EN

Yay mövsümündə turist axını: vətəndaşlar haralara üz TUTUR...

Artıq yay tətili günləri başlayıb. Hər il olduğu kimi bu il də yay mövsümünün gəlişi ilə əlaqədar ənənəvi olaraq vətəndaşlar həm Azərbaycan hüdudlarından kənara- xaricə, həm də bölgələrə axın edirlər. 

Mövzu ilə bağlı turizm məsələləri üzrə ekspert Rəhman Quliyev Modern.az-a bildirib ki, pandemiyadan öncəki dövrə nəzər salsaq, görərdik ki, aşağı büdcəli turistlər daha çox Gürcüstana və Rusiyanın yaxın bölgələrinə - Yessentuki və Kislovodsk kimi yerlərə üstünlük verirdilər. Türkiyə, Avropa, Asiya ölkələrinə isə orta və yüksək büdcəli turistlər səfər edirdi:

“Hazırda quru sərhədlərin bağlı olması Azərbaycanda daxili turizmin inkişafına səbəb olub. Pandemiya öncəsi qonşu ölkələrə quru sərhədlərlə gedən turist kütləsi artıq ölkə bölgələrinə üz tutur. İndi həm işğaldan azad edilmiş ərazilərimizdə, həm də digər bölgələrimizdə yerləşmə infrastrukturu genişlənib və tələbatı qarşılayacaq səviyyəyə çatır”.

Ekspert əlavə edib ki, ölkədən xaricə gedən turistlərin sayında da artım müşahidə olunur:

“Bu isə ölkə iqtisadiyyatının artması və əhalinin sosial durumunun yaxşılaşması ilə əlaqədardır. Lakin bu artım fonunda dünyada baş verən siyasi və iqtisadi hadisələr turizm axınına ciddi təsir göstərir. Məsələn, Yaxın Şərqdəki münaqişələr, avia reyslərin təxirə düşməsi, regionda baş verən ixtişaşlar turizm istiqamətlərini məhdudlaşdırır”.

R.Quliyev həmçinin qeyd edib ki, Avropaya səfərlərlə bağlı viza məsələsi də çətinlik yaradır:

“Görüş vaxtı almaq və sənəd qəbulu prosesində gecikmələr yaşanır. Bu isə Azərbaycan vətəndaşları üçün çətinlik yaradır. Alternativ olaraq, vizasız gedilə bilən ölkələr – Türkiyə, Misir və Monteneqro ön plana çıxır”.

Son olaraq ekspert söyləyib ki, hazırki statistikaya nəzər saldıqda görmək mümkündür ki, ən çox seçilən istiqamət, hər il olduğu kimi bu ildə qardaş Türkiyədir.

Aytac Bəhruzqızı

Chosen
11
1
modern.az

2Sources