Kürdəmirdə şəhər ərazisini və dörd kəndi içməli su ilə təmin edən magistral su borusu partlayıb.
”Report” xəbər verir ki, hadisə iyun ayının 14-də axşam saatlarında qeydə alınıb.
Dərhal hadisə yerinə Kürdəmir su meliorasiya sistemlərinin istismarı idarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Su xəttində baş vermiş hadisənin aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçirilir.
Kürdəmir su meliorasiya sistemlərinin istismarı idarəsini rəis müavini Arzu Şahbazov bildirib ki, 21 min sakini içməli su ilə təmin edən Külüllü-Kürdəmir su xəttinin 560 millimetr diametrlik su xəttində qəza baş verib. Həmin andan qəzanın aradan qaldırılması üçün tədbirlər həyata keçirilib. Yaxın saatlarda su təchizatı bərpa olunacaq.
Qeyd edək ki, Külüllü-Kürdəmir magistral su xəttinin inşasına 2011-ci ildə başlanılıb və 2013-cü ildə tamamlanaraq istifadəyə verilib. Bu magistral su xəttindən Kürdəmir şəhərinin, eləcə də rayonun Xırdapay, Atakişili, Qaraqocalıvə Çöhranlı kəndlərinin əhalisi mütəmadi olaraq istifadə edir.