Ekspert: "Kolleclər real həyatda heç bir təsiri olmayan təhsil qurumlarına çevriləcək"
"9-cu sinifdən sonra kolleclərə qəbul planının kəskin azaldılması Azərbaycanın orta ixtisas təhsili siyasətində ciddi dönüş nöqtəsidir. Bu qərarın əsasını əmək bazarında orta ixtisaslı kadrların keyfiyyətinin aşağı olması, kolleclərdə tədris prosesinin əmək bazarının tələblərinə cavab verməməsi və tələbələrin böyük bir hissəsinin bu təhsil formasını yalnız universitetə keçid vasitəsi kimi görməsi təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ildə kolleclərə qəbul olunanların 41 faizi təhsilini sonadək davam etdirməyib və ya diplom aldıqdan sonra ixtisası üzrə işləməyib. Bu, resurs israfı olmaqla yanaşı, həm də insan kapitalının qeyri-səmərəli istifadəsinə gətirib çıxarır".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
"Təhsil haqqında Azərbaycan Respublikasının Qanununa görə orta ixtisas təhsili ümumi orta və ya tam orta təhsildən sonra həyata keçirilən təhsil pilləsidir və bu pillənin əsas məqsədi ixtisaslı kadrların hazırlanmasıdır. Lakin praktikada kolleclər nə tam peşə yönümlü bacarıqlar verə bilir, nə də akademik təhsilə ciddi alternativ yaradır. Bu da onu göstərir ki, mövcud qanunvericilikdə nəzərdə tutulan hədəflərlə real icra arasında ciddi boşluq mövcuddur".
O bildirib ki, müsbət tərəflərdən biri kimi qeyd etmək olar ki, kolleclər bəzi hallarda sosial həssas təbəqədən olan şagirdlərin ali təhsil almaq imkanlarını genişləndirirdi:
"4 illik kollec təhsili onlara daha sərfəli qiymətə təhsil almaq və bəzən bu müddət ərzində ali məktəblərə yenidən hazırlaşmaq fürsəti verirdi. Eləcə də bəzi texniki kolleclər – məsələn, tibb, dəmir yolu, kənd təsərrüfatı sahələrində olanlar – əmək bazarında müəyyən qədər dəyərli hesab olunurdu. Amma ümumi mənzərəyə baxdıqda bu müsbət nümunələr ümumi sistemin zəifliyini kompensasiya etməyə kifayət etmir.
Əsas problemlərdən biri də budur ki, 9-cu sinif şagirdi hələ ixtisas seçimi və peşə yönümü baxımından tam yetkin deyil. Bu yaşda qəbul edilən qərarlar çox zaman ailənin təsiri və ya təsadüfi meyllərlə formalaşır. Elə bu səbəbdəndir ki, kollecə qəbul olunanların böyük hissəsi ya təhsilini tamamlamır, ya da bu mərhələni ali məktəbə keçid üçün bir pillə kimi istifadə edir. Beləliklə, sistem həm tədris baxımından qeyri-effektiv olur, həm də nə peşə bacarığı qazandırır, nə də dərin nəzəri baza yaradır".
Ekspertin sözlərinə görə, dünya təcrübəsi göstərir ki, Almaniyada “duallıq” prinsipi ilə fəaliyyət göstərən kolleclər şagirdləri birbaşa iş mühitinə hazırlayır:
"Bu sistemdə şagird həm kollecdə nəzəri bilik alır, həm də müəssisələrdə praktik təcrübə qazanır. Finlandiyada isə kolleclər peşə yönümlü akademik təhsilin alternativi deyil, bərabərhüquqlu seçimidir. Onlar tam təchizatlı laboratoriyalar, müəssisə əsaslı təlim və təcrübə proqramları ilə iş dünyasına hazır kadrlar yetişdirirlər. Azərbaycanda isə kolleclərin əksəriyyəti bu baxımdan nə tədris mühiti, nə müəllim heyəti, nə də əmək bazarına inteqrasiya imkanları baxımından uyğun deyil.
Əgər kolleclərdə plan yerlərinin azaldılması davam edəcəksə, bu təhsil formasının transformasiyası zəruridir. Məzmun təkmilləşdirilməli, əmək bazarı ilə əməkdaşlıq gücləndirilməli, kollec diplomunun iş dünyasında dəyəri artırılmalıdır. Əks halda, bu təhsil pilləsi artıq sosial və iqtisadi baxımdan daşıdığı yükü doğrultmayacaq".
Onun sözlərinə görə gələcəkdə nə dəyişəcək sualına cavab olaraq demək olar ki, plan yerlərinin azaldılması ilə kolleclərə yönələn tələbə axını azalacaq, amma bu, əgər peşə məktəbləri gücləndirilməsə və ali məktəbə keçid imkanları artırılmasa, gənclərin təhsilsiz qalması riskini artıracaq:
"Nə dəyişməlidir sualına isə cavab sadə, amma mürəkkəb icrası olan bir istiqamətdədir: kolleclər ya funksional peşə təhsili mərkəzlərinə çevrilməli, ya da ali təhsilə keçidi təmin edən səmərəli akademik baza qurulmalıdır. Bunun üçün isə həm infrastruktur, həm kurikulumlar, həm də əmək bazarına çıxış mexanizmləri yenidən qurulmalıdır.
Hazırkı vəziyyət dəyişməsə, kolleclər sadəcə rəsmi statistikanın rəqəmlərini dolduran, amma real həyatda heç bir təsiri olmayan təhsil qurumlarına çevriləcək. Təhsilin gələcəyini isə belə qurumlarla deyil, məzmunlu və məqsədli yanaşmalarla dəyişmək mümkündür".
Əfsanə Kamal
Demokrat.az