EN

“İsrail təyyarələrinin Türkiyədə yerləşdirilməsi” iddialarına təkzib - rəsmi açıqlama

BAKI, 15 iyun. TELEQRAF

Türkiyənin Dezinformasiyalarla Mübarizə Mərkəzi sosial media platformalarında yayılan “İsrailin mülki təyyarə donanmasının bir hissəsinin Türkiyədə yerləşdirildiyi” barədə iddialara aydınlıq gətirib.

Teleqraf xəbər verir ki, açıqlamaya görə, bu iddialar tamamilə əsassızdır və həqiqəti əks etdirmir.

Məlumatda bildirilir ki, hazırda Türkiyə ilə İsrail arasında nə mülki, nə də hərbi aviasiya sahəsində heç bir əməkdaşlıq və fəaliyyət mövcud deyil: “Hava limanlarımızda və texniki xidmət sahələrimizdə İsrailə məxsus heç bir təyyarə yoxdur".

Qeyd olunub ki, İsrailin Fələstin xalqına qarşı həyata keçirdiyi insanlıqdan kənar və vəhşi hücumlara cavab olaraq, Türkiyə bu ölkə ilə bütün uçuşları və aviasiya fəaliyyətlərini tamamilə dayandırıb.

Açıqlamada vurğulanır ki, İsrail rəsmilərinə Türkiyə hava məkanından istifadə etməyə belə icazə verilməyib və bu barədə məlumatlar müxtəlif vaxtlarda media vasitəsilə ictimaiyyətə çatdırılıb.

Sonda vətəndaşlara çağırış edilib:

“Vətəndaşlarımızdan manipulyativ və yalan xəbərlərə inanıb etibar etməmələrini xahiş edirik. Bu cür yalan məlumatları yayan qurum və şəxslər barəsində milli təhlükəsizliyimizə təhdid kontekstində hüquqi məsuliyyətin doğa biləcəyini bildiririk".

Chosen
8
teleqraf.com

1Sources