EN

Bakı Bulvarında UFC döyüşləri üzrə açıq məşqlərə başlanılır

Bakıda keçiriləcək UFC Fight Night tədbiri çərçivəsində azarkeşlər üçün silsilə tədbirlər təşkil olunacaq.

Operativ Media xəbər verir ki, üç gün davam edəcək proqram 18 iyun tarixindən start götürəcək və 21 iyun tarixində baş tutacaq möhtəşəm döyüş gecəsi ilə yekunlaşacaq.

İyunun 18-də Dənizkənarı Bulvarda UFC döyüşçülərinin açıq məşqləri keçiriləcək. Saat 18:00-dan 20:15-dək davam edəcək məşqlərdən sonra, saat 20:15-dən 21:45-dək Merab Dvalişvili və Belal Məhəmməd ilə azarkeşlər üçün xüsusi görüş baş tutacaq. Hər iki tədbir ictimaiyyət üçün açıq və pulsuz olacaq.

İyunun 20-də UFC azarkeşləri Bakı Kristal Zalında təşkil olunacaq sual-cavab sessiyasında sevimli döyüşçüləri ilə bir araya gələ biləcəklər. Sessiya saat 17:00-da başlayacaq. Ardınca isə saat 18:00-da UFC döyüşçülərinin rəsmi çəkiölçmə mərasimi keçiriləcək. Hər iki tədbir azarkeşlər üçün açıqdır.

Nəhayət, iyunun 21-də azarkeşləri UFC Fight Night tədbirində gərgin döyüşlər gözləyir. “Hill – Rountree Jr” qarşılaşmasının baş tutacağı döyüş gecəsinin qapıları saat 19:00-da tamaşaçılar üçün açılacaq. İlkin döyüşlər saat 20:00-da, əsas döyüşlər isə saat 23:00-da start götürəcək.

Tədbir çərçivəsində Dənizkənarı Bulvarda interaktiv UFC oyunları, foto zonalar və rəsmi UFC məhsullarının satıldığı mağaza da fəaliyyət göstərəcək. Bu imkanlardan çərşənbə günündən cümə gününə qədər istifadə etmək mümkün olacaq.

Təşkilatçılar tədbir proqramının dəyişə biləcəyini qeyd edirlər.

Chosen
13
operativmedia.az

1Sources