BAKI, 16 iyun. TELEQRAF
İran parlamenti İsrailin hücumlarına cavab olaraq "Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə"dən çıxmaq barədə qanun layihəsini nəzərdən keçirdiyini təkzib edib.
Teleqraf xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Bununla yanaşı, parlament bugünkü iclasında İsrailə qarşı hərtərəfli mübarizə məqsədilə Silahlı Qüvvələrin gücləndirilməsi planını təsdiqləyib.
Qəbul olunmuş plana əsasən, İran İsrailin hücumunu rəsmi olaraq müharibə elanı kimi qiymətləndirir və bütün daxili qüvvələrin birləşdirilməsinə çağırış edir.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.