EN

Almaniyada ilk dəfə Milli Veteranlar Günü qeyd olunub

Almaniyada ilk dəfə olaraq Milli Veteranlar Günü qeyd olunub.

“İki sahil” xəbər verir ki, bu gün münasibətilə ölkədə ümumilikdə 130-dək tədbir təşkil olunub. Həmin tədbirlərdə Almaniya Silahlı Qüvvələrinin (Bundesver) keçmiş və hazırkı üzvlərinin xidmətlərinə ehtiram göstərilib.

Milli Veteranlar Günü münasibətilə əsas tədbir Berlində, Reyxstaqın binası ətrafında təşkil edilib.

Tədbirdə çıxış edən Bundestaqın sədri Yuliya Klökner bu günün qeyd olunmasını ölkə üçün mühüm və çoxdan gözlənilən addım adlandırıb. Onun sözlərinə görə, uzun illərdir çatışmayan ictimai tanınma və ehtiram bu günün təsisi ilə gerçəkləşib. “Bu gün, həmçinin hərbçilərin ailələri, övladları üçün də dəyərlidir, çünki onlar da bu yolda çətinliklərə ortaq olublar”, – deyə Y.Klökner vurğulayıb.

Almaniyanın müdafiə naziri Boris Pistorius isə Hamburqda keçirilən mərasimdə bildirib ki, Bundesverin yeri cəmiyyətin mərkəzində olmalıdır. Onun sözlərinə görə, azadlıq və sabitliyə əsaslanan Avropa həyat tərzi təhlükə altındadır və bu şəraitdə döyüş qabiliyyətli silahlı qüvvələrə ehtiyac var.

Federal Kansler Fridrix Mers isə “X” platformasında paylaşdığı bəyanatda Bundesveri cəmiyyətin ayrılmaz hissəsi adlandıraraq, silahlı qüvvələrdə xidmət edən bütün qadın və kişilərin təşəkkür və hörmətə layiq olduğunu qeyd edib.

Tədbirlər çərçivəsində Reyxstaq binasında tanınmış fotoqraf və musiqiçi Brayan Adamsın “Wounded: The Legacy of War” (Yaralanmış: Müharibənin mirası) adlı fotosərgisi də açılıb.

Qeyd edək ki, Milli Veteranlar Gününün təsis olunması barədə qərar 2024-cü ildə Almaniya Bundestaqı tərəfindən böyük səs çoxluğu ilə qəbul olunub. Bayramın əsas məqsədi orduda xidmət etmiş şəxslərə ictimai görünürlük, tanınma və hörmətin ifadə olunmasıdır.

Chosen
3
1
ikisahil.az

2Sources