EN

Neftin qiyməti 130 dollara çata bilər

"İran Hörmüz boğazını bağlasa, neftin qiyməti 130 dollara çata bilər".

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin nüfuzlu “Hürriyet” qəzeti yazıb.

Mənbə qeyd edir ki, Yaxın Şərqdə gərginliyin daha da artması və xüsusilə İranın Hörmüz boğazını bağlama ehtimalı qlobal enerji bazarına ciddi təsir göstərə bilər. Məqalədə qeyd edilir ki, əgər Tehran bu strateji addımı atarsa, dünya üzrə neft qiymətləri bir barel üçün 130 ABŞ dollarına qədər yüksələ bilər.

Xatırladaq ki, Hörmüz boğazı dünya neft ticarətində ən strateji keçid nöqtələrindən biridir.

Gündəlik təxminən 20 milyon barel neft bu boğazdan dünya bazarlarına daşınır.

Bu, ümumi dəniz yolu ilə daşınan neftin təxminən 30%-i deməkdir.

Körfəz ölkələri – Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ, Qətər, İraq və İran – öz neft və təbii qaz ixracını əsasən bu boğaz vasitəsilə həyata keçirirlər.
 

İran rəhbərliyi dəfələrlə bəyan edib ki, əgər ölkəyə qarşı təzyiqlər (xüsusilə İsrail və ABŞ tərəfindən) davam edərsə, "regionda heç kim təhlükəsiz olmayacaq" və o cümlədən Hörmüz boğazının açıq qalacağı da təmin edilə bilməz.


Hazırda İsraillə davam edən qarşıdurma fonunda İran bu kartdan həm hərbi, həm də iqtisadi təzyiq vasitəsi kimi istifadə edə bilər.

Bu, Qərbə və xüsusilə enerji bazarlarına birbaşa təsir edən addım olardı.

Nəticədə qlobal enerji qiymətləri yüksələr, neftin qiyməti sürətlə artar. 130 dollar proqnozu bəzi analitiklərə görə realdır. Bu, dünyada benzin, dizel və istehlak mallarının qiymətini də artırar.

Bizim.Media

Chosen
14
1
bizim.media

2Sources