havanı tənəffüs edirik. Bunu xatırladıqca əsrlik kinim qabarır, ruhumu atəşiylə sarır. Bu kindən daha qüvvətli digər bir hiss ürəyimi yandırır. Mənim olan torpaqlar, qandaşım olan insanlar gözümdə canlanır. Fəryadlarını, inləyişlərini eşidirəm sanki. Qafqazın yırtıcı qartallarının fahişəcə yolunan qanadları, Türküstan mücahidlərinin Sibirdə buzlaşan cəsədləri, yetim qalan minlərlə körpə, dul qalan saysız-hesabsız qadınlar, söndürülən, dağıdılan ocaqlar bir-bir gözümün önünə gəlir.

Çiyinlərimi çökdürüb, ürəyimi dağlayan bu ağrılı düşüncələrlə qəhvəxanaya giririk. Hər zamankı kimi yenə böyük bir tünlük var. Kimisi nərd, kimisi kart oynayır. Boş masa yoxdur. Radionun yanında adını indi unutduğum Azərbaycan türklərindən bir yaşlı adam oturub. Özümüzü yanına sıxışdırırıq.

Burada Azərbaycan türkləri çox olduğu üçün əksəriyyətlə axşamlar Azərbaycan radiosu dinlənilir. Bir ara radio başında oturan biri həyəcanla ixtiyara: “Qaçaq Nəbini oxuyur, ay kişi, bəri gəl dinlə” dedi.

Yanğılı bir hava idi bu. Qəhvəxanadakıların çoxu oyunu buraxmışdı. Hamısının üzündə bir yığın həsrət vardı. Hələ ixtiyarın üzündəki ifadə çox canlıydı. Dodaqları titrəməyə, gözləri sulanmağa başlamışdı. Mahnı sona çatınca dedim: “İnsana çox toxunan havadır, əmi, kimdir bu Qaçaq Nəbi?”. “Qaçaq Nəbi gəncəlidir. Çarlıq dövrü zamanında uruslara qan qusdurmuşdu. Qorxmaz, çox yaraşıqlı, dağ kimi ər oğlu ərdi. Qafqazın, Dağıstanın Şamili kimdirsə, Azərbaycanınkı da odur. Uruslar onu tutmaq üçün neçə ordu göndərdilərsə, hamısını qırdı. Baxdılar ki, bacarmırlar, çox sevdiyi arvadını tutub həbs etdilər. Arvadı o zaman bayaq radioda dinlədiyimiz mahnını söylədi:

Nəbim gələr kazakların əlindən
Aynalı tüfəngi qəmə belində
Gəl ey Nəbim, qurtar məni bu zalımın əlindən.
Gələsən, gələsən, gələsən, Nəbim.
Qazamat dağını aşasan, Nəbim.

Qaçaq Nəbi arvadını qurtarmaq üçün özü gəlib təslim oldu. Oldu, amma arvadı da yaman qadındı. Sonra o da Nəbini qurtardı. Nəbinin arvadı Həcər xanımın “gələsən, gələsən, gələsən, Nəbim, qazamat dağını aşasan, Nəbim” sözləri mənə çox toxunur. Nə zaman bu sözləri eşitsəm, Urusyada qalan arvad və uşaqlarım, güllər diyarı Gəncəm ağlıma gəlir. Sanki onlar səslənir mənə. Bolşeviklik, kommunistlik çarlıqdan daha betərdir. İndikilərdə də heç insaf yoxdur. Kim bilir onlara məndən sonra...”

O ana qədər kipriklərində güclə saxladığı yaşları daha çox tuta bilmədi. Yavaşca yerindən qalxıb qəhvəxanadan çıxdı. Örtməyi unutduğu qapıdan gecənin sərin havası içəriyə doldu. Yoldaşımla acı-acı baxışdıq. Nə edə bilər, nə deyə bilərdik ki? Biz də açıq qalan qapıdan şölə çıxıb gecənin qaranlığına qarışdıq. Bir-birimizə “gecən xeyrə” deyərkən Tanrının türkü qoruyacağına inanırdıq”.

***
Vətən müharibəsi ilə Azərbaycan torpaqlarının bir qismini qaytardı. Zəngəzur dəhlizinin çəkilməsindən və Ermənistanla bağlanan sülhdən sonra torpaqlarına həsrət qalan insanlar tarixi yurdlarına dönə biləcəklər. Əlbəttə ki, o yurdlarda üçrəngli bayrağımız altında yaşamaq ən xoşbəxt anlarımız olacaq. Amma hələlik zamanın gətirəcəyi anları yaşamaq gərəkdir. Ümid edək ki, heç bir Azərbaycan vətəndaşı yurdundan yurduna həsrətlə baxmasın...

Chosen
7
teleqraf.com

1Sources